Evlər bahalaşacaq? EKSPERT RƏYİ

Evlər bahalaşacaq? EKSPERT RƏYİ

"Tikinti bazarında qiymətlərin artmasının səbəbləri var. Bu səbəblərə əvvəlki dövrlərdə anbarlardakı məhsullara olan tələbat, məhsulların yeni məzənnələrlə ölkəyə gətirilməsi, eləcə də iyun-avqust aylarında biznesmenlərin, tikintidə fəaliyyət göstərən subyektlərin daha bahalı qiymətə xarici valyuta alması daxildir". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.

Tikinti sektorunda fəaliyyət göstərən subyektlərin dövriyyələrinin kifayət qədər kiçildiyini deyən iqtisadçı-ekspert söyləyib ki, bu baxımdan onlar xərclərinin müəyyən qədər kompensasiya etmək üçün tikinti bazarındakı məhsulların qiymətini artırmaqla problemi həll etməyə cəhd göstərirlər.

Tikinti bazarındakı məhsulların bahalaşmasının mənzillərin qiymətinə təsirinə gəlincə, R. Həsənov söyləyib ki, tikinti bazarında olan zəiflik hazırda mənzil bazarındakı qiymətləri neytrallaşdırır: "Tikinti sektorunda 1 kvadratmetr üçün maya dəyərinin 35-40 faizi tikinti məhsullarına sərf olunur. Maya dəyərinin 60 faizi isə əmək qüvvəsi, sənədləşmə və digər xərclərə yönəldilir. Belə olan halda, tikinti materiallarının bahalaşması tikinti xərclərinin maya dəyərinin müəyyən qədər artmasına səbəb olacaq. Amma nəzərə almalıyıq ki, hazırkı dövrdə alıcılıq səviyyəsi kifayət qədər aşağıdır. Dövlət Statistika Komitəsinin də məlumatında açıqlanır ki, ölkəmizdə tikinti sektorunda 2016-cı ildə 32 faiz kiçilmə müşahidə olunub. Çünki, həm dövlət, həm də özəl sektorunda tikinti sahəsinin zəiflədiyi görünməkdədir. Bu baxımdan istehlakın kəskin azalması və bu istiqamətdə fəaliyyət göstərən subyektlərin əlində kifayət qədər ehtiyat mənzillərin olması daşınmaz əmlak bazarındakı qiymətlərin artımını neytrallaşdırır. Lakin bir müddətdən sonra mənzil bazarında istehlakçıların artması qiymətlərə öz təsirini göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə