Valideyni qocalar evinə atmaq, yoxsa ölümə sürükləmək? MÜTƏXƏSSİS RƏYİ

Valideyni qocalar evinə atmaq, yoxsa ölümə sürükləmək? MÜTƏXƏSSİS RƏYİ

İnsanlar yaşlaşdıqca daha da həssas olurlar. Onlar yaşadıqları evdə uşaqlarından, qohumlarından, eləc ə də ətraflarından diqqət, nəvaziş gözləyirlər. Amma heç də yaşlı insanların hamısı bu ahıl çağında istədiyi diqqət və qayğını görmür. Bir çox hallarda isə onlar bu diqqətin, nəvazişin yerinə saymazlıqla, diqqətsizliklə qarşılaşmalı olurlar. Özünü istənməyən şəxs qismində görən zaman isə ahılların əsl tənhalığı başlayır. Öz övladlarının, qohumlarının yanında olmalarına baxmayaraq, onlar özlərini əsl tənha hiss edirlər. Təbii ki, belə bir şəraitdə ya bu ahıllar yaşaya bilmir, ya da övladları, digər qohumları onlarla bir mənzildə yaşamaqdan imtina edirlər.

İnsan yaşa dolduqca uşaqlaşır deyirlər. Ahıl insanlar daha həssas olur, yaşadıqları evdə uşaqlarından, qohumlarından, eləcə də ətraflarından diqqət, nəvaziş gözləyirlər. Amma çox təəssüf ki, bu gün ailədaxili münaqişələr zəminində yaşanan xoşagəlməz hallar sonda valideynin qocalar evinə yerləşdirilməsi elə nəticələnir. Bəs hər zaman evində, yaxınlarının ətrafında olan bir insanın alışdığı həyat tərzindən təcrid etmək nə dərəcədə düzgündür? Belə hallar "atılmış" insanların psixologiyasına nə qədər təsir etmiş olur?

"Qocalar evinə məcburi qoyulanlar bu prosesi depressiya içərisində keçirirlər"

Bu barədə SİA-ya açıqlama verən Psixoloq Təhminə Çələbi bildirib ki, qocalar evinə məcburi qoyulan insanlar bu prosesi depressiya içərisində keçirirlər: "Xarici ölkələrdə övladlar valideynləri ahıl yaşına çatan zaman onların öz istəkləri ilə qocalar evinə yerləşdirirlər. Digər ölkələrdə yaşlı insanlar bəzən gənclərdən qıcıqlandıqları və qocalar evi onlara daha maraqlı gəldiyi üçün həmin evlərə üz tuturlar. Amma Azərbaycanda fərqlidir. Bizim ölkədə valideynlər qocalar evinə sosial maddi durum pis olduqda və ya övladları evlidirsə, ailədaxili konfliktlər nəticəsində yerləşdirilir. Adətən qocalar evinə məcburi qoyulan insanlar bu prosesi depressiya içərisində keçirirlər. Yaşlı insanların doğmaları ilə ünsiyyətə daha çox ehtiyacı olur. Lakin qocalar evinə qoymaqla bu ünsiyyət onlardan alındığı üçün həmin insanlar daha küskün, melanxolik olurlar. Təbii ki bu məsələlər "atılmış" insanların psixologiyasına mənfi təsir göstərir ki, bu da onların ətrafdakı insanlara qarşı aqressiv davranmalarında səbəb ola bilir".

"Uşaq və ya qocalar evində qalan insanların ömrü daha da qısalmağa başlayır"

Psixoloq qeyd edib ki, aparılan araşdırmalar zamanı da məlum olub ki, uşaq və ya qocalar evində qalan insanların ünsiyyəti az olduqda onların ömrü daha da qısalmağa başlayır: "Təbii ki, qocalar evində yaşayan insanların əksəriyyəti həyat şəraitlərinə uyğun olaraq qapalı olduğu üçün onlar ətrafdakılarla ünsiyyət qurmaqdan yayınırlar. Ünsiyyət qurmamaq onların ömrünün azalmasına səbəb olur. Bəzən qocalar evinə yerləşdirilən insanların tez bir zamanda həyatını itirdiyinin də şahidi oluruq. Bu əlbəttə təəssüfləndirici haldır".

"Nəzərə almalıyıq ki, bu addımı atan insanın özünün də psixoloji durumu yerində olmaya bilər"

"Elə valideynlər də var ki, onlar vaxtilə övladına diqqət etmir, qayğısına qalmır, öz zamanını başqalarına həsr edirlər. Lakin yaşlandığı zaman övladlarının yanına üz tuturlar. Bəzən belə hallar övladda kin-nifrət yaratdığı üçün onlar valideynini qocalar evinə yerləşdirməyə üstünlük verirlər. Kənardan götürdükdə hansı səbəb olursa-olsun valideynini qocalar evinə yerləşdirən övladlar qınaq obyektinə çevrilirlər. Düzdü, hər bir halda valideynlər bağlı dəyərlərimiz var. Lakin nəzərə almalıyıq ki, bu addımı atan insanın özünün də psixoloji durumu yerində olmaya, aqressiv ola bilər. Bəlkə övlad o qədər aqressivdir ki, valideyninin həyatını riskə atacağından qorxur və onu aparıb qocalar evinə yerləşdirir. Nəzər alaq ki, yaşa dolduqca insanlar arasında söz, ya da davranış xoşa gəlməyə bilər, hətta ahıl yaşlı şəxsin özünü aparmasında fərqlilik özünü biruzə verər. Amma onların qocalar evinə yerləşdirilməsi heç də problemin həlli yolu deyil. Bunun qarşısını almaq üçün ilk növbədə mövcud olan problem aradan qaldırılmalıdır"- deyə, T.Çələbi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə