“Ölkədə vahid təqvimə tabe olmayanlar cəzalana bilər” AÇIQLAMA

“Ölkədə vahid təqvimə tabe olmayanlar cəzalana bilər” AÇIQLAMA

"İslam dünyasında vahid təqvimin tətbiq olunması ilə bağlı dəfələrlə İslam ölkələrinin alimlərinin toplantıları keçirilib və məsələ geniş müzakirə olunub". Bunu SİA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Ortaq təqvimin mahiyyətini açıqlayan komitə sədri bildirib ki, İslam dininə aid ortaq bayramlar, günlər, namaz vaxtları var ki, onlar bütün İslam ölkələrində eyni vaxtda, eyni gündə olmalıdır: "Elə Avropa ölkəsi var ki, orada Qurban bayramı ilə bağlı 4 dəfə toplantı keçirilir. Hər məzhəbin nümayəndələri toplantını ayrı-ayrı zamanlarda keçirir. Bütün bunlar İslam dini daxilində müəyyən ziddiyyətlər, parçalanma, şüuraltı fərqlər yaradır ki, bunun qarşısının alınması istiqamətində vahid təqvimin yaradılması təklif olunub. Hazırda məsələ ilə bağlı işlər getsə də, həlli ilə bağlı konkret söz söyləmək mümkün deyil. Çünki bunun üçün bütün İslam ölkələri razılığa gəlməlidir. Belə olduqda biz də onları dəstəkləyəcəyik".

Komitə tərəfindən ölkəmizdə vahid təqvimin yaradılması istiqamətində tədbirlərin görüldüyün deyən M. Qurbanlı vurğulayıb ki, artıq bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən xüsusi təqvimlər nəşr olunub: "Həmin təqvimlər artıq bütün məscidlərə paylanıb və onlar namaz və bayram vaxtlarını bu təqvim əsasında həyata keçirməlidirlər. Onun hansısa məsciddə hər hansı bir formada pozulması hüququ baxımından pozuntu sayılmaqla yanaşı QMİ-nin Qazilər Şurasının verdiyi fətvaların pozulması da hesab olunur. Belə hal qeydə alındıqda həmin məscidin rəhbərliyində olan din xadimi inzibati və ya özünün tabe olduğu idarə tərəfindən hər hansı bir cəzaya məruz qala bilər. Bu baxımdan biz vahid təqvimin Azərbaycan ərazisində tam şəkildə qorunmasına çalışırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə