Azərbaycan Baş Konsulluğunda xristian dini icmaları tədbir keçirib FOTO
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə Los-Ancelesin müxtəlif xristian dini icmalarının rəhbərlərinin iştirakı ilə geniş tədbir keçirilib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan SİA-ya verilən məlumata görə, Baş Konsulluqda təşkil olunmuş tədbirdə, Los-Ancelesdə fəaliyyət göstərən Koreya, Çin və digər Asiya mənşəli icmalara, həmçinin Latino icmasına məxsus kilsələrin rəhbərləri, aparıcı din xadimləri, müxtəlif xristian təşkilatlarının liderləri və KİV təmsilçiləri iştirak ediblər.
Tədbirdə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, xristianlığın Azərbaycandakı qədim tarixi barədə məlumat verərək, bu gün Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər, eləcə də digər etiqad daşıyıcıları arasında mövcud olan qardaşlıq münasibətlərindən danışıb.
N.Ağayev qeyd edib ki, ölkəmizin mürəkkəb coğrafi-strateji məkanda yerləşməsinə baxmayaraq, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin tarixi dəyərlərimizi rəhbər götürərək, əsasını qoyduğu müasir Azərbaycan bu gün artıq beynəlxalq aləmdə özünəməxsus və mütərəqqi model kimi qəbul olunur. Baş konsul həmçinin vurğulayıb ki, hazırda Prezident İlham Əliyev bu modelin daha da güclənməsi və inkişaf etdirilməsi üçün dinlərarası qarşılıqlı etimadın möhkəmlənməsinə və müxtəlif mədəniyyətlər arasında mübadilə imkanlarının genişlənməsinə xüsusi diqqət ayırır.
Baş konsul, həmçinin, Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasəti barədə də danışıb, Ermənistanın törətdiyi cinayətlərə dair konkret faktlardan bəhs edib. N.Ağayev, bu münaqişənin əsla dini xarakter daşımadığı, yalnız və yalnız Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları nəticəsində meydana gəldiyini qeyd edib.
Sonra ABŞ-ın Koreya icmasının tanınmış rəhbərlərindən Heypin İm çıxış edərək, Azərbaycanın dinlərarası münasibətlər və multikulturalizm sahəsindəki uğurları ilə bağlı fikirlərini bölüşüb. O, bu il keçirilmiş Bakı Beynəlxalq Humanitar forumunda iştirak etdiyini, bu tədbir nəticəsində Azərbaycan modeli ilə birbaşa tanış olmaq fürsəti əldə etdiyini bildirib. O, qeyd edib ki, əhalisinin 95 %-i müsəlmanlardan ibarət olan Azərbaycan beynəlxalq sülh üçün açar rolunu oynayır.
Daha sonra Latino xristiyan icması adından din xadimləri Uolter Contreras, Xose Pepe Cabayero və digərləri çıxış edərək, müxtəlif etnik mənşəyə və məzhəblərə mənsub xristian icmalarının Azərbaycanın mütərəqqi modeli ətrafında bir araya gətirilməsini əlamətdar hadisə adlandırıblar. Natiqlər, ABŞ-da və dünyada təlatümlü proseslərin getdiyi bir zamanda Azərbaycan nümunəsinin həm Los Ancelesdə, həm də ABŞ-ın və dünyanın digər yerlərində daha yaxından öyrənilməsinin dinlərarası qarşılıqlı anlaşmanın əldə olunması baxımından olduqca faydalı ola biləcəyini qeyd ediblər.
Tədbirdə, həmçinin, AR Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Tolerantlıq diyarı Azərbaycan" filmi nümayiş etdirilib. Film tamaşaçıların böyük rəğbətini qazanıb.
Sonda həm Asiya, həm də Latino icmalarının din xadimləri tərəfindən Azərbaycanın tolerant və multikultural dəyərlərə sadiq bir dövlət kimi daha da güclənməsi və çiçəklənməsi üçün dualar oxunub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB