Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Avrasiya Patent Təşkilatının (AAPT) təşkilatçılığı ilə 2 günlük regional seminar öz işinə başlayıb.
SİA-nın məlumatına görə, seminarda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Niyazi Rəhimov ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsində əqli mülkiyyətin rolu və bu sahədə mövcud olan aparıcı təşkilatlarla əməkdaşlıq əlaqələrini xüsusi vurğulayıb. Onun sözlərinə görə cari iqtisadi proseslər Azərbaycanda qeyri-neft sahəsinin, sənaye və ticarətin daha da inkişaf etdirilməsi zərurətini artırmaqdadır: "Bu müstəvidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar məhz iqtisadiyyatda innovativliyin təşviqi, ədalətli rəqabət və azad ticarət şəraitinin təmin olunmasına yönəlib. Hüquqi dövlət quruculuğu nəticəsində ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması və effektiv idarə olunması üçün müasir hüquqi-normativ baza yaradılıb, texnologiyalar üzərində müstəsna hüquq sahibləri və sənaye arasında münasibətlərin tənzimlənməsi, bununla da innovasiyaların sənayedə daha da geniş tətbiq edilməsi üçün bütün lazımi hüquqi şərait yaradılıb. Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət iqtisadi effektivliyə malik, müasir texnologiyalara və insan kapitalına əsaslanan iqtisadiyyatın daha da sürətlə bərqərar olmasına xidmət edir. Təşkil olunan bu seminarın da əsas məqsədi məhz əqli mülkiyyət obyektəri üzərində hüquqların düzgün müəyyən olunması və qorunması mexanizmlərindən məlumatlılığın artırılmasıdır"
ÜƏMT-nin İnkişaf etməkdə olan və inkişaf etmiş ölkələr departamentinin nümayəndəsi İlya Qribkov Azərbaycanla əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın ÜƏMT ilə əməkdaşlığı çərçivəsində bir sıra mühüm layihələrin həyata keçirildiyini və ölkəmizin bu layihələrin hər zaman uğurlu icraçısı kimi yadda qaldığını bildirib.
Avrasiya Patent Təşkilatının (AAPT) prezidenti xanım Saule Tlevlesova Azərbaycanda olmağından məmnunluğunu bildirib. Xanım Tlevlesova əqli mülkiyyət sahəsində Azərbaycanın uğurlarını, əqli mülkiyyət sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə həyata keçiriləcək işlər və gələcəkdə əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyindən əminliyini qeyd edib.
Seminarda "Üzv ölkələrdə əqli mülkiyyət sisteminin inkişafı sahəsində ÜƏMT-nin fəaliyyəti", "Patentlərin qorunması və istifadəsində müasir istiqamətlər", "Beynəlxalq patent sisteminin ən yeni nailiyyətləri", "Patent sahəsində Azərbaycan qanunvericiliyi, norma yaradıcılığı fəaliyyəti", "Patentlərin səmərəliliyi", "Əczaçılıq sahəsində patent qabiliyyətinin qiymətləndirilməsi" və s. mövzularda məruzələr dinlənilib.
Qeyd edək ki, tədbirdə adı çəkilən qurumların nümayəndələri ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının, Müəllif Hüquqları Agentliyinin, Rusiya Federasiyasının, Özbəkistan, Ukrayna, Gürcüstan, Qazaxstan, Qırğızıstan, Türkmənistanın patent idarələrinin rəsmi nümayəndələri də iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB