Kamal İnat: "İraqda Türkiyənin olmadığı hər ssenari çökər" MÜSAHİBƏ

Kamal İnat: "İraqda Türkiyənin olmadığı hər ssenari çökər" MÜSAHİBƏ

"Türkiyə İraq və Suriya torpaqlarında öz maraqlarına zidd addımların atılmasına icazə verməyəcək. Bu təhdidlər həm terror təşkilatlarının orada yaranan nüfuz boşluqlarını doldurması şəklində, həm də Türkiyəyə böyük sayda qaçqın axını şəklində özünü göstərə bilər. Ankaranın bu təhdidlərin ortaya çıxmasını gözləməyə vaxtı və həvəsi yoxdur. Türkiyənin İraqın gələcəyinin necə şəkillənəcəyi mövzusunda söz söyləmə haqqı vardır". Bunu Türkiyə mətbuatına müsahibəsində beynəlxalq siyasi araşdırmaçı, Sakarya Universitetinin professoru Kamal İnat deyib. SİA həmin müsahibəni təqdim edir.

- Kamal bəy, dünya dünən səhər koalisiya güclərinin Mosula başladığı hərbi əməliyyatla oyandı. Türkiyə hansı səbəbə Mosul əməliyyatına qatılmaq istəyir?

- Bunun təməlində iki səbəb var. Əvvəlcə qeyd edək ki, sərhədimizdə Türkiyəyə qarşı ciddi təhdid meydana gətirən iki terror təşkilatı var və bunlar Suriya və İraqdakı qarşıdurmaların səbəb olduğu nüfuz boşluğundan faydalanırlar. PKK və İŞİD-dən bəhs edirəm. PKK 30 ildən çox bir müddətdir ki, İraq və Suriyadakı bazalarından Türkiyəyə qarşı hücumlar təşkil edir. İŞİD isə iki-üç ildir ki, Türkiyənin təhlükəsizliyinə qarşı fəaliyyətini genişləndirir. İraq və Suriya hökumətləri isə hər iki terror təşkilatının Türkiyəyə qarşı təhdidlərini öz torpaqlarında əngəlləyə bilmədikləri üçün Türkiyə qanuni müdafiə haqqından istifadə edərək transsərhəd əməliyyatlarına başlayır. PKK 30 ildən çoxdur ki, İraq torpaqlarından Türkiyəyə qarşı bu cür fitnəkarlıqlar edir. Ankaranın Mosul əməliyyatında iştirak etmək istəyini də bu çərçivədə dəyərləndirmək lazımdır. Bu şəkildə Türkiyə həm Mosulu uzun müddətdir əlində tutan terror təşkilatı İŞİD-ə qarşı mübarizəyə dəstək vermək istəyir, həm də PKK-nın İŞİD-dən azad ediləcək ərazilərdə yerləşməsini önləməyi düşünür.

- 1926-cı il Ankara müqaviləsi Türkiyəyə Mosul üzərində bəzi hüquqlar verir. Mosulun demoqrafik quruluşu üzərində edilən bir əməliyyat Türkiyə üçün nə cür nəticələr doğurur?

- Türkiyənin Mosul əməliyyatına qatılmaq istəməsinin ikinci səbəbi İraqdakı daxili tarazlıqların və bu səbəbdən ölkənin ərazi bütövlüyünün qorunması ilə əlaqədardır. Bildiyiniz kimi, 2003-ci ildə ABŞ İraqı işğal etməzdən əvvəl bu ölkənin iqtidarında sünni ərəblər hakim idi. Amerika işğalından sonra kürdlərin və şiə ərəblərin da iqtidarda təmsil olunması ilə həssas bir tarazlıq qurulacağına güman yaradırdı. Vaşinqton rəhbərliyinin qənaətinə görə, İraqdakı üçlü quruluş ABŞ əsgərləri buradan getdikdən sonra da bu ölkəni nəzarətdə saxlamağa imkan yaradacaqdı. Bir dövr kürdləri önə çıxarıb şiələrə və sünni ərəblərə istiqamət verməyə çalışdığına, bəzən şiələri önə çıxarıb kürdlər və sünni ərəbləri xəttə çəkməyə çalışdığına şahid olduq. Amerikanın sünni ərəbləri iqtidarın həmişə xaricində tutmaqla zaman-zaman onların digər qrupları narahat etmələrindən məmnun olduğunu bilirik. Çünki bu narahatlıq Vaşinqtonun bu qruplar üzərindəki təsirini artırır.

- Uzun illərdir ki, İraqın bölünmə ssenariləri barədə danışılır. Mosul üzərindəki oyunlar bu bölünməyi sürətləndirərmi?

- Maliki hökumətinin ikinci dövründə şiələrin iqtidardan daha çox pay alıb kürdlərin və xüsusilə də sünni ərəblərin təzyiq altına alınması İraqdakı məzhəblərarası çatları daha da dərinləşdirib ölkənin bölünməsi riskini artırdı. Amerikalı bəzi səlahiyyətlilər də İraqın bölünməsindən bəhs etməyə başladılar. İŞİD sünni şəhərlərini "qurtarmaqla" İraqın bölünmə ehtimalını daha çox artırıb. Çünki Suriyada olduğu kimi, İraqda da hər kəs "qurtardığına" sahib olmaq istəyir. Mosulda da eyni oyunun oynanılması həm İraq, həm də bütün bölgə üçün daha böyük qarşıdurmaların olacağından xəbər verir. Ona görə də Türkiyə bu əməliyyatda iştirak edib Mosulda demoqrafik vəziyyətin dəyişdirilməsinə mane olmaq istəyir.

- Koalisiya gücləri nə səbəbə Türkiyəni əməliyyatın xaricində tutmağa çalışır?

- Koalisiya gücləri Türkiyənin son dövrdə yürütdüyü uğurlu xarici siyasətdən çox narahat olduqları üçün İraq və Suriyanın şimalında PKK-ya dəstək olmaqla Ankaraya təzyiq göstərmək istəyirlər. Buna görə də Türkiyənin PYD-nin Fərat çayının qərbində apardığı əməliyyatları əngəlləmək üçün başlatdığı "Fırat Qalxanı" əməliyyatına başlamasından necə narahat olmuşdularsa, Türk ordusunun Mosuldakı mövcudluğundan da eyni şəkildə narahat olurlar. Qərb dairələrinin Şimali İraqda Bərzani hökumətinin Ankara ilə münasibətlərinin normal olmasından da eyni şəkildə narahat olduqları görünür. Xüsusilə ABŞ və Almaniyanın PKK / PYD güclərini dəstəkləmək istəyinin olduğu bir məqamda həm Bərzani ilə əlaqələri genişləndirmək, həm də İraqın şimalındakı sünni ərəblərin təsirini məhdudlaşdırmaq planın əsas hissəsidir.

- PKK bu əməliyyatların harasındadır?

- PKK-nı önə çıxarmaqla həmin güclər kürd əhalinin yaşadığı Türkiyə, İran, İraq və Suriyada təsirli bir təzyiq vasitəsinə sahib olmaq istəyirlər. Həm də kürdlərin öz aralarındakı mübarizədən istifadə edib Bərzaninin Qərbin istəmədiyi siyasət yürütməsinin qarşısını almaq istəyirlər. Türkiyənin PKK-ya qarşı əməliyyatlarla bu təşkilatı hərbi baxımdan çətin vəziyyətə salması Vaşinqton və Berlinin PKK-ya verdikləri dəstəyin artırılmasını zəruri edir. Onlar belə rahat bir vasitəni itirmək istəmirlər. Onlar düşünürlər ki, Türkiyə İraqın şimalında mövqeyini möhkəmləndirəndən sonra PKK / PYD-nin Suriya və İraqdakı varlığı sual altına düşəcək. Ona görə də Ankaranın Mosul əməliyyatına qoşulmasını istəmirlər.

- Abadidən sonra PYD lideri Saleh Müslim də Türkiyə əleyhinə bir açıqlama verdi. Bunları necə şərh etmək olar?

- İraqın baş naziri Abadi indiyədək ölkəsinin şimalındakı PKK-nın mövcudluğunu problem etmədiyi üçün bu təşkilatın Suriya qolu olan PYD-nin Abadiyə dəstək gəlməsi normaldır. Bu, Bağdad ilə PKK/PYD arasında bir ortaqlığın olduğunu göstərir. Əslində Türkiyənin həm Suriya, həm də İraqın şimalında hərbi qüvvələrinin olması hər iki ölkənin bütövlüyünün qorunması və o bölgələrdə PKK/PYD, yaxud İŞİD dövlətinin qurulmasına qarşı olduğu düşünüldüyündə İraqın Baş naziri Abadinin Ankaraya təşəkkür etməsi lazımdır. Bu məsələdə İraqın ərazi bütövlüyünü müdafiə edən Türkiyə əvəzinə, rəsmi Bağdadın ölkəsini bölmək istəyən PKK/PYD-yə yaxın dayanması başa düşülən deyil. Türkiyənin PKK mövzusunda olduğu kimi, sünni ərəblər və türkmənlər mövzusundakı tələbləri də İraqın bütövlüyünün qorunması baxımından mütləq nəzərə alınmalıdır.

- Türkiyənin Mosul əməliyyatına daxil edilməməsi və bu şəhərin demoqrafik quruluşunun dəyişdirilməsi hansı nəticələr doğura bilər?

- Əksəriyyəti sünnilərdən ibarət olan bir şəhərin şiələşdirilməsi kimi bir planları varsa, bunun nəticələri çox ağır olacaq. Belə bir səy bəlkə ilk mərhələdə şəhərin sünni əhalisinin qaçmasına və qaçqın olaraq başda Türkiyə olmaq üzrə qonşu ölkələrə sığınmasına səbəb ola bilər. Ancaq bu zədə bölgədəki şiə-sünni gərginliyini daha da dərinləşdirəcək, başda Mosul olmaqla İraqın daxilində çox böyük qarşıdurmalar baş verəcək. Bu səbəblə təxmin edirəm ki, Bağdad və Tehran belə bir düşüncə içərisinə girəcək qədər irrasional davranmayacaqlar. Kürdlər də İŞİD-ə qarşı əməliyyatı bir fürsətə çevirib, Mosulu ələ keçirmək kimi axmaq fikirlərə düşməyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə