Valideynlərin məsuliyyətsizliyi nədən qaynaqlanır? REPORTAJ

Valideynlərin məsuliyyətsizliyi nədən qaynaqlanır? REPORTAJ

Son zamanlar azyaşlı uşaqların müxtəlif qəzalar nəticəsində dünyasını dəyişməsi və ya ciddi xəsarət alması halları çoxalıb. Hadisələrin çoxu isə məhz valideyn məsuliyyətsizliyi nəticəsində baş verir. Valideynlər tərəfindən azyaşlılara qarşı bu etinasızlığın nədən qaynaqlandığını öyrənmək məqsədilə mütəxəssislərlə əlaqə saxladıq.

AMEA-nın Fəlsəfə və Hüquq İnstitunun əməkdaşı, sosioloq, professor Əhməd Qəşəmoğlu valideyn məsuliyyətsizliynin artmasının kökündə ailələrdəki gərginliklərin dayandığını bildirdi: "Təəsüf ki, indi Azərbaycan ailələrində olan gərginliklər tarix boyu müşahidə edilməyib. Bu gərginliyin yaranması bütün dünyada sürətlə gedən qloballaşma prosesləri, cəmiyyətdə maddi dəyərlərin mənəvi dəyərlərindən önə keçməsi ilə bağlıdır. İndiki mühit, sosial şəbəkələr, bir çox dəyərlərin sürətlə dəyişməsi ailələrdə etinasızlıq hallarını çoxaldıb. Valideynin diqqəti öz uşaqlarına yox, başqa yerə yönəlir. Uşaqlar valideynlər tərəfindən əvvəlki kimi qayğı və diqqətlə əhatə olunmayıblar. Uşaqlara etinasız yanaşanda isə hər zaman qəzalar baş verə bilər. Ailədə gərginlik az, sevgi mühiti, ahəngdarlıq, bir-binə qayğı çox olanda uşaqlara daha çox diqqət yetirilir. Çalışmalıyıq ki, ailədə, cəmiyyətdə mənəvi dəyərlər güclənsin. Bunu etməsək, inzibati yollarla arzuolunan nəticəni almaq olmayacaq".

Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova isə qeyd etdi ki, son zamanlar çoxalan valideyn məsuliyyətsizliyinin başlıca səbəbi dəbdəbəli həyata marağın artması və sosial şəbəkələrə meylin güclənməsidir: "Valideynlər düşünürlər ki, övlada ancaq rahat yaşayış və geyim vermək lazımdır. Əslində övladı sevgi və qayğı ilə böyütmək vacib faktordur. Belə olmayanda yaşından asılı olmayaraq uşaqlar bu etinasızlığı görürlər və qeyri-adekvat yanaşırlar. Məsələn, uşaq sualla bezdirməsin deyə ana ünsiyyətdən qaçdığı üçün azyaşlı saatlarla vaxtını sosial şəbəkələrdə keçirir, yaşına uyğun olmayan linklərə daxil olur, aqresiya yaradan filmlər izləyir. Bu isə onlarda gərginlik yaradır və istədikləri hərəkəti etməyə cəsarət verir. Belə halların nəticəsidir ki, tez-tez hündürmərtəbəli binların eyvan və ya pəncərəsindən azyaşlılar yıxılığını eşidirik. Yol gedərkən valideynin başı sosial şəbəkəyə elə qarışır ki, uşağın yolu keçməsinə nəzarət edə bilmir.

Bir çox evli insanlar özləri hələ də uşaq kimidirlər. Uşağa necə yanaşmaq lazım olduğunu bilmirlər. Nəticənin acınacaqlı olmaması üçün, valideynlər valideynlik məsuliyyətini dərk edib, ona görə davranmalıdırlar".

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə