Elçin Quliyev Beyləqan və Füzuli rayonlarının sakinlərini qəbul edib

Elçin Quliyev Beyləqan və Füzuli rayonlarının sakinlərini qəbul edib

Vətəndaşlarla regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərinin yerinə yetirilməsini dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Horadiz Sərhəd Dəstəsində Beyləqan və Füzuli rayonlarının sakinlərini qəbul edib.

DSX-dan SİA-ya verilən məlumata görə, qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qəbulu, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi zamanı ortaya çıxan problemlər, sərhədçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müavinətlərin verilməsi, tibbi yardımın göstərilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciət, şikayət və təkliflərinin əksər hissəsi araşdırılaraq yerindəcə həll olunub. Digər müraciətlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün DSX-nin müvafiq bölmələrinə konkret tapşırıqlar verilib. Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülüb.

Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə qəbulunun təşkilindən razılıqlarını diqqətə çatdıraraq yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə