Satılmayan mənzillər dövlət tərəfindən alınarsa... EKSPERT RƏYİ
Ötən həftə Nazirlər Kabinetinin 2016-ci ilin 9 ayının yekunları ilə bağlı iclasında Azərbaycan Prezidenti İlham Əliyev qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar işlərin 2017-ci ildə daha da sürətli getməsi ilə bağlı tapşrıqlarını verdi. Ölkə başçısı bu məsələlərin həllinə dair yeni binaların tikilməsi və satılmayan mövcud mənzillərin dövlət tərəfindən alınmasının vacibliyini qeyd etdi. Satılmayan mövcud mənzillərin dövlət tərəfindən alınması mənzil bazarına təsir edəcəkmi?
Bu barədə SİA-ya açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, hazırda ölkəmizdə aparılan əsas strategiya yeni yaradılan Mənzil İnkişaf Dövlət Agentliyinin (MİDA) xətti ilə ən qısa müddətə aztəminatlı, eyni zamanda əvvəlcədən müəyyən edilən sosial qrupların mənzil təminatı prosesini sürətləndirməkdən ibarətdir.
"Satılmayan mənzillərin dövlət tərəfindən alınması təcrübəsindən əvvəllər də istifadə olunub"
Onun sözlərinə görə, bu prosesin sürətləndirilməsi bir çox sosial məqamların həllində vacibdir: "Ölkəmizdə qaçqın və məcburi köçkünlər 25 ildir ki, öz yurd-yuvalarından çıxaraq həyatlarını acınacaqlı şəraitdə davam etdirirlər. Nəzərə alsaq ki, insan ömrü o qədərdə uzun deyil. İnsanların ölkə üzrə orta hesabla ömrünün təxminən 1/3-ni bu şərtlər daxilində yaşaması, sosial ədalət prisnsipi baxımından doğru deyil. Məhz bu səbəbdən ən qısa müddətdə həmin insanların mənzil təminatı və həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı addımlar atılır ki, onlardan da biri ölkə başçısının sərəncamı əsasında yaradılan MİDA-nın xətti ilə həyata keçirilir. Təbii ki, bu məsələdə tətbiq olunacaq mexanizmlərdən biri satılmayan mənzillərin dövlət tərəfindən alınması məsələdir. Bunun bağlı təcrübədən əvvəllərdə istifadə olunub. Binəqədi rayonu ərazisində böyük bir şəhərcik salınmışdı. Məhz həmin şəhərciyin salınmasında özəl sektor tərəfindən tikilən binalardan istifadə olunaraq orada məcburi köçkünlər, digər sosial qruplar, şəhid ailələri, müharibə iştirakçılarının yerləşdirilməsi təmin edilmişdi. Bu baxımdan həmin təcrübədən digər bölgələrdə də istifadə etmək olar".
"Bu addım tikinti şirkətlərinin maliyyə vəziyyətinə müsbət təsir edə bilər"
Satılmayan mənzillərin dövlət tərəfindən alınmasının üstün tərəflərindən danışan R.Həsənov deyib ki, bu addım tikinti şirkətlərinin maliyyə vəziyyətinə müsbət təsir etməklə yanaşı, onların fəaliyyətinin dönərliliyini təmin edə bilər: "Bundan əlavə qaçqın və məcburi köçkünlərin kompakt şəkildə hər hansı bir ərazidə yerləşdirilməsi bəzən onların iş yerlərinə çıxışını məhdudlaşdırır. Hətta bəzi hallarda həmin insanların iş yerlərinin itirilməsinə də səbəb olur. Bu baxımdan dövlət tərəfindən hazır tikilən binaların fərqli yerlərdə alınması onlar üçün məyyən seçim imkanı da yarada bilər".
"Bu, müəyyən müddət ərzində qiymətlərin stabil həddə qalmasını şərtləndirə bilər"
"O ki qaldı yeni tikilən binaların dövlət tərəfindən alınmasının mənzil bazarındakı qiymətlərə təsirinə bu, təbii ki, dövriyyədən və ona ayrılan vəsaitin həcmindən asılı olacaq. Əgər bazarda əlavə tələb formalaşsa, mənzillər dövlət büdcəsi hesabına alınsa bu, müəyyən müddət ərzində qiymətlərin stabil həddə qalmasını şərtləndirə bilər. Amma hələlik üstünlük MİDA tərəfindən tikilən binalara veriləcək və bu istiqamətdə ipoteka fondunun vəsaitləri də nəzərə alınsa, 2017-ci ildə bu məsələyə təxminən 100 milyona yaxın vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 4 min mənzil deməkdir", - deyə, iqtisadçı-ekspert əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB