Turançılıq və diasporumuzun vahid ideyası

Bülənt Gürcam: “İndiki həssas dönəmdə diaspora təşkilatlarının üzərinə çox böyük iş düşür”
Turançılıq və diasporumuzun vahid ideyası

Bülənt Gürçam baxmayaraq ki, doğma yurdu Azərbaycan üçün böyük işlər görüb, amma bizim onun haqqında az məlumatımız var. Çünki Azərbaycan mətbuatı qürbətdə yaşayıb, doğma Vətən üçün böyük işlər görən neçə-neçə həmvətənlərimizin gördüyü işləri layiqincə işıqlandırmadığı kimi, Bülənt Gürçam haqqında da məlumatımız olduqca azdır. Ona görə də ilk öncə oxucularımızı onunla ətraflı tanış etmək istəyirəm. Gəlin öyrənək və bilək ki, Bülənt Gürçam kimdir? Və o, bu vaxta qədər doğma Vətəni üçün hansı işləri görüb.

Tarixlər boyu, zaman-zaman alovlanan müharibələr, qırğınlar, repressiyalar, soyqırımları, deportasiyalar təkcə şəhərlərimizi, kəndlərimizi deyil, həm də minlərlə, milyonlarla soydaşımızın həyatını, ömür yolunu alt-üst edib, onları taleyin amansız sınaqları, dəhşətləri ilə üz-üzə qoymuşdur. Təkcə ötən əsrdə Azərbaycan xalqı dəfələrlə erməni daşnaklarının, bolşeviklərin, rus və fars şovinistlərinin törətdikləri repressiya və soyqırımlara məruz qalmış öz doğma yurd-yuvalarından didərgin salınmış, qərib ellərə üz tutmaq məcburiyyətində qalmışlar. Heç də təsadüfi deyildir ki, bu gün dünyaya səpələnmiş soydaşlarımızın sayı əlli milyon nəfəri ötüb keçməkdədir. Bütün bu xüsusiyyətləri nəzərə alan, ulu öndər Heydər Əliyev çox doğru olaraq qeyd edirdi ki, "xalqımız dözümlü xalqdır!". Bəli, bu sözlərdə dahiyanə bir həqiqət vardır. Belə dözümlü və mətin, çətinliklərə sinə gərən və eyni zamanda qəlbi daima vətən eşqi ilə döyünən, doğma torpaq və yurd təəssübü çəkən həmvətənlərimizin sıralarında əslən Qərbi Azərbaycandan olan Gürçamlar ailəsinin də xüsusi yeri vardır.

1931-ci ildə Türkiyə ilə o zamankı Sovet Ermənistanı arasında ikitərəfli deportasiya başlayanda yun ticarəti ilə məşğul olan Gürçam Fərman Əli oğlu və onun ömür-gün yoldaşı Həlimə Gürçam Mehmet qızı da Qərbi Azərbaycandan - öz dədə-baba torpaqlarından, isti ocaqlarından, ev-eşiklərindən ayrılmaq zorunda qaldılar. O zaman Gürçamlar ailəsi Qərbi Azərbaycanın Canfıda kəndindən Türkiyənin İğdır şəhərinə gəlir və o zamandan da bu şəhərdə məskunlaşırlar. Bu gün bütün Avropada yaxşı tanınan, Azərbaycan diasporunun görkəmli nümayəndəsi, "Belçika - Azərbaycan Evi"nin təşkilatçısı və rəhbəri, ölkəmizdə və xaricdə yayımlanan "Eu Xəbər" qəzetinin təsisçisi və baş redaktoru olan Gürçam Bülent Fərman oğlu da 1962-ci il iyun ayının 29-da İğdırda anadan olub. Məktəbli Bülent hələ kiçik yaşlarıında ikən mətbuat aləmi ilə yaxından maraqlanır, qəzet və məcmuələri müntəzəm olaraq mütaliə edirdi. Mətbuata olan dərin marağı və sevgisi sonralar onun bir qələm sahibi kimi yetişməsində böyük rol oynamışdır. Təsadüfi deyildir ki, Bülent Gürçam ilk qələm təcrübələrini məhz kiçik yaşlarında ikən yazmağa başlamış və bu yazılarını müxtəlif mətbu orqanlarda çap etdirmişdir. Hələ, 1978-ci ildə Türkiyədə liseydə oxuyarkən jurnalistlikaya böyük meyli və həvəsi olan Bülent Gürçam əlinə qələm alaraq, onu narahat edən, düşündürən, qəlbindəki doğma yurd həsrətini alovlandıran mövzularda məqalələr yazaraq qəzet və jurnal redaksiyaları ilə əməkdaşlıq edib. Mətbuat dünyasına böyük maraq göstərən, Bülent Gürçam təhsil aldığı illərdə liseyin divar qəzetinə redaktor seçilmiş, ilk qələm təcrübələrini məhz burada nümayiş etdirmişdir. Oxuduğu məktəbin ən hazırlıqlı və istedadlı öyrəncilərindən olan Bülent Gürçam tədricən jurnalistika aləminə daha böyük məhəbbətlə bağlanmış və öz məqalələrini Türkiyənin tanınmış, nüfuzlu qəzetlərinin səhifələrində dərc etdirməyə başlamışdır. Bülent Gürçamın məqalələrinin çap olunduğu qəzetlərdən biri də "Son Havadis" qəzeti olub. Gənc qələm sahibi bu qəzetdə vaxtaşırı olaraq maraqlı və aktual məqalələrlə, onu narahat edən və düşündürən mövzularda yazdığı yazılarla çıxış etmiş, görüb bildiyi hadisələri, problemləri populyar, sadə və oxunaqlı bir dillə qələmə almışdır. 1980-ci ildə liseyi bitirən Bülent Gürçam böyük ümid və arzularla, həyatda və sevdiyi peşə sahəsində daha böyük uğurlar əldə etmək məqsədilə Avropaya üz tutmuş, Belçikanın paytaxtı Brüssel şəhərinə yollanmışdır. Sonrakı illərdə Azərbaycan Beynəlxalq Universitetində beş illik hüquq fakültəsində təhsil alıb və həmin Universitetin hüquq fakültəsinin diplomuna yiyələnib.

Doğma ata yurduna ürəkdən bağlanan, bu yolda hər bir çətinliyə və əzab-əziyyətlərə qatlaşmağa hazır olan gənc Bülent Gürçam tez bir zamanda Avropa mühitinin ab-havası ilə nəfəs almağa, vətəni və xalqı üçün böyük işlər görməyə başlayır. Bir qələm sahibi, jurnalist kimi öz peşə vərdişlərini və ustalığını müntəzəm olaraq inkişaf etdirən, qabaqcıl Avropa mətbuatının zəngin ənənələrindən bəhrələnən, daha da irəli getmək istəyi ilə yaşayan Bülənt Gürçam ilk öncə Türkiyədə çıxan "Tərcüman" qəzetinin, daha sonra isə nüfuzlu "Hürriyyət" qəzetinin Belçikadakı ofislərində uğurla çalışır. Bu illərdə Bülənt Gürçam həmçinin milli diasporumuzun formalaşması və inkişafı naminə böyük işlərə başlayır və bir sıra layihələr həyata keçirir. Bülənt Gürçamın peşəkar diaspor rəhbəri kimi fəaliyyəti 1980-ci illərdən başlayır. Brüsselə gəldiyi gündən Azərbaycan həqiqətlərinin təbliğatı ilə məşğul olan Bülənt Gürçam 1987-ci ildə Belçikada ilk türk qəzeti olan "Qürbət" adlı qəzet nəşr edir. Elə həmin illərdə Azərbaycanda yaranmış "Vətən" cəmiyyəti ilə əlaqələr quran Bülent Gürçamın məqalələri "Odlar Yurdu" qəzetində də çap edilməyə başlayır. "Vətən" cəmiyyəti ilə bir sıra tədbirlər həyata keçirən Bülənt Gürçam Azərbaycanın Avropada təbliği ilə əlaqədar yeni forma və üsullar tapmış, bu sahədə zəngin təcrübə toplamışdır. Bir diaspor rəhbəri kimi kütləvi tədbirlərə böyük önəm verən Bülənt Gürçam Belçikada dəfələrlə "Xocalı çadırı" təşkil etmiş, Ümümdünya Gömrük Təşkilatının Brüsseldəki mərkəzi malikanəsi önünə bütün türk dünyasının rəmzi olan Dədə Qorqud abidəsinin qoyulmasını təşkil etmiş, üzərində ulu öndər Heydər Əliyevin və Azərbaycanın çağdaş prezidenti İlham Əliyevin şəkilləri olan xüsusi poçt markaları nəşr etdirmiş, azərbaycanlı əlillərə təmənnasız olaraq Hollandiyadan əlil arabaları alıb gətirmiş, milli bayramlarımızda, xüsusilə Qurban bayramında Azərbaycanın bölgələrində məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə baş çəkərək onlara qurbanlar paylamış, paytaxt Bakıda ilk dəfə olaraq Avropada geniş qeyd olunan "Qonşular bayramı"nı təşkil etmiş, xarici turistlər üçün fransız dilində "Azərbaycan milli mətbəxi" adlı kitab nəşr etdirmiş və bir sıra yaddaqalan tədbirlər həyata keçirmişdir. "Vətən" cəmiyyətinin dəstəyi ilə 1989-cu ilin dekabr ayında vətəni görmək üçün Azərbaycana gələn Bülənt Gürçam qanlı 20 Yanvar hadisələrinin canlı şahidi olmuş və bu hadisələri özü ilə gətirdiyi videokamera və fotoaparatlarla çəkərək bütün dünyaya yaymışdır. 1990-cı il yanvar ayının (ocaq ayının) sonunda Bakıdan çıxarılan Bülənt Gürçam Moskvaya yola düşərək orada xarici KİV nümayəndələri ilə canlı əlaqələr quraraq Bakıdakı hadisələri xarici dillərdə bütün dünyaya çatdırmışdır. Belçikaya dönən Bülənt Gürçam Azərbaycanda topladığı materiallara istinad edərək bir sıra tədbirlər keçirmiş, Azərbaycan həqiqətlərini Avropa ictimaiyyətinə olduğu kimi çatdırmışdır. Bülənt Gürçamın diplomatiya fəaliyyəti isə onun tərcümeyi-halının ən maraqlı səhifələrindəndir. 1995-ci ildə Brüsseldə ilk Azərbaycan səfirliyinin yaranmasında iştirak edən Bülent Gürçam 2000-ci ilədək, 5 il müddətində səfirin köməkçisi vəzifəsində çalışmışdır. Bülent Azərbaycan milli diasporunun təşəkkülü və inkişafı sahəsində çox böyük və sanballı işlər görmüşdür. Lakin vətəndaşlıq statusu ala bilmədiyi üçün öz ərizəsi ilə tutduğu vəzifədən istefa vermiş və 2000-ci ildə "Belçika Azərbaycan Evi" adlı diaspor təşkilatı yaratmışdır. "Belçika Azərbaycan Evi" Azərbaycan mədəniyyətini, tarixini, incəsənətini avropalılara tanıtmaq, eləcə də dünya azərbaycanlılarını bir araya toplamaq məqsədilə yaradılmış bir diaspor təşkilatıdır. 2000-ci ildən "Azərbaycan Kültür və İnformasiya" dərgisini, 2003-cü ildən isə hər il Xocalı faciəsinin anımı ərəfəsində dörd dildə "Genocide" jurnalını nəşr edən Bülent, Xocalı həqiqətləri, ermənilərin azərbaycanlılara qarşı terrorçu əməlləri barədə avropalılara bu gün də ən yeni və operativ informasiyalar verməkdə davam edir. Bülent Gürçam təkcə "Eu Xəbər" qəzetinin səhifələrində deyil, həm də bu qəzetin www.euxeber.com saytında aktual və dəyərli məlumatlar verir, maraqlı analitik məqalələrlə çıxış edir. Bülənt Gürçam ölkəmizin Avropada, o cümlədən Brüsseldə ən layiqli təmsilçisidir. Təsadüfi deyildir ki, ölkə prezidenti Heydər Əliyev Bülənt Gürçamın fəaliyyəti ilə həm bir diplomatik korpus əməkdaşı-səfirliyin işçisi kimi, həm də bir diaspor rəhbəri kimi şəxsən maraqlanmış, onunla söhbət etmiş, tövsiyələr vermişdir. Prezident İlham Əliyev isə Brüsselə gələrək, Dünya Gömrük Komitəsinin iqamətgahı önündə qoyulmuş "Dədə Qorqud" heykəlinin təntənəli açılış mərasimində iştirak etmişdir. Hal-hazırda öz vətəni və xalqı üçün böyük işlər görmək həvəsi ilə yaşayan və bu yolda yorulmaq bilməyən, yeni-yeni layihələr üzərində düşünən Bülənt Gürçam Azərbaycan torpaqlarının düşmən işğalından azad olması, doğma ata yurdunun çiçəklənməsi və inkişafı yolunda yorulmaq bilmədən var qüvvəsini sərf edir. Bununla da özünü Vətən üçün böyük həvəslə çalışan vətəndaş kimi sübut edir.

Bülənt Gürcamın ötən həftə Azərbaycana gəldiyini öyrəndik. Onunla görüşüb həmsöhbət olduq.

- Bülənt bəy, bu dəfə Azərbaycana gəlişinizin məqsədi nədir?

- Azərbaycana gəlişimin səbəbi təbii ki, Odlar Yurdunu xaricdə daha geniş tanıtmaq və Azərbaycanın lobbiçilik fəaliyyətlərini genişləndirmək və bu yolda gələcəkdə hansı işləri görmək məqsədi daşıyır. Mən 40 ilə yaxın bir müddətdir ki, Azərbaycan diaspora fəaliyyətlərinin işi ilə məşğulam, bu fəaliyyətəri yenə də davam etdirmək fikrindəyəm. Çox sevinirəm ki, ölkə başçısı İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva da bu müqəddəs yolda böyük işlər görürlər və diaspor işinin möhkəmlənməsinin tərəfdarıdırlar.

- Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamına sizin münasibətiniz necədir?

- Bilirsiz ulu öndərimiz Heydər Əliyevin o sözlərindən öncə, Mustafa Kamal Atatürkün də belə bir kəlamı var: "Azərbaycanın kədəri-kədərimiz, sevinci-sevincimiz olmalıdır’’. Hər iki kəlam elə-belə deyilmiş sözlər deyil və bunların altında tarıxı gerçəklirlər var. Tarix boyu Azərbaycan və Türkiyə bir-birlərinin ağır günlərində tək ürək olmasını biliblər və bu da əsrlər boyu davam edəcək. Amma burda bir həqiqət də var ki, biz yetərincə bir-birimizi tanımırıq, aramızda informasiya və məlumat sıxıntısı var. Azərbaycan Türkiyəni bəlkə daha çox tanıyır, amma Türkiyə xalqı Azərbaycanı yetərincə tanımır, bax, biz də elə bunun üçün lobbi fəaliyyətimizin güclənməsi tərəfdarıyıq, Türkiyəmizə özümüzü daha çox tanıtmalıyıq.

- Türkdilli xalqların xarici ölkələrdə hər birinin ayrıca diaspor təşkilatları var. Elə bil, bununla da onlar türkdilli xalqları parçalayırlar. Sizcə türkdilli xalqların xarici ölkələrdə vahid bir diaspor təşkilatı olsa, yaxşı olmazmı?

- Təbii ki, hədəf və məqsəd eynidirsə, bir yerdə və bir tərəfli işləmək daha məntiqlidir. Biz də bunu istəmişik, amma bəzi qüvvələr buna icazə vermirlər. Bizi parçalayıb, iş görməz hala salırlar. Baxın, elə bütün Türkdilli dövlətlərin və elə Azərbaycanın özünün də xarici ölkələrdə çoxlu təşkilatları var. Təbii ki, bunlara təşkilat demək nə qədər düzgündür, bilmirəm. Çünki, bu təşkilatlardan elələri var ki, heç kimə qarışmırlar və həmin təşkilatda da yalnız özləri və bir də onlara yaxın olan beş-üç adam var. Və onlar heç bir iş görmürlər. Buna görə də xaricdəki təşkilatlarımızın çoxu acınacaqlı durumdadırlar. Mən çox istərdim ki, Azərbaycan ölkə başçısının da bundan xəbəri olsun. Və bu məsələ haqqında çox ciddi düşünmək lazımdır. Bununla bağlı ölkə səviyyəsində iş görmək və həmin təşkilatların işləri ciddi nəzarətə götürülməlidir. Bu təşkilatların çoxunun işi yenidən qurulmalı və onlara yeni rəhbərlər təyin olunmalı, lazım olan imkanlar yaradılmalıdır.

- Yüz illərdir ki, bizim türkdilli dahilərin, məşhur sərkərdələrin vuruşduğu və yaratmaq istədikləri Turançılıq ideyasına sizin münasibətiniz necədir?

- Bu müqəddəs məsələ hələ ki, ideya olaraq qalır. Əslində isə bu ideya əsrlərlə hər bir türkün ürəyində olan sevdadır. Amma bu ideyanı necə reallaşdırmağı hələ ki, heç birimiz dəqiq bilmirik. TURANÇILIQ mənə elə gəlir ki, Avropa Birliyi kimi bir möhkəm, vahid təşkilat olmalıdır. Bu həm də lobbiçilik və diaspor təşkilatlarımızın vahid ideyası olmalıdır. Bu məsələ də artıq bütün türkdilli ölkələrin rəhbərləri tərəfindən bir araya gətirilməli və tezliklə reallaşmalıdır. Çünki dünyada qloballaşma getdiyi bir vaxtda bu, hökmən vacibdir və günün tələbidir.

- Qardaş Türkiyədə FETO təşkilatının hərbi çevriliş cəhdi biz azərbaycanlılara da çox pis təsir etdi. Bu təşkilat türkdilli xalqların xarici ölkələrdə diaspor təşkilatlarını parçalayıb, onları bir-birinə düşmən edir. Sizin buna münasibətinizi bilmək istərdik.

- Bilirsiz bu məsələ məncə disporanın məsələsi deyil. Ölkəni parçalamaq və ölkə daxilindəki işlərə müdaxilə etmək və ya xarici ölkələrdəki diaspoların işinə qarışmaq çox pis işdir. Ona görə də bütün türkdilli xalqların aparıcı adamları beynəlxalq aləmdə yalnız diasporlarımızın işinə kömək etməli və onların birliyini yaratmalıdırlar. Onların parçalanması heç kimə, heç bir türk liderinə xeyir gətirməz. Bizim hamımızın ali məqsədimiz türkdilli xalqların vahid diaspor təşkilatının yaranmasına yönəlməlidir.

- Qarabağ təkcə biz azərbaycanlıların yox, həm də qardaş Türkiyənin probleminə çevrilib. Bu müqəddəs işdə Türk-Azərbaycan diaspor təşkilatları sizcə necə hərəkət etməlidir?

- Bayaq dediyimiz kimi, biz özümüzü və öz problemlərimizi dünya xalqlarına anlatmalıyıq. Bax burda yenə də diaspora təşkilatlarının üzərinə çox böyük iş düşür. Biz işdə bunun mücadiləsini veririk və bu yöndə ciddi işlər görməliyik. Və təbii ki, bu digər Türk dilli ölkələrin diaspora təşkilatlarıyla birgə edilsə, daha gözəl və uygun olar. Bu barədə bizlər hər birimiz ciddi işlər görməliyik. Bununla bağlı çoxlu informasiya işləri görmək lazımdır. Çünki bu gün dünyada böyük informasiya müharibəsi gedir. Biz də həmin informasiyalar vasitəsi ilə lazım olan bütüm məsələləri, həqiqətləri dünya xalqlarına çatdırmalıyıq. Hələ də bəzi dünya xalqları Qarabağda nələrin baş verdiyini, ermənilərin bizim torpaqları işğal etdiyini bilmirlər. Yəni əsl həqiqətlərdən onların xəbəri yoxdur. Bu müqəddəs işi də bütün türkdilli xalqların informasiya vasitələri görməlidir.

- Bu gün bir qrup dövlətlər Türkiyəni müharıbəyə cəlb etmək, zəiflətmək istəyirlər. Türkdilli xalqların diaspor təşkilatları birləşsə, bu müqəddəs yolda həmin ölkələri bu iyrənc əməllərindən döndərməkdə hansı işləri görə bilərlər?

- Belə bir müqəddəs fikir var: "Türkün Türkdən başqa dostu yoxdur’’. Bu böyük, müqəddəs ideya subuta yetib. Ona görə də aparıcı ölkələrin rəhbərləri bütün Türk dövlətlərinə, başda da Türkiyə olmaqla təzyiq göstərirlər. Onlar da bunu açıq-açığına edirlər. Çünki TUNARÇLIQ sevdası və ideyası dünyanın aparıcı ölkələrini qorxuya salıb. Bunun qarşısını kəsmək üçün ayrı-ayrı oyunlar oynayırlar.

Bunlara baxmayaraq biz Türk birliyi və Turançılıq tərəfdarıyıq və dünyanı buna inandırmalıyıq. Kim nə düşünür, nə edir, bizə dəxli yoxdur. Biz Türk dünyasının gələcəyi üçün bu birliyə hökmən nail olmalıyıq.

- Sentyabr ayının 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirildi. Qardaş Türkiyədə də bu proses diqqətlə izləndi. Bu məsələdə də sizin münasibətinizi bilmək bizim üçün maraqlı olar.

- Diaspora məncə ölkə daxilində gedişatla çox da məşğul olmamalıdır, çünki bizim vəzifəmiz ölkəni xaricdə tanıtmaqdır. Amma desəniz bu ölkədə bəzi dəyişikliklər edilməlidir, edilməlidirmi? Bəli, edilməlidir. Dünyanın gedişatına uygun olaraq Azərbaycan xalqı da öz gələcəyi üçün qərar vermə haqqına sahibdir. Məncə bu, dünya dövlətlərinin də sıx gördükləri bir işdir. Azərbaycan xalqı öz gələcəyi və ölkəsinin gələcəyi haqda qərarlar veriblər. Buna hər kəsin hörmətlə yanaşması lazımdır və biz də belə düşünürük. İnanıram ki, vaxtında düşünülmüş bu dəyişikliklər Azərbaycanın uğurlu gələcəyinə xidmət edəcək. Bu dəyişikliklər yəqin ki, diaspor təşkilatlarımızın da bundan sonra daha uğurlu işləməsinə köməklik edəcək. Çünki, yəqin bundan sonra xaricdəki diaspor təşkilatlarımıza nəzarət bir qədər gücləndirəcək.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə