Ölkəmizdə narkomaniyanın vəziyyəti MÜTƏXƏSSİS RƏYİ

Ölkəmizdə narkomaniyanın vəziyyəti MÜTƏXƏSSİS RƏYİ

Bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağrılı problemlərdən biri "ağ ölüm" adlandırılan narkomaniyadır. Artıq narkomaniya bəşəriyyətin ən qorxulu bəlasına çevrilib. Bütün dünyanı ağuşuna alan bu bəla hər il çoxlu sayda insan ölümünə səbəb olur. Lakin burada ən qorxulu məqam onun son zamanlar gənclər arasında daha çox vüsət almasıdır. Gənclər, əsasən də yeniyetmələr arasında yayılan bu bəladan əziyyət çəkənlərin sayı isə günü-gündən artır.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, narkotik və onun istifadəsinə sövq edilməsi, satılması, istifadəsi cinayət, qanun pozuntusudur.

Azərbaycanda narkotik xəstələrin ümumi sayı 28 min 555 nəfərə çatıb

Onun sözlərinə görə, narkotika 3 ən çox qeyri-qanuni pul qazanılan biznes növlərindən biridir. Narkotikin birbaşa əhalinin, cəmiyyətin xüsusilə də gənclərin, uşaqların fiziki, psixoloji inkişafına, eləcə də sağlamlığına təsir göstərən amil olduğunu deyən E.Səfərov söyləyib ki, Azərbaycanda narkotik istifadəçilərinin sayının əks etdirən rəqəmlər digər ölkələrlə müqayisədə dəfələrlə aşağıdır: "2015-ci il ərzində 2017 nəfər narkotik istifadəçisi qeydə alınmaqla, xəstələrin ümumi sayı 28 min 555 nəfərə çatıb. Bu 2016-cı ilin yanvarın 1-nə olan statistikadır. Mütəmadi istifadəçilər arasında 18 yaşına çatan 7 nəfəri uşaq, 592 nəfəri isə qadınlardır. Eyni zamanda biz düçar olan və ilbəil artan narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı statistikaya baxsaq, 2014-cü ildə 73 nəfər qadın, 4 uşaq qeydiyyata alınıb. 2015-ci ildə qadınların sayı 51, uşaqların sayı isə 7 nəfər olub. 2016-cı ilin 6 aylıq statistikasına baxdıqda 13 qadının və 1 uşağın qeydiyyata alındığını görərik. Bu rəqəmlər Rusiya, İran, Ermənistan, Türkiyə ilə müqayisədə qat-qat aşağıdır".

"Ölkəmizdə narkotiklə mübarizə ilə bağlı məsələlər diqqət mərkəzindədir"

Ölkəmizdə narkotiklə mübarizə ilə bağlı məsələlərin xüsusi diqqətdə olduğunu söyləyən şöbə müdiri qeyd edib ki, sonuncu Milli Fəaliyyət Planında narkotiklərdən istifadəyə, eləcə də uşaq və qadınların müdafiəsinə həsr olunan müddəalar öz əksini tapıb. Burada nəinki maarifləndirmə, eyni zamanda həmin şəxslərin gələcəkdə cəmiyyətə reinteqrasiyası da yer alıb. Uşaqlar narkotikə düçar olursa, onlara həm psixoloji, həm hüquqi dəstəyin göstərilməsi, həm sağlamlığına asılılıq təsirinin azalmasına dair işlər aparılır, təhsilinin davam etdirilməsi istiqamətində xüsusi şərtlər yaradılır. Bütün bunlar xüsusi reabilitasiya proqramında öz əksini tapmalıdır. Komitə bu cür halların qarşısını almaq üçün müxtəlif layihələr həyata keçirməkdədir. Bunlardan "Mən həyata hə deyirəm", "Güc birliyimizdədir" kimi layihələrimiz var ki, onların hər biri birbaşa narkotiklə mübarizəyə təsir göstərir. Biz uşaqlarla bu sahəyə dair təlimlər keçirdikdə onları müdafiə etməyə çalışırıq. Çünki bir çoxları bu cür təlimlərdə iştirak etməkdən çəkinirlər. Ona görə də uşaqları bu sahə ilə bağlı maarifləndirməyə ehtiyac var. Bilirsiniz ki, Nazirlər Kabinetinin yanında xüsusi işçi qrupu var komitəmiz həmin qrupla birgə fəaliyyətini mütəmadi olaraq davam etdirir. Son illər narkotiklə mübarizə ilə bağlı xüsusi proqramlar da həyata keçirilməkdədir".

"Hər bir yeniyetmənin pis vərdişə malik olmasının başlıca səbəbi ailədir"

Məsələnin psixoloji tərəflərini açıqlayan Ümumrusiya Peşəkar Psixoterapevtlər Liqasının üzvü, psixoloq Elnarə Eminova söyləyib ki, hər bir yeniyetmənin pis vərdişə malik olmasının başlıca səbəbi ailədə olan münasibət, onlara olan diqqətsizlikdir: "Burada əsas məqam ailənin sağlam olmasıdır. Ata–ana arasında münasibət normal olmadıqda, onlar arasındakı problem uşaqlara yansıdıqda bu, uşaqların psixologiyasına təsir etmiş olur. Evdə söz-söhbət olduqda uşaqlarda narkomanlıq kompleksi yaranır. Belə olan halda, uşaqlar öz valideynlərinə nəyisə sübut etmək üçün pis vərdişlərə yiyələnirlər ki, bunun da ən pisi narkomaniyadır. Valideyn mütləq şəkildə uşağının kimlərlə dostluq etdiyini, hansı mühitdə olduğunu, məktəbdə müəllimlərlə münasibətlərini diqqətdə saxlamalıdır. Çünki kütlə psixologiyası adlanan amil var ki, uşaqlar təsiri altına düşərək onlardan yararlana bilirlər. Belə olduqda həmin uşaqların ailədə davranışları dəyişir, nevroz olur, ata-anaya cavab qaytarır, məktəblidirsə, oradakı müəllimlərinə və yoldaşlarına qarşı daha ziddiyyətlər yaşayır ki, bu da onun birbaşa təhsilinə mənfi təsir göstərməyə başlayır. Əgər uşaq bu cür mühitə meyllidirsə, o zaman valideynlər daha çox diqqətli olmalıdırlar. Çünki bu cür uşaqların oturuşu, duruşu, davranışı daha fərqli olmaqla yanaşı, onların əlləri əsir, ayaqlarını silkələyir, ata-ana ilə təmasa girməkdən qaçır, gözlərini onlardan yayındırmağa çalışırlar. Bu cür halları müşahidə olan valideynlər onların məktəbə gediş-gəliş saatına, qidasına fikir verməlidirlər".

"Uşaqlar ilk növbədə düzgün tərbiyə olunmalıdır"

Psixoloq qeyd edib ki, bəzən valideynlər uşaqlarının anormal davranışları ilə bağlı bir söz dedikdə onu qəbul etmək istəmirlər: "Çünki bütün valideynlər öz uşağının ən ağılı və uğurlu hesab edir. Uşaqlar valideyn nəzarətindən kənarda qaldıqda siqaret çəkə və ya narkotik istifadəçisinə çevrilə bilər. Bunun baş verməməsi üçün uşaqlar ilk növbədə düzgün tərbiyə olunmalı, normal mühitdə böyüməlidirlər. Bunun kökündə uşaqla maraqlanmaq, diqqət və qayğı durur. Bütün valideynlər övladlarına dəbdəbəli həyat qurmağa çalışırlar, Amma bu o qədərdə önəmli deyil. Uşaqlar üçün vacib olan ilk növbədə sevgidir. Sevgi ilə böyüyən uşaqların həm həyat tərzi, həm də psixologiyası güclü olur".

"Vəziyyətdən çıxmaq pasientin öz əlindədir "

Bu cür insanların psixoloqlara müraciət etməsinə gəldikdə E. Eminova deyib ki, psixoloq həmin şəxslərə yalnız olduqları vəziyyəti qəbul etdirir: "Psixoloq onlara səhv yolda olduğunu izah edərək, bu yoldan çəkindirməyin üsullarını başa salır. Lakin vəziyyətdən çıxmaq pasientin öz əlindədir. Bu cür problemlərin qarşısını maarifləndirici tədbirlərlə almaq olar. Bununla bağlı reklam çarxları, sosial reklamlar var ki, onları uşaqlara məktəb yaşlarından göstərmək olar.Uşaqlara vizual olaraq başa salınmalıdır ki, bu cür addımların sonu nə ilə nəticələnə bilər. Lakin burada onu da unutmayaq ki, uşağa nəyisə qadağa etdikdə əksinə ona daha çox marağı artır. Bütün hallarda, valideynlər övladlarının təlim-tərbiyəsində diqqətli olmalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə