Cənub bölgəsinin səhiyyə ocaqları əhaliyə yüksək xidmət göstərir FOTOLAR

Cənub bölgəsinin səhiyyə ocaqları əhaliyə yüksək xidmət göstərir FOTOLAR

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf həyatımızın hər bir sahəsini əhatə etdiyi kimi, bu inkişaf əhalinin sağlamlığının qorunması kimi vacib sahədən də yan keçməyib. Dövlət başçısı tərəfindən səhiyyəyə diqqət və qayğının artırılması nəticəsində Azərbaycanın səhiyyə sistemi dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevrilib. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxladığından bu gün ölkəmizin hər bir yerində Avropa standartlarına uyğun ən son texnologiyalarla təchiz olunmuş diaqnostika mərkəzləri, xəstəxanalar əhaliyə lazımi xidmət edir. Elə Səhiyyə Nazirliyi tərəfindən regionlarda yerləşən tibbi müəssisələrinə KİV nümayəndələrinin iştirakı ilə növbəti dəfə təşkil olunuan media-turda da bunun bir daha şahidinə çevrildik.Regionlarda fəaliyyət göstərən səhiyyə müəssisələrində gedən yenidənqurma işləri ilə geniş ictimaiyyəti tanış etmək məqsədi ilə keçirilən media-tur çərçivəsində Lənkəran Müalicə Diaqnostika Mərkəzində, Lerik Mərkəzi rayon xəstəxanasında və Astara Mərkəzi rayon Xəstəxanasında olduq. Hər bir xəstəxananın müasir standartlara cavab verən bir şəkildə olması dövlətin gələcəyin təminatı olan insan faktorunun daim diqqətdə olduğunu, onların fiziki cəhətdən sağlam və gümrahlığının diqqətdə saxlanıldığını bir daha təsdiqləyir.

Tədbir çərçivəsində Lənkəran Müalicə Diaqnostika Mərkəzi ilə tanış olduğumuz zaman burada hər növ müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş Mərkəzin dünya standartlarına uyğunlaşdırıldığı diqqətdən yayınmadı. Belə ki, mövcud şərait artıq əhaliyə paytaxtda, başqa ölkələrdə deyil, elə öz yaşadığı məkanda müalicə və müayinə imkanlar yaradıb. KİV nümayəndələrinə məlumat verən mərkəzin baş həkimi Malik Məmmədov bildirdi ki, Lənkəran və ətraf rayonların əhalisinə xidmət edən müəssisə ən müasir tibbi avadanlıqlarla təchiz edilib. Mərkəzdə müalicə və müayinə ilə yanaşı müxtəlif səpkili əməliyyatların da icra olunduğunu bildirən baş həkim burada dializ, stasionar əməliyyat, cərrahiyyə, reanimasiya, şüa-diaqnostika, poliklinika şöbələrinin əhaliyə xidmət etdiyini qeyd etdi.

Tədbir çərçivəsində Lənkəran Müalicə Diaqnostika Mərkəzində Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) ezam olunmuş geniş tərkibli həkim heyəti tərəfindən əhalinin müayinə və müalicəsi aparıldı. Aksiya barədə KİV nümayəndələrinə məlumat verən RMDM-in baş həkimi Rauf Ağayev qeyd etdi ki, RMDM mütəmadi olaraq regionlarda əhaliyə tibbi xidmət məqsədli aksiyalar keçirir. Tədbirlərin məqsədinin regionlarda əhalinin müalicə və müayinə işinə töhfə vermək olduğunu bildirərək, RMDM-in həkimləri tərəfindən müraciət edən əhalinin müayinəsinin aparıldığını, ehtiyacı olan xəstələr üçün cərrahi əməliyyatların keçirildiyini diqqətə çatdırdı. Müayinələrdə RMDM-nin intervensional radiologiya və şüa diaqnostikası, ginekologiya, pediatriya, travmatologiya-ortopediya, oftalmologiya, kardiologiya, neyrocərrahiyyə, qastroenterologiya, kardiocərrahiyyə, LOR şöbələrinin aparıcı mütəxəssisləri iştirak ediblər.

Media-tur zamanı Lerik Mərkəzi rayon Xəstəxanasında olan jurnalistlərə xəstəxananın baş həkimi Mübariz Ağayev məlumat verərək bildirdi ki, xəstəxanada əhaliyə nümunəvi tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb. Qeyd etdi ki, tibb ocağı 81,6 min nəfərlik əhaliyə yüəksək səviyyədə tibbi xidmət göstərir:" 90 çarpayılıq mərkəzi xəstəxana əhaliyə ambulator və stasionar tibbi xidmət göstərir. Burada əhaliyə konsultativ poliklinika, terapiya, cərrahiyyə, doğum, uşaq xəstəlikləri, təcili və təxirəsalınmaz tibbi yardım şöbələri xidmət edir".

Daha sonra KİV nümayəndələri Astara Mərkəzi rayon Xəstəxanasında oldu. Xəstəxanın baş həkimi Əlövsət Əliyev Astara rayonunda əhaliyə tibbi xidmətin ən müasir tələblər səviyyəsində təşkili olduğunu bildirərək, tibb müəssisənin beynəlxalq standartlara cavab verən müasir tibbi avadanlıqlarla və zəruri ixtisaslı kadrlarla təmin olunduğunu vurğuladı. Əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimində Azərbaycan Prezidenti Cənab İlham Əliyevin iştirak etdiyi qeyd edən baş həkim xəstəxananın həkim və tibb işçilərindən ibarət səyyar briqadalarının rayonun ən ucqar dağlıq ərazisində yerləşən kəndlərində yerli əhalinin yüksək səviyyədə tibbi müayinə və müalicəsini apardığını KİV nümayəndələrin diqqətinə çatdırdı:"Səhiyyə Nazirliyinin rəhbərliyi ilə Mərkəzi Xəstəxanada ilk dəfə olaraq böyrəkköçürmə əməliyyatı aparılmış və uğurla nəticələnmişdir. Respublikanın tanınmış və yüksək ixtisaslı tibb mütəxəssislərinin rayona dəvət edilərək yerli əhalinin tibbi müayinə və müalicəsində iştirakı gözəl ənənəyə çevrilmişdir".

Media-tur çərçivəsində KİV nümayəndələri, cənub bölgəsinin diqqəti cəlb edən mənzərəli, füsünkar yerləri ilə də yaxından tanış oldular.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə