Şirkətin təchizat direktoru: "Təyinatımla bağlı rəsmi sənəd olduğunu xatırlamıram"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Miryusif Mahmudov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. SİA-nın məlumatına görə, Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri dinlənilib.
Zərərçəkmiş şəxs qismində ilk olaraq çıxış edən Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36, mənzil 1 ünvanın sahibi Cəfərov Ağasəlim Oktay oğlu deyib ki, o zalda olan təqsirləndirilən şəxslərdən heç kimi tanımır, çünki hadisə baş verən zaman mənzilini Qeyrət adlı şəxsə kirayəyə veribmiş. Yanğın hadisəsi zamanı mənzildə ona məxsus əşyaların məhv olması nəticəsində xeyli maddi ziyan dəyib.
Şahid qismində dindirilmiş Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin 9971 nömrəli hərbi hissəsində xüsusi riskli xilasetmə taborunun mexanikləşdirilmiş qəza-xilasetmə bölüyünün komandiri vəzifəsində işləyən Əbilov Elçin Akif oğlu diqqətə çatdırıb ki, 19 may 2015-ci il tarixdə saat 11 radələrində verilmiş müvafiq göstəriş əsasında yanğın hadisəsinin baş verdiyi Azadlıq prospektində yerləşən hündürmərtəbəli binanın qarşısına gedərək yanan binaya daxil olub, xüsusi alət və avadanlıqların köməyi ilə mənzillərin bağlı qapılarının kəsilməsində iştirak edib, mənzillərə daxil olsalar da onlar tərəfindən hər hansı əşya və ya pul götürülməyib.
Vəkillərin suallarına cavab verən E.Əbilov bildirib ki, mütəmadi olaraq idarələrində yanğına qarşı təlimlər keçirilib.
Şahid qismində dindirilmiş Fövqəladə Hallar Nazirliyinin digər əməkdaşı Anar Hacıyev isə deyib ki, o həyəcan siqanlı çalınan kimi hadisə yerinə gəlib: "Biz hadisə yerinə çatan kimi binaya daxil olduq və ora çox tüstü olduğundan maskalar geyinmişdik. Bağlı qapıları açaraq insanları xilas etməyə başladıq".
Daha sonra digər şahid FHN-nın əməkdaşı Asif Əhmədov çıxış edərək bildirib ki, hadisə yerinə gələn kimi insanların təhlükəsizliyinin təmin edilməsi üçün ərazidə çəpərləmə işləri həyata keçiriblər: "Mən 1 ayın işçisi olduğum üçün sadəcə 3-4-cü mərtəbəyə kimi qalxa bildim. Çünki çox həyəcanlı idim. Biz hadisə yerinə çatan kimi orada tüstü və alov var idi".
Şahid qismində dindirilmiş, digər şəxs FHN Tikintində təhlükəsizliyə nəzarət dövlət agentliyinin S.Ə.Dadaşov adına İnşaat materialları institutunun direktor müavini Xanlarov Azər Tələt oğlu ifadəsində diqqətə çatdırıb ki, "Qlobal Stone" MMC tərəfindən instituta təqdim edilmiş poliuretan məmulatlarının da açıq alovla odadavamlılığı yoxlanılmayıb, həmçinin ola bilsin ki, həmin MMC tərəfindən labaratoriyaya təqdim olunan
meteriallarla 19 may 2015-ci il tarixdə yanğın baş vermiş Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən yaşayış binasının fasadına vurulmuş materialların tərkibi fərqli olub.
Şahid Qürbətov Ovçu Alı oğlu isə ifadəsində deyib ki, sınağın keçirilməsinə dair qərar yalnız "Global Stone" MMC-dən nümunələr götürülməsi üçün tərtib edilib, lakin "Dərnəgül Boru Zavodu" QSC-nə təqdim edilməyib, yalnız laboratoriya müdiri olmuş Məmmədov Ağacavad Hacı oğluna göstərilib, özü istəmədiyi üçün nüsxəsi ona verilməyib.
Şahid qismində dindirilmiş Vəliyev İlqar Əli oğlu isə çıxışında bildirib ki, 2007-ci ildə təsisçi Miryusif Mahmudov tərəfindən "Qlobal Konstrakşn" məhdud məsuliyyətli cəmiyyətinin direktoru təyin edilib: "Direktoru olduğu həmin MMC Miryusif Mahmudovun təsisçisi olduğu digər, yəni "Global Stone" MMC-nin istehsal etdiyi poliuretan məhsulları ilə yaşayış və digər binaların fasadının üzlənməsi və digər tikinti işləri ilə məşğul olub".
Sonra şahid Kərimov Şahin Müslüm oğlu məhkəmə zalından ifadə verərək qeyd edib ki, 2012-ci ilin əvvəllərində dayısı oğlu olan Miryusif Mahmudovun təklifi ilə onun tərəfindən təsis edilmiş "Qlobal Konstrakşn" MMC-nin baş direktorun təchizat üzrə müavini vəzifəsinə təyin olunub, lakin həmin vəzifəyə təyinatla bağlı hansı rəsmi sənədlərin tərtib olunduğunu hazırda xatırlamır.
Şahid qismində dindirilmiş Binəqədi rayon mənzil kommunal təsərrüfatı birliyinin baş mühəndisi Əliyev Vəli Əli oğlu isə ifadəsində göstərib ki, 2012-ci ildən "Qlobal Konstrakşn" şirkəti tərəfindən üzlük 28 binaya, o cümlədən Azadlıq prospektində 15 binaya vurulub, işlərin görülməsinə və qəbul edilməsinə dair hər hansı sənəd tərtib edilməyib, belə bir sənəd olduğu barədə məlumatı olmayıb.
Sonda digər şahidlər Namiq Qarayevin, Vüsal Tağıyevin, Qalib Şərifovun ifadələri dinlənilib və məhkəmənin növbəti tarixi oktyabrın 31-i saat 10-30-a təyin edilib.
Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.
Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB