BUAK-ın Lvov vilayəti üzrə sədri Teymur Məmmədov haqqında yayılan xəbərləri təkzib edib

“Mənim Lvovdakı fəaliyyətim görünür kimlərisə narahat edir”
BUAK-ın Lvov vilayəti üzrə sədri Teymur Məmmədov haqqında yayılan xəbərləri təkzib edib

"Mənim haqqımda Azərbycanın bəzi internet saytlarında yazılan xəbərlər həqiqəti əks etdirmir və heç bir əsası yoxdur." Bunu SİA-ya açıqlamasında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən Lvov vilayəti üzrə sədri Teymur Məmmədov deyib. Onun sözlərinə görə, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayəti üzrə nümayəndəliyi yaradılan gündən sözügedən quruma rəhbərlik edib: "Ötən il konqresin vilayət üzrə bölməsinin yaradılması məqsədilə Ukraynadakı əksər regiondan olan konqres sədrlərinin iştirakı ilə Lvovda toplantı keçirilib. Ölkənin Dnepropetrovsk, Nikolayev, Xarkov, Jitomir, Zakarpatye, Hmelnitsk, Kirovoqrad kimi iri regionları ilə yanaşı, digər bölgədən olan azərbaycanlılar konqreslərinin sədrlərinin birgə təqdimat toplantısında Lvov şəhərinin meri Andrey Sadovoy, vilayət administrasiyasının rəsmiləri də iştirak edib. Həmin toplantıda mən vilayət üzrə sədr seçilmişəm. Təşkilat Ukrayna Ədliyyə Nazirliyində qeydiyyatdan keçib."

Teymur Məmmədov bildirib ki, uzun müddətdir Ukraynada yaşayır və bu illər ərzində azərbaycançılıq ideyalarının təbliği, həmvətənlərimiz arasında milli həmrəyliyin, mənəvi dəyərlərin möhkəmləndirilməsi, ölkəmizlə bağlı həqiqətlərin Ukrayna ictimaiyyətinə çatdırılması işində fəal iştirak edib: "Mənim Lvovdakı fəaliyyətim görünür kimlərisə narahat edir. Həmin narahat insanlar da bu cür çirkin təxribatlara əl atırlar. Mənim mətbuata, bu sahədə çalışanlara böyük hörmətim var, mediada söz azadlığının tərəfdarıyam, amma xəbəri birtərəfli və dəqiqləşdirmədən yaymağı qeyri-peşəkarlıq kimi qiymətləndirirəm.

Ukraynada yaşayan hər bir soydaşımız Azərbaycanda gedən hərtərəfli, sürətli inkişaf, ölkəmizin dünya birliyinə inteqrasiyası prosesini, Dağlıq Qarabağ münaqişəsinin həlli, milli dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində fəaliyyəti dəstəkləyirlər."

Xatırladaq ki, Azərbaycanın bəzi internet saytlarında yayılan xəbərlərdə iddia olunur ki, özünü Azərbaycan konsulu kimi təqdim edərək vətəndaşlara iş düzəltmək adı ilə söz verən, qarşılığında gəlir əldə edən Teymur Məmmədov haqqında Ukraynanın hüquq-mühafizə orqanlarına şikayət daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə