Hansı qadınlar zorakılığa məruz qalır? MÜTƏXƏSSİS RƏYİ

Hansı qadınlar zorakılığa məruz qalır? MÜTƏXƏSSİS RƏYİ

BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan sorğunun nəticələrinə görə, Azərbaycanda 15 yaşından sonra qadınların 24 faizi müxtəlif formada zorakılığa məruz qalır. Xüsusilə, məcburi köçkün və qaçqınlar arasında zorakılıq halları daha yüksəkdir və bu göstərici 26 faiz həcmindədir. Ümumiyyətlə, zorakılıq nədən yaranır və daha çox hansı qadınlar zorakılığa məruz qalır?

Bu barədə SİA-ya açıqlama verən psixoloq Təhminə Çələbi bildirib ki, ölkəmizdə qadınlarla bağlı zorakılıq halları ilə əlaqədar müəyyən irəliləyişlər olsa da, ümumilikdə ölkə qadınlarımız digər ölkələrlə müqayisədə rahat və azad deyillər.

"Qadınlar dünyaya gəldikdə onsuzda hüquqlarının az olduqlarını hiss edirlər"

Onun sözlərinə görə, Azərbaycanda mövcud olan mentalitet məsələləri bəzən psixoloji və hüququ cəhətdən qadınların xeyrinə olmur: "Ölkəmizdə qadınlar dünyaya gəldikdə onsuzda hüquqlarının az olduqlarını hiss edirlər. Hətta şifahi xalq ədəbiyyatımıza fikir versək, qadınlarımızın hələ qədim dövrlərdən hüquqlarının aşağı olduğunu görə bilərik. Belə ki, Dədə Qorqud dastanında kiminsə qızı dünyaya gəldiyi üçün qırmızı və qara çadır məsələsinə görə, orada yaşanan böyük narazılıq buna misal ola bilər".

"Qadın zorakılığı hüquqlarımızı bilmədiyimizdən əmələ gələ bilir"

T. Çələbi söyləyib ki, qadın zorakılığı hüquqlarımızı bilmədiyimizdən də əmələ gələ bilir: "Əgər bir qadın öz hüququnu bilmirsə, təbii ki bunu tələb də edə bilmir. Qadın ona göstərilən zorakılıq münasibətlərini normal qəbul etdikdə bu hal illərlə davam edə bilir. Əlbəttə biz qadınlarımızın Avropa ölkələrində olduğu kimi olmasını istəmirik. Bizdə qadınlara böyük hörmət göstərilir. Amma hər hansı qadına fiziki təzyiq varsa, o zaman insan öz hüquqlarını tələb etməklə yanaşı, şikayət də etməli, özünü qorumağı bacarmalıdır".

"Zorakılığa məruz qalan qadınlarımızın əksəriyyəti regionlarda yaşayır"

Psixoloq qeyd edib ki, zorakılığa məruz qalan qadınlarımızın əksəriyyəti regionlarda yaşayanlar və öz ailəsində bu cür hallarla rastlaşanlardır: "Çünki, ailəsində bu cür hallarla rastlaşan qızlarımız artıq bunu normal qəbul edir və öz həyatlarında bunu yaşadıqda ona etiraz etmir. Əgər bir ailədə ana ilə ata arasında zorakılıq halı varsa və bunu 3-4 yaşında uşaq görürsə, təbii ki o gələcəkdə bunu normal kimi qəbul edir. Lakin fiziki təzyiq olmayan ailələrdə böyüyən uşaqlar belə halları qəbul etmir, problemin həllinə çalışırlar. Təbii ki, bu hal oğlan övladlarına da aiddir. Zorakılıq görən oğlanlar da düşünürlər ki, yəqin qadınlarla bu cür davranmaq olar".

"Qızlarımızın zorakılıqla rastlaşmamasında valideynlərin rolu böyükdür"

Hazırda bu cür halların qarşısının alınması istiqamətində ölkəmizdə lazımi profilaktik tədbirlər görüldüyünü deyən psixoloq söyləyib ki, bu mövzü ilə bağlı tez-tez müxtəlif təlimlər keçirilir və qadınlar maarifləndirilir: "Qadın yalnız ailə qurub uşaq dünyaya gətirməməlidir. Təbii o bunlarla yanaşı, çox faydalı işlər də görə bilər. Bu, ailə, mühit və genetikadan asılı olan amillərdir. Öz üzərində çalışan insan öz həyatına nəyi tətbiq etməyi də bacarır. Bəzən ailələrimizdə qız və oğlan uşaqlarının tərbiyələnməsində də ayrı-seçkiləyə yol verilir. Düzdür, onların tərbiyəsində müəyyən fərqlər olmalıdır. Amma bu qadağalar şəklində olmalıdır anlamına gəlməməlidir. Düzgün tərbiyə edilən uşaqların şəxsiyyət kimi formalaşması daha uğurlu olur. Qızlarımızın zorakılıqla rastlaşmamasında valideynlərin rolu böyükdür. Onlar övladlarına qız olmaq hər şeydən təcrid olunmaq demək deyil psixologiyasını aşılamalıdırlar".

"Problemləri zorakılıqla həll etməyə çalışan insan təhlükəlidir"

"Ümumiyyətlə, hər bir insan müəyyən problemləri fiziki təzyiq və ya zorakılıqla həll etməyə çalışırsa, bu xasiyyət yox, psixoloji problemdir. Belə insanlar cəmiyyət üçün təhlükəli olduqları üçün mütləq şəkildə müalicə almalıdırlar. Kişi düşünməməlidir ki, onun qarşısında qadındırsa, onu cəzalandıra bilər. Bu səbəbdən qarşınızda belə xarakterli insan varsa, demək onun ciddi psixoloji problemləri var və bunu adi baxmaq olmaz"- deyə, T. Çələbi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə