Bakıda piyada keçidləri artırılır İşlər başlayıb - AÇIQLAMA

Bakıda piyada keçidləri artırılır İşlər başlayıb - AÇIQLAMA

"Yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə birbaşa Baş Dövlət Yol Polisi məşğuldur. Yəni, hansısa yolda nişanın quraşdırılması, piyada zolağının çəkilməsi və s. məsələlərə onlar nəzarət edirlər. Bu işlərin bizə aid olmamasına baxmayaraq, özümüz də sözügedən məsələlərə aidiyyatı qurumlarla birlikdə nəzarət edirik. Təkliflər hazırlanır Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim olunur". Bunu SİA-ya açıqlamasında "Azəravtoyol" ACS-nin mətbuat xitmətinin rəhbəri Anar Nəcəfli deyib.

O qeyd edib ki, Bakı şəhərində zərurət yarandığına görə mütəxəssislərlə birlikdə baxış keçiriləndən sonra ötən il 45 yerüstü piyada keçidinin yüngül konstrukisyadan ibarət tikintisi ilə bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına müraciət olunub: "Artıq bu ildən başlayaraq həmin piyada keçidlərinin tikintisinə start verilib. İlkin olaraq 15 yerdə həmin piyada keçidlərinin inşasına başlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Bakı-Sumqayıt yolunda Xırdalan dairəsindən sonra Xırdalan qəbirsanlığı adlandırılan ərazidə, Sulutəpə qəsəbəsi ərazisində, Sabunçu körpüsündən sonrakı ərazidə işlər başlanılıb. Ceyranbatan qəsəbəsində iki, Qala-Pirallahı yolunda bir yerüstü piyada keçidinin inşası nəzərdə tutulub. Piyada keçidləri hissə-hissə inşa olunacaq".

O, yollar inşa olunan zaman bəzi yerlərdə yaşayış olmadığı və ya çox az olduğuna görə, sözügedən ərazilərdə həmin vaxt piyada keçidlərinin tikintisinə ehtiyac olmadığını əlavə edib: "Piyada keçidi tikilməmişdən öncə həmin ərazidə hərəkətin intensivliyi nəzərə alınır. Oradan neçə insanın və neçə avtomobilin keçdiyi nəzərə alınaraq qərar qəbul edilir. Hansısa ərazidəki avtomobil yolundan gün ərzində 1-2 insan keçirsə, təbii ki, orada yerüstü piyada keçidi inşa olunmur. Qanuna əsasən müəyyən yaxınlıqda piyada keçidi varsa, məsələn 500 m aralıda keçid olanda piyadalar oradan istifadə etməlidirlər. Həmin ərazidə yeni piyada keçidinin inşası aparılmır.

Bakı şəhərində hər gün yaşayış massivləri, evlər tikilir. Artıq elə yerlər var ki, orada mütləq şəkildə piyada keçidinin inşasına zərurət yaranıb".

Bütün xəbərlər Facebook səhifəmizdə