Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, sənəddə deyilir: "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Valeh Feyruz oğlu Ələsgərov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".
Valeh Feyruz oğlu Ələsgərov 1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib. Əməkdar mühəndisdir. "Şöhrət" ordeni ilə təltif edilib. Çoxsaylı elmi əsərlərin və ixtiraların müəllifidir. Rus və ingilis dillərini bilir.
1970-ci ildən "Permneft" birliyi "Kunqurneft" NQÇİ-də böyük mühəndis, növbə rəisi, sex rəisi, baş mühəndis, 1982-ci ildən "Permneft" Elmi Tədqiqat və Layihə İnstitutunda bölmə müdiri işləmişdir. 1985-ci ildən "Muradxanlı" NQÇİ-də baş mühəndis, idarə rəisinin müavini, 1987-ci ildən "Azərneft" Birliyində baş mühəndis, baş direktorun müavini, 1992-ci ildən "Azərneft" Dövlət Konserninin vitse-prezidenti, ARDNŞ-nin birinci vitse-prezidenti, şirkətin prezidentinin müşaviri olmuşdur. 1995-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsində çalışmışdır. Bitərəfdir.
2005-ci il noyabrın 6-da 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədridir. Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəridir.
Evlidir, 4 övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB