“TNH” MMC-nin rəhbəri kim olub?

Təqsirləndirilən şəxslər Xətaidəki binanın yanmasında adı keçən şirkətin rəhbərliyini gizlətməyə çalışır
“TNH” MMC-nin rəhbəri kim olub?

Bu gün Bakı Ağır Cinayətlərə Məhkəməsində ötən il Xətai rayonu, Zığ yolu küçəsi 16 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı hakim Eldar İsmayılovun sədrliyi ilə məhkəmə iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, məhkəmə iclasında zərərçəkmiş və şahidlərin çıxışları dinlənilib.

Zərərçəkmiş Hüseynova Xuraman çıxışında bildirib ki, hadisə zamanı evdə olmayıb: "Mən həmin binada kirayədə yaşayırdım. Evə qayıtdım, mətbəxdə idim. Övladım dedi ki, ev qaranlıqdır, işıqlar sönüb. Mən də ondan işığı yandırmasını istədim. Az sonra bildik ki, bina yanır. Övladlarımı da götürüb evdən çıxdım. Qızım zəhərlənmişdi. Evdə mənə məxsus olan hər bir əşya yanaraq kül oldu. Paltaryuyan, televizor, komputer, yataq dəstləri, hamısı məhv oldu. İstintaq zamanı müəyyənləşdirilmişdi ki, mənə 7810 manat ziyan dəyib".

Daha sonra məhkəmədə çıxış edən şahid Musayev Akif qeyd edib ki, iş axtarmaq məqsədilə Xırdalanda üzlük məhsulları istehsal edən zavoduna gedib orada tanışları ona iş tapmaqda kömək edəcəklərini bildiriblər. Bir müddət sonra zəng edib Zığ yolundakı binaların üzlənməsi üçün işə dəvət ediblər. Burada sahə rəisi kimi aylıq da 1500 manat maaş alıb. 1 nəfər köməkçisi, 25-75 nəfər arası fəhlələri olub.

Hakim E.İsmayılovun "işlədiyin şirkətin- "TNH" MMC-nin rəhbərinin kimliyini bilirdinmi?" sualına "xeyr" cavabı verib.

Bundan sonra şahid A.Musayevin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədəki çıxışı arasında müqayisə aparılıb və hakim onun ilkin ifadəsini oxuyub. Eyni zamanda dövlət ittihamçısının da bir neçə suallına ziddiyyətli cavab verən şahidin növbəti məhkəmə proseslərində iştirakı vacib sayılıb.

Xatırladaq ki, Musayev Akif ibtidai istintaqa ifаdəsində göstərmişdir ki, 2014-cü ilin iyun ayında TNH MMC-də layihə rəhbəri Rəşad adlı şəxs vasitəsilə TNH MMMC-də sahə rəisi kimi qeyri-rəsmi qaydada işə götürülüb. O, Bakı şəhəri, Zığ yolunda 823-cü keçiddə yerləşən bir neçə hündürmərtəbəli binanın həmin müəssisənin Xırdalan şəhərində yerləşən zavodunda istehsal edilən poliuretan materiallarla üzlənməsi işinə rəhbərlik edib. 2015-ci ilin aprel ayında Zığ yolu küçəsindəki 16 nömrəli binada yanğın baş verəndən sonra üzləmə işləri dayandırılmışdır. O, TNH MMC-nin rəsmi direktorunun Zaur adlı şəxs olduğunu, lakin faktiki olaraq həmin müəssisəyə Fərid Sadıqovun rəhbərlik etdiyini, Nüsrət adlı şəxsin isə baş iş icraçısı kimi bütün sahələrə nəzarət etdiyini göstərmişdir.

Daha sonra şahid Abbasova Könül çıxış edərək "TNH" MMC-də mühasib vəzifəsində işlədiyini diqqətə çatdırıb: "Şirkətdə 1 nəfər işçi var idi, o da mən idim".

Növbəti məhkəmə prosesi oktyabrın 25-də saat 10:30-da keçiriləcək.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda "TNH" şirkəti tərəfindən fasadında "poliuretan" materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə "TNH" şirkətinin fəaliyyətinə, istehsal etdiyi "poliuretan" məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb. Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən - qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə "TNH" şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə