Səfirimiz Pakistanın federal ticarət naziri ilə görüşüb

Səfirimiz Pakistanın federal ticarət naziri ilə görüşüb

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının federal ticarət naziri Xurram Dastgir Xanla görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə Pakistanın Baş nazirinin ötən ay Azərbaycana həyata keçirilmiş uğurlu səfəri xatırlanıb, Azərbaycanla Pakistan arasında mövcud olan yüksək səviyyəli əlaqələrin yaratdığı imkanlar vurğulanıb, iki ölkə rəhbərlərinin səmimi dostluq münasibətlərinin əlaqələrə xüsusi təkan verdiyi qeyd olunub.

Səfir Əli Əlizadə qarşılıqlı iqtisadi və ticari əlaqələrin inkişafında hər iki ölkənin müvafiq qurumlarının önəmli rolunun olduğunu bildirərək, Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişaf, iş adamları, xarici investorlar üçün yaradılan münbit şərait, nəqliyyat dəhlizləri, sənaye şəhərcikləri, investisiya parkları, istehsal müəssisələri və digər iqtisadi və ticari imkanlarla federal ticarət nazirinin daha yaxından tanışlığının əlaqələrdə yeni imkanların müəyyən edilməsi baxımından yararlı olacağını bildirib.

Pakistanın federal ticarət naziri Xurram Dastgir Xan Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişafın böyük maraqla qarşılandığını, iki ölkə arasındakı ticari və iqtisadi potensialın yüksək olduğunu qeyd edib və Azərbaycanın iqtisadiyyat nazirinin dəvətinə əsasən Azərbaycanla yaxından tanışlıq, Pakistanla Azərbaycan arasında iqtisadi və ticari əlaqələrin daha da artırılması imkanlarının müzakirəsi üçün mümkün olan yaxın zamanda Azərbaycana səfər edəcəyini bildirib.

Görüşdə həmçinin müqavilə-hüquq bazasının artırılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə