Binəqədidə yanan binada istifadə olunan materillar ekspertizadan necə keçirlib?
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Miryusif Mahmudov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. SİA-nın məlumatına görə, Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin və zərərçəkmişlərin ifadələri dinlənilib.
Hakim ilk olaraq təqsirləndirilən şəxs "Global Stone" MMC-nin baş direktoru olmuş Əsgərov Ələkbər İldırım oğluna ifadə verməsi üçün söz verib. O deyib ki, Miryusif Mahmudovun təklifi ilə 2011-ci ildən bu vəzifədə işləməyə razılaşıb və şirkət üçün "Müəssisənin bütün ehtiyatlarının planlanması" sistemini qurub: "Mənim bundan başqa heç bir fəaliyyətim olmayıb. İl yarımdır ki, cəmiyyətdən təcrid olunmuşam. Uzun illədir ki, başa-başqa ölkələrdə fəaliyyət göstərmişəm. Sonradan qərar verdik ki, niyə öz biliklərimizi, bacarığımızı öz ölkəmizdə paylaşmayaq".
Daha sonra Ə.Əsgərov suallara cavab verib.
Dövlət ittihamçısı Fərid Nağıyev material yanıb-yanmadığının necə ekspertizadan keçirildiyini soruşub: "Çünki Azərbaycanda poliuretanın ekspertizası üzrə laboratoriya yoxdur".
Ə.Əsgərov bunu sifarişçinin özünün tələbi ilə edildiyini deyib: "Bu işlər mənim səlahiyyətimə daxil deyildi. Sifarişçi özü harda istəsə, yoxlatdırardı. Biz sadəcə texniki şərtə uyğun olaraq material hazırlayırdıq".
Zərərçəkmiş Feyzulla Bağırov isə sual verərək xaricdən maye halında alınan məhsulun burada qablaşdırılarkən əlavə hansısa məhsulun qatılıb-qatılmadığını soruşub. Ə.Əsgərov isə bunun mümkün olmadığını deyib.
Digər təqsirləndirilən Uğur Bəşirov isə bildirib ki, 2013-cü ilin iyun ayında "Global Stone" MMC-də direktor kimi işə başlayıb: "Mən bina üzlənəndən sonra vəzifəyə təyin olunmuşam".
Sonra məhkəmə prosesində fasilə elan olunub.
Günü ikinci yarısında söz ifadə verməsi üçün təqsirləndirlən şəxs Bəşirov Uğur Firuz oğluna verilib. O qeyd edib ki, 2001-ci ildə Gəncə şəhərində yerləşən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib: "Akademiyanı bitirəndən sonra bibisi oğlu M.Mahmudovun rəhbərlik etdiyi Gəncə şəhərində yerləşən "Metal plastik" ASC-nin təchizat şöbəsinin mütəxəssisi, 2005-ci ildə Aqromexanika Elmi Tədqiqat İnstitutunun kiçik elmi işçi kimi fəaliyyət göstərmişəm və 2011-ci ildə texniki elmləri namizədi elmi ad almışam. 2013-cü ilin iyun ayında "Qlobal Konstrakşn" MMC-də işə başlamışam. Mənim Binəqədidə gedən işlərlə heç bir bağlılığım yoxdur".
Xatırladaq U.Bəşirov ibtdai istintaqa ifadəsində bildirib ki, 2011-2012-ci illərdə Gəncə şəhərində yеrləşən Аqrаr Univеrsitеtində аssistеnt-müəllim işləmiş, mаddi vəziyyəti аğır оlduğundаn bibisi оğlu Miryusif Mаhmudоvа mürаciət еdib "Global Stone" MMC-də оnu işə qəbul еtməsini хаhiş еtmişdir. Miryusif Mаhmudоv dа 2013-cü ilin iyun аyındа öz əmri ilə оnu həmin cəmiyyətin bаş dirеktоru vəzifəsinə təyin еtmişdir. Şirkət "Poliuretan" məhsulunun istehsalı ilə məşğul olur və fabrik Aşağı Güzdək kəndində yerləşir. Həmin ərаzidə Miryusif Mаhmudоvа məхsus "M Linе" MMC аdlаndırаn mеbеl istеhsаlı оlаn fаbrik yеrləşir. rəhbərlik еtdiyi şirkət mеbеl fаbrikinin ərаzisində istеhsаlаt sаhəsini icаrəyə götürüb. "Poliuretan" məhsulunun tərkibi izosiyanat və poliol adlı iki maddədən, kompanentdən ibarətdir. Yəni həmin maddələr maye halında xammal şəklində Türkiyənin "Rоvаqо Tеkpоl" аdlı şirkətindən alınaraq Azərbaycan Rеspubikаsınа gətirilir, daha sonra xüsusi dəzgaha tökülərək kimyəvi reaksiya baş verir və maye halında olan maddələr bərk maddə olan "Poliuretan" maddəsinə çevrilir.
O deyib ki, pоliurеtаn məhsullаrının üzlənilməsi sahəsində işləmədiyi üçün bu barədə geniş izаh verə bilməz, аmma оnа məlumdur ki, düz səthli divarlarda məhsul bir başa kley vasitəsi ilə divara da yapışdırıla bilir. Əslində həmin məhsul çətin yаnаn məhsuldur.
Təqsirləndirilən şəxs Novruzov Qəzənfər Məhərrəm oğlu isə ifadəsində diqqətə çatdırıb ki, 2012-ci ildə səhhəti ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsindən öz xahişi ilə azad olunub: "Mən iki ildir ki, Almaniyada müalicə olunurdum. Həmin vaxt isə Binəqədidə heç bir hadisə baş verməmişdi".
Digər şəxs Əlibəyov Akif Muradəli oğlu isə ifadəsində bildirib ki, baş verən hadisələrlə bağlı heç bir cinayət əlaqəsi olmayıb.
Sonda çıxış edən Rəcəbov Ədalət Şəmsəddin oğlu isə işlərə aidiyyatının olmadığını və hətta layihə smeta tələblərinin onun tərəfindən hazırlanmadığını diqqətə çatdırıb.
İfadələr dinlənildikdən sonra məhkəmə prosesinin növbəti tarixi oktyabrın 25-i saat 10:30-a təyin edilib.
Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami
Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.
Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB