Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə Bakıda II Azərbaycan Elm Festivalı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, Festivalda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov və digər qurumların nümayəndələri iştirak edib.
Festivaldan öncə qonaqlar Fəxri Xiyabanda olub, Ulu Öndərin məzarını ziyarət ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə II Azərbaycan Festivalının ölkəmiz və elmimiz üçün mühüm əhəmiyyətindən danışıb. O bildirib ki, elmin populyarlaşmasında bu festivalın rolu danılmazdır.
2014-ci ildə keçirilən I Elm Festivalında 15 mindən artıq insanın iştirak etdiyini xatırladan AMEA prezidenti budəfəki festivalda iştirak edəcək insanların sayının 50 minə çatacağının gözləndiyini vurğulayıb. Akademik Akif Əlziadə qeyd edib ki, festival öz işini noyabrın 1-də Naxçıvanda, noyabrın 2-də Sumqayıtda, noyabrın 4-də Şəkidə, noyabrın 5-də Gəncədə davam etdirəcək. Akademiyanın bütün elmi müəssisə və təşkilatlarının festivalda yüksək səviyyədə iştirak etdiyini söyləyən AMEA rəhbəri Azərbaycanda elmin inkişafı və qarşıda duran vəzifələrdən danışıb, festivala hazırlıq prosesini yüksək qiymətləndirib, iştirakçılara uğurlar arzulayıb.
Daha sonra tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Festivalın davamında təhsil naziri Mikayıl Cabbarov çıxış edərək müstəqillik illərindən bu günə qədər ölkəmizdə təəhsil sisteminin inkişafından söz açıb. O bildirib ki, 1990-ci illərdə Azərbaycanda 25 ali təhsil müəssisəsi var idisə, hazırda 100 ali təhsil müəssisəsi var.
Tədbirdə həmçinin BDU-nun rektoru Abel Məhərrəmov, Bakı Ali neft Məktəbinin rektoru Elmar Qasımov festival haqqında öz fikirlərini bildiriblər. Natiqlər sözügedən festivalın Azərbaycan elminin inkişafı və əldə olunan nailiyyətlərinin təbliğinə böyük töhvə olduğunu qeyd ediblər.
Çıxışlardan sonra bədii hissə başlayıb. AMEA-nın marşı səslənib, Qafqaz Universitetinin tələbələrinin iştirakı ilə müxtəlif elmi şoular nümayiş etdirilib, həmçinin ABŞ-ın "Acidic Band" qrupu çıxış edib.
Daha sonra AMEA rəhbərliyi, digər rəsmi şəxslər və fəxri qonaqlar Alimlər Evində sərgi ilə tanış olublar.
Qeyd edək ki, gün ərzində bir sıra muzay, texnopark və digər məkanlara elmi ekskursiyalar təşkil olunacaq.
Festival öz işinə regionlarda davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB