Avtomobillərin icbari sığortasında yenilik FOTOLAR

2016-cı ilin noyabr ayının 1-dən Azərbaycanda avtomobillər üçün yeni icbari sığorta müqavilələri kağız şəhadətnamələrdə deyil, elektron sənəd formasında bağlanacaq. Bu tarixdən etibarən avtomobillərin icbari sığortasının satışı elektron qaydada həyata keçiriləcək. Noyabrın 1-dək informasiya sistemi vasitəsi ilə bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixədək sığorta təminatına daxildir. SİA-nın məlumatına görə, bu haqda İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev keçirdiyi mətbuat konfransında məlumat verib.

O bildirib ki, "Elektron İmza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən elektron sığorta müqaviləsi sığortaçının elektron imzası ilə təsdiq edilən və texniki və proqram vasitələrinin köməyi ilə yaradılan, saxlanılan, emal edilən, örtülən, qəbul edilən sığorta müqaviləsidir.

E.Quliyev elektron sığorta müqaviləsinin bağlanması qaydaları haqqında danışıb: "Vətəndaşlar elektron sığorta müqaviləsini avtomobillərinin qeydiyyat şəhadətnaməsini və şəxsiyyət vəsiqəsində olan məlumatları seçdiyi sığorta şirkətinə və ya sığorta vasitəçisinə təqdim etməklə və ya sığortaçı öz internet səhifəsində onlayn satışı təşkil edərsə, birbaşa elektron sığorta müqaviləsini əldə edə biləcəklər. Daha sonra bağlanılacaq sığorta müqaviləsi üzrə sığortalıya sığorta haqqının ödənilməsi üçün sığortalının müqavilədə göstərdiyi mobil telefon nömrəsinə 9707 qısa nömrəsindən, ödəniş kodu qeyd olunmuş SMS daxil olur. Sığortalı elektron poçt ünvanını təqdim etdiyi halda SMS ilə bərabər ödəniş kodu məlumatı sığortalının elektron poçt ünvanına da göndərilir. Sms məlumat və elektron məktubda avtomobilin dövlət qeydiyyat nişanı və ödəniş kodu, həmçinin sığortaçının adı qeyd olunur. Sığorta haqqı ödənildikdən sonra sığortalı ödənişlə bağlı təsdiqləyici SMS alacaq və sığorta müqaviləsi dərhal qüvvəyə minəcək. Sığorta haqqı ödənilmədiyi təqdirdə sığorta müqaviləsi qüvvəyə minməyəcək".

İcraçı direktorun sözlərinə görə, elektron sığorta müqaviləsi üzrə sığorta haqqı bank, internet, poçt və ya bank ödəmə terminallarından ödənilə bilər: "Sığorta haqqı ödənildikdən sonra sığortalının sığorta müqaviləsində göstərdiyi mobil telefon nömrəsinə təsdiqləyici məlumat göndərilir. Elektron sığorta müqaviləsi üzrə sığorta haqqını nağd qaydada sığorta vasitəçisinə ödəmək mümkündür, lakin bu halda sığorta vasitəçisinin ödənişi həyata keçirməsinə əmin olmalısınız. Belə ki bir daha xatırladırıq ki, sığorta müqaviləsi yalnız sığorta haqqı ödənildikdən sonra qüvvəyə minəcək. Sığorta haqqının ödənilməsi Bank, poçt, bank ödəmə terminalı vasitəsi ilə Hökümət Ödəniş Portalı üzərindən aparılır və ödəniş kodu ilə yanaşı, sığortalının şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN parametrləri ilə də həyata keçirilə bilər".

O vurğulayıb ki, elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanununa əsasən elektron sənəd daxili və xarici təqdimat formalarına malikdir: "Elektron sənədin verilənlər daşıyıcısında yazılmış şəkli onun daxili təqdimat formasıdir və elektron sənədin əsli yalnız daxili təqdimat formasında ola bilər. Elektron sənədin verilənlər daşıyıcısından fərqli digər maddi obyektdə (displeydə, kağızda və s.) əyani qavranılan (vizual) şəkildə əks etdirilməsi onun xarici təqdimat formasıdır. Sığortalının istəyi ilə sığortaçı elektron sığorta müqaviləsini xarici təqdimat formasında yəni kağız daşıyıcıda sığortalıya təqdim edə bilər".

Elxan Quliyev sığorta müqaviləsinin elektron qaydada bağlanılmasının üstünlükləri haqqında da məlumat verib: "Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasına keçid ilə əlaqədar Büronun elektron informasiya sistemində müvafiq texniki proqram tədbirləri həyata keçirilib və 1 noyabr 2016-cı il tarixindən informasiya sistemi yenilənəcək. İcbari Sığortalar haqqında Qanunun 8.1-1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi yalnız informasiya sistemi vasitəsilə bağlandığı və bu sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Məlum olduğu kimi, bəzi hallarda sığorta vasitəçiləri tərəfindən vətəndaşlara təqdim edilən şəhadətnamə blankları sistemə vaxtında daxil edilmir və ya ümumiyyətlə sistemə daxil edilmədən sığortalıya təqdim edilir. Nəticədə sığorta hadisəsi baş verdiyi halda sığortalı və sığortaçı arasında narazılıq yaranır. Yeni sistemə keçiddən sonra sığortalının mobil nömrəsinə müqavilənin etibarlılığı ilə bağlı Büronun 9707 qısa nömrəsindən sığorta haqqının ödənilməsi və sığorta müqaviləsinin qüvvəyə minməsi haqqında təsdiqləyici SMS daxil olacaq. İcbari Sığortalar haqqında Qanunun 9.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsi sığorta haqqının ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ödənilməsindən 3 iş günü müddətində verilir. Bildiyiniz kimi, hazırda bəzi hallarda sığorta bazarında avtomobilin icbari sığorta müqavilələri sığortalılara xəbər edilmədən bağlanılır və daha sonra sığorta haqqının ödənilməsi üçün sığortalılara zəng edilir və onları narahat edirlər. Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasına keçiddən sonra sığorta haqqının ödənilməsi barədə sistemə məlumat avtomatik olaraq ötürüləcək. Sığorta müqaviləsi yalnız sığorta haqqı ödənildikdən sonra qüvvəyə minəcək və nəticədə sığortalı sığorta haqqını seçdiyi sığortaçının hesabına köçürəcək. 1 noyabr 2016-cı il tarixindən sonra isə sığortalı sığorta haqqını ödəmədiyi halda sığorta müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmayacaq. Hazırda bəzi hallarda sığorta vasitəçiləri tərəfindən sığortalıların məlumatları, yanlışlıqla və ya bilərəkdən sistemə səhv daxil edilir və sığorta haqqının hesablanması zamanı Bonus Malus prinsipləri nəzərə alınmır, həmçinin sığorta haqqının süni şəkildə azaldılması halları ilə də rastlaşırdıq. Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasına keçid ilə bu problem aradan qaldırılacaq. Belə ki, Büronun informasiya sisteminin hüquqi və fiziki şəxslər haqqında olan məlumat bazası ilə inteqrasiyası nəzərdə tutulub. Sığorta müqaviləsinin bağlanılması üçün hüquqi şəxslərin VÖEN-i, fiziki şəxslərin isə şəxsiyyət vəsiqəsindəki seriya və fin nömrəsi sistemə düzgün daxil edilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə