Misirin Azərbaycandakı səfiri Bilik Fondunda oldu FOTO

Misirin Azərbaycandakı səfiri Bilik Fondunda oldu FOTO

Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri xanım Suzanne Mohamed Gamil Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.

Qurumdan SİA-ya verilən məlumata görə, Fondun rəhbərliyi və əməkdaşlarla birgə keçirilən görüşdə səfirliyin Misir Mədəniyyət və Təhsil əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi də iştirak edib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov 1992-ci ildən başlayan Azərbaycan-Misir diplomatik əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb. İcraçı direktor deyib ki, ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərin dinamikası təhsil, elm, mədəniyyət sahəsində də qarşılıqlı əməkdaşlığın uğuruna zəmin yaradır.

Görüşdə səfirə Bilik Fondunun Mərkəzlə birgə təşkil etdiyi ərəb dili kursları, Misir mədəniyyətini nümayiş etdirən sərgilər barədə məlumat verilib və Bilik Fondu tərəfindən səfirlik əməkdaşları üçün Azərbaycan dili üzrə təlimlərin təşkili məsələləri müzakirə olunub.

Səmimi görüşə görə təşəkkürünü bildirən xanım Suzanne Mohamed Gamil sözügedən layihələrdən məmnun qaldığını və Bilik Fondu ilə əməkdaşlığa hazır olduqlarını deyib. Maarifləndirmə istiqamətində həyata keçiriləcək gələcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Sonda səfir Bilik Fondunun xatirə kitabına öz ürək sözlərini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə