Sürücü mədəniyyəti olmayanlara xatırlatma REPORTAJ

Sürücü mədəniyyəti olmayanlara xatırlatma REPORTAJ

Avtomobil idarə edərkən yol hərəkət və təhlükəsizlik qaydalarına ciddi əməl etmək vacib şərtdir. Yağışlı havalarda isə yollar sürüşkən və sulu olduğu üçün avtomobilin idarəsi zamanı hava şəraitinə uyğun qaydalardan istifadə etmək lazımdır. Bütün bunlarla yanaşı, sürücü mədəniyyəti də ən önəmli şərtlərdəndir. Bəzi sürücülər qayda pozuntusu olmaması üçün keçidlərdə piyadalara yol versələr də, yolun kənarı ilə gedən piyadaları düşünmürlər. Yağışlı havalarda dar küçələrdə sürətlə hərəkət edərək, səki ilə gedən piyadanın və ya digər avtomobilin üzərini tamamilə palçıq və su edirlər. Belə sürücülər bilməlidirlər ki, sözügedən hal qəsdən törədildikdə qanunvericilikdə inzibati xəta olaraq qiymətləndirilir.

Yol hərəkatı üzrə ekspert Ərşad Hüseynov SİA-ya açıqlamasında bildirib ki, sürücü avtomobili qəsdən gölməçə və ya palçığa salaraq ərtafdakıların üzərində su sıçratmasına görə qanunvericilikdə məsuliyyətə cəlb olunur: "Yol Hərəkəti Haqqında Qanunun 37-ci maddəsi bunu qadağan edir. İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsində də bu hərəkəti qəsdən etməyə görə 40 manat cərimə nəzərdə tutulur".

Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı yağışlı havalarda qəza təhlükələrinin və ətrafdakıların üzərinə su sıçradılmasının qarşısını almaq üçün sürücülərin sürət həddini düzgün seçməsinin vacibliyini qeyd edib. Bildirib ki, yağışlı və qarlı havalarda dirəklərə bərkidilmiş yol nişanlarında göstərilən sürət həddi ilə getmək vacib deyil: "Sürücü hava şəraitinə uyğun sürət seçilməlidir. Yağışlı havalarda sürətin düzgün seçilməsi həm qarşıda qəfil yaranacaq maneələri uğurla keçmək üçün, həm də əyləci sıxan zaman sürüşmənin və digər təhlükəli halların qarşısını almaq üçün önəmlidir. Düzgün sürət seçimi ətrafdakı avtomobillər və piyadaların üzərinə su və ya palçıq sıçratmamaq üçün də vacibdir. Avtomobillə ərtafdakılara qəsdən su sıçratmağa görə, qanunvercilikdə cərimə nəzərdə tutulur".

Bütün xəbərlər Facebook səhifəmizdə