Milli Şuranın 4 aylıq fəaliyyətinin təqdimatı keçirilib

Milli Şuranın 4 aylıq fəaliyyətinin təqdimatı keçirilib

ARGTMŞ Gənclər Evində Milli Şuranın Büronun iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Milli Şuranın sədri Seymur Hüseynov, sədr müavinləri İlyas İsmayıllı və Aysun Zeynalova, "Bakı Gənclər Klubu" İctimai Birliyinin sədri Azər Cavadov, "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov, "Təbiət Dostları" Gənclərin Ekoloji Maariflənməsinə Kömək İctimai Birliyinin sədri Elşən Nuriyev, "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin icraçı direktoru Fəxrəddin Həsənzadə, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Əsgər Yolçuyev iştirak edib.

İclasda Milli Şuranın sədri Seymur Hüseynov tərəfindən ARGTMŞ-ın 4 aylıq fəaliyyəti ilə bağlı hesabat verilib, həyata keçirilən Azərbaycan Könüllülük Xidməti (AKX) Yay məktəbi, "Yerli" Kənd Gənclərinin İnkişaf Proqramı, QHT İdarəetmə Akademiyası (QİDA) Proqramı, "Xətdə" Proqramı və digər layihə və tədbirlərdən söz açılıb. O, çıxışı zamanı son keçirilən layihələr və tədbirlər haqqında ətraflı məlumat verib, layihələrin müsbət təsir və nəticələrindən söz açıb. İclasın gedişatında idarə heyətinin üzvləri sədrin hesabat verdiyi layihələrə münasibət bildirib, fikirlərini bölüşüblər. Hesabatdan sonra ilin sonuna nəzərdə tutulmuş yeni layihə və tədbirlər barədə qısa məlumat verib, büro üzvlərinin təklif və qeydlər nəzərə alınıb. Həmçinin müzakirələr zamanı ilin sonuna planlaşdırılan məclisin tarix və məkanı müəyyən olunub.

Qeyd edək ki, təqdim olunan 4 aylıq hesabata daxil olan Könüllülük Xidməti (AKX) Yay məktəbi layihəsi ölkənin gənclər təşkilatlarının könüllülərinin mübadiləsini təşkil etməklə onların bu sahədəki təcrübələrini genişləndirmək, könüllülük dəyərlərini bölüşmək, bu sahəyə verə biləcəkləri töhfələri üzə çıxarmaq məqsədilə həyata keçirilib. Yay məktəbi Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən, Gənclər və İdman Nazirliyi və AR Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə baş tutub.

Keçirilən layihələrdən biri də Gənclər Təşkilatları İnstitutunun gücləndirilməsi istiqamətində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2013-cü QHT İdarəetmə Akademiyası çərçivəsində "İnsan Hüquqları və azadlıqları" mövzusunda təlim kursu olub. Bu layihə "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyası, Avropa İnsan hüquqları Məhkəməsi, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının əsasları haqqında gənclərə ətraflı məlumatların çatdırılması məqsədi ilə həyata keçirilib. Həmçinin, bu proqram çərçivəsində "Sosial Siyasət və Sosial Tədqiqatlar" mövzusunda beynəlxalq seminar keçirilib. Seminarın keçirilməsində məqsəd sosial iş sahəsində gənclər təşkilatları və gənclər arasında məlumatlılığı artırmaq və iki ölkə arasında təcrübə mübadiləsi olub.

Gənclər təşkilatları institutunun gücləndirilməsi istiqamətində 2013-cü ildən start verilən layihələrdən biri də "Xətdə" Proqramı olub. Bu il "Xətdə" Proqramı çərçivəsində "ReTweet" referenduma onlayn dəstək kampaniyası təşkil olunub. Kampaniya gənclərin referendumla bağlı məlumatlılığının artırılması, dəyişikliklərin mahiyyətinin geniş ictimaiyyətə, xüsusən gənclərə çatdırılması məqsədilə təşkil olunub. Kampaniya zamanı ARGTMŞ-ın komandası, üzvü olan gənclər təşkilatlarının nümayəndələri və fəal gənclərdən ibarət 153 nəfər tərəfindən yaradılan həştəqlərlə 8460 tvit yazılıb. Ümumillikdə "ReTweet" kampaniyası çərçivəsində #GoReferendum həştəqi ilə yazılan tvitlər 44 541 nəfərin profilində 1 257 115 dəfə görülüb. Kampaniya çərçivəsində ARGTMŞ-ın komandası və üzvləri olan gənclər təşkilatlarının nümayəndələri tərəfindən #GoReferendum və #26sentyabr həştəqləri ilə Referendum ərəfəsində gənclərin məlumatlılığını artıran və fəal iştiraka çağıran tvitlər və təbliğat məqsədilə hazırlanmış videolar paylaşılıb. #GoReferendum #26sentyabr həştəqi ilə paylaşılan videolar və tvitlər "Twitter Azərbaycan" rəsmi profilində ən çox paylaşılan tvitlər siyahısına düşüb.

Bu istiqamətdə həyata keçirilən layihələrdən biri də "İnfotur" Proqramıdır. Sözügedən proqram çərçivəsində YARAT Müasir İncəsənət Mərkəzinə məlumat turu təşkil olunub. Məlumat turu zamanı iştirakçılara Mərkəzinin yaranma tarixi, görülmüş işlər və perspektiv planlar, gənclər təşkilatları ilə əməkdaşlıq barədə ətraflı məlumat verilib. Tur çərçivəsində iştirakçılara YARAT-ın keçirdiyi tədbirləri, imkanları, mərkəzi kitabxanası, incəsənət nəşrlərindən tərtib olunmuş və kolleksiyası ilə tanışlıq imkanları yaradılacaq. İştirakçılar həmçinin YARAT-ın sərgi proqramların birində ziyarət etmək imkanı əldə ediblər.

Gənclərin əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqaməti çərçivəsində 12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə ARGTMŞ təşəbbüsü ilə təbrik video-çarxı hazırlanıb. Video-çarxın hazırlanmasında əsas məqsəd gənclərin müxtəlifliyini və onların cəmiyyətdəki rolunun əhəmiyyətini ictimaiyyətə çatdırmaq, Azərbaycanın multikultural və tolerant ölkə olaraq tanıdılmasına dəstək olmuşdur.Hazırlanmış video-çarxda ümumilikdə 22 ölkənin bayrağı yer aldı. Video və təbrik mesajı 385 beynəlxalq və 123 ölkədə fəaliyyət göstərən xarici tərəfdaş təşkilatlara, 114 üzv təşkilata göndərildi və yayımlandıqdan sonra 24000-ə yaxın baxış sayı qazanıb.

Milli Şura bu istiqamətdə yerli layihələrlə yanaşı beynəlxalq arenada təmsil olunur. Belə ki, gənclərin əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqaməti çərçivəsində Çili Parlamentinə Dağlıq Qarabağla bağlı müraciət edib. 35 üzv təşkilatdan 150 nəfərə yaxın nümayəndə cəlb olunub. Nis şəhərində olan terrorla bağlı Fransa səfirliyini ziyarət. Ziyarət zamanı 15 üzv təşkilatın 50-yə yaxın nümayəndəsi cəlb olunub. ARGTMŞ tərəfindən 4 ay ərzində ARGTMŞ-ın katibliyi və üzvü olan gənclər təşkilatlarından 25 nümayəndə beynəlxalq tədbirdə iştirak edib.

Son aylarda keçirilən və hələ də davam edən əsas layihələrdən biri də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Milli Şura tərəfindən təşkil olunan "Yerli" Kənd Gənclərinin İnkişaf Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir. Proqram çərçivəsində bugünə qədər maarifləndirmə tədbirləri Bakı şəhəri və 13 rayonunun 30 kəndini kənd və qəsəbələrini əhatə edib.

Milli Mətbuat Günü münasibəti ilə bütün mətbuat nümayəndələrini təbrik etmək və həmin günü onlarla qeyd etmək məqsədilə ARGTMŞ İctimaiyyətlə Əlaqələr departamentinin mütəxəssisləri ölkənin 20 aparıcı Kütləvi İnformassiya Vasitəsininin redaksiyasının qonağı olub, mətbuat işçilərimizə ARGTMŞ təbriklərini çatdırıb və hədiyyələr təqdim edib.

İclas 2017-ci ilin Gənclər Təşkilatları Milli Şurasının 2017-ci il üçün nəzərdə tutduğu fəaliyyət planının müzakirəsi ilə başa çatıb.

Xatırladaq ki, 2016-cı ilin may ayının 26-da ARGTMŞ-ın Hesabat-Seçki Qurultayı baş tutub. Qurultay zamanı ARGTMŞ-ın keçmiş baş katibi, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin sədri Seymur Hüseynov ARGTMŞ-ın sədri seçilib. Həmçinin, Azərbaycan Skautlar Assosiyasının sədri İlyas İsmayıllı və "Gələcəyə Körpü" İctimai Birliyinin fəal üzvü Aysun Zeynalova sədr müavinləri seçilib. Daha sonra, ARGTMŞ-ın İdarə Heyəti və Mərkəzi-Təftiş Komissiyasının üzvləri müəyyən olunub. Ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995–ci ildən fəaliyyət göstərir. Təşkilat ölkənin ictimai-siyasi həyatın da yaxından iştirak edən 114 gənclər təşkilatı, 100 minlərlə gənci özündə birləşdirən konfederativ qurum kimi Azərbaycanın ən böyük gənclər platformasıdır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası öz məqsəd və vəzifələrinə çatmaq, gənclərin bilik və bacarıqlarının artırılması, gənclər təşkilatlarının inkişafı və missiyasına çatmaq üçün 2013-cü ildə "3G" (Gənclər) strategiyasını qəbul edib. "3G" strategiyası özündə 3 əsas prioritet – gənclər siyasətinə dəstək, gənclərin əməkdaşlıq imkanlarının artırılması, gənclər təşkilatları institutlarının gücləndirilməsi istiqaməti birləşdirir və gənclərə yönəldilib.

Bütün xəbərlər Facebook səhifəmizdə