Azərbaycan aliminin əsəri Moskvada nəşr edilib

Azərbaycan aliminin əsəri Moskvada nəşr edilib

Rusiya Federasiyası Mədəniyyət Fondunun "İNSAN" nəşriyyatında millət vəkili, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlının iki hissədən ibarət olan iri həcmli "Azərbaycan Respublikasının xarici siyasəti (1991-2003)" ( I hissə - 704 səh.; II hissə - 720 səh.) adlı əsəri rus dilində nəşr edilib.SİA-nın xəbərinə görə, AAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin qərarı ilə "Azərbaycan Respublikasının diplomatiya tarixi" seriyasından hazırlanan bu əsər 1991-2003-cü illərin xarici siyasət tarixini əhatə edir. Monoqrafiyada Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya və digər ölkələrin arxivlərinin, Praqada ATƏT arxivinin, Vyanada BMT və AEBA kitabxanalarının materialları əsasında Azərbaycan diplomatiyasının keçdiyi yol tədqiq edilib. Mənbələrin əksəriyyəti ən mötəbər olmaqla, elmi dövriyyəyə ilk dəfə gətirilib.

Əsərin I hissəsində dağılma ərəfəsində SSRİ-nin daxili ictimai-siyasi və beynəlxalq vəziyyəti, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan diplomatiyasının fəaliyyəti, Azərbaycanın enerji diplomatiyası, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində Azərbaycan diplomatiyasının səyləri və Azərbaycanın qonşu ölkələr ilə münasibətləri araşdırılıb.

Əsərin II hissəsində Azərbaycan Respublikasının Avropa dövlətləri, ABŞ, Asiya, Afrika ölkələri ilə münasibətləri, beynəlxalq təhlükəsizlik və əməkdaşlıq sistemində tutduğu yer, xarici siyasətində iqtisadiyyat amilinin rolu və s. məsələlər tədqiq edilib.

Diplomatlar, siyasətçilər, beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütə-xəssislər, bu ixtisas üzrə təhsil alan tələbələr və Azərbaycan diplomatiya tarixi ilə maraqlanan şəxslər üçün nəzərdə tutulan bu əsər Azərbaycanın dövlət müstəqiliyinin 25 illiyinə dəyərli töhfədir.

Qeyd edək ki, Bakıda Azərbaycan dilində nəşr edilən bu kitabın da baş redaktoru xarici işlər naziri Elmar Məmmədyarov, redaksiya şurasının üzvləri nazir müavinləri Araz Əzimov, Hafiz Paşayev, Xələf Xələfov, Mahmud Məmmədquliyev, Nadir Hüseynov, Xarici İşlər Nazirliyinin əməkdaşları Cavanşir Məmmədov və mərhum Cavanşir Vəkilovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə