II Azərbaycan Elm Festivalına hazırlıq işləri ilə bağlı iclas keçirilib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində II Azərbaycan Elm Festivalına hazırlıq işləri ilə bağlı iclas keçirilib.
AMEA-dan SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA-nın Alimlər evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva elmin populyarlaşdırılmasında festivalın mühüm rolundan danışıb. N.Quliyeva 31 oktyabr - 5 noyabr 2016-cı il tarixlərində keçiriləcək festivalın hazırlıq işlərinin Bakı ilə yanaşı, regionlarda da yüksək səviyyədə davam etdiyini vurğulayıb. I Elm Festivalında 15 mindən artıq insanın iştirak etdiyini xatırladan Alimlər evinin direktoru bu il festivalda təxminən 50 mindən çox insanın iştirakının gözlənildiyini diqqətə çatdırıb.
Nuridə Quliyeva bildirib ki, festival çərçivəsində ölkə alimlərinin ən son nailiyyətləri nümayiş olunacaq, müxtəlif konfranslar, konsertlər, regional elmi mərkəzlərə ekskursiyalar təşkil ediləcək. Həmçinin gənc alimlərin elmin bütün sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, elmi laboratoriyalara ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən cəlbedici şoular, akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur.
N.Quliyeva qeyd edib ki, Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində keçiriləcək festival AMEA-nın təşəbbüsü, UNESCO, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB