LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ TƏDBİR KEÇİRİLİB
Sosial mediada peşəkarlıq

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin həyata keçirdiyi "Onlayn media resurslarında şəxsi həyat sirrinin qorunması mövzusunda tədbirlərin təşkili" layihəsi çərçivəsində növbəti tədbir baş tutub. SİA-nın xəbərinə görə, Mingəçevir şəhərində keçirilən tədbirdə ilk öncə layihənin məqsəd və əhəmiyyətindən söhbət açılıb. Qeyd olunub ki, hazırkı dövrdə müasir texnologiyanın sürətli inkişafı dünya reallıqlarını dəyişib. Hətta bir çox dövlət başçıları, məmurlar belə öz mesajlarını sosial şəbəkələr vasitəsilə qarşı tərəfə çatdırırlar. Sosial şəbəkələr və ya sosial media peşəkar jurnalistika üçün müəyyən mənbə rolunu oynaya bilər. Lakin kimsə hər hansı məlumatı paylaşırsa, bu, hələ dürüst məlumat deyil. Ona görə məlumatı götürəndən sonra dəqiqləşdirməli, bu barədə müxtəlif mənbələrdən öyrənilərək müqayisələr aparılmalı, daha sonra mətbuatda yayımlanmalıdır.

Çıxışlarda o da diqqətə çatdırılıb ki, sosial şəbəkələrdə daha çox sərbəstlik var. Bu kimi nüanslara görə sosial şəbəkələr özünə auditoriya toplamağı bacarır. İnsanlarda belə təsəvvür yaranır ki, sosial şəbəkələrdə tənqid varsa, qəzetdən və ya saytdan fərqli və faydalıdır. Bu baxımdan sosial şəbəkələrin jurnalistikanı üstələdiyini dana bilmərik. Məhz bu məsələlərə görə də, jurnalistika yeni medianın içərisində əriyir. Buna rəğmən sosial media ilə jurnalistika arasında bərabərlik işarəsi qoymaq doğru deyil. Sosial media heç bir halda jurnalistika deyil. Ona görə ki, jurnalistika bir sistemdir, onun qaydaları var, qanunla tənzimlənir.

Sonda iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə