Akif Əlizadə: "II Azərbaycan Elm Festivalında 50 min insan iştirak edəcək"

Akif Əlizadə: "II Azərbaycan Elm Festivalında 50 min insan iştirak edəcək"
"II Azərbaycan Elm Festivalı 31 oktyabr-5 noyabr tarixlərində keçiriləcək". SIA-nın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTI) 60 illik yubileyi və bu təşkilatın müstəqil Azərbaycan Respublikası ilə əməkdaşlığın 25 illiyinə həsr olunmuş BNTİ Günləri ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib. Festivalın əhəmiyyətindən danışan A.Əlizadə qeyd edib ki, festival ölkədə elmin populyarlaşdırılmasında müsbət rol oynayacaq: "Elmin populyarlaşdırılmasında bu festivalın rolu danılmazdır. Hazırda həm paytaxtımızda, həm də regionlarda festivalın yüksək səviyyədə keçirilməsi üçün böyük hazırlıq işləri görülür. AMEA-nın institutları festivala tam dəstək verməli, elmi mühazirələrin hazırlanmasını sürətləndirməlidirlər. Şübhəm yoxdur ki, bu festival böyük uğur qazanacaq. I Elm Festivalında 15 mindən artıq insan iştirak edib və bu, böyük göstəricidir. Bu il festivalda iştirak edəcək insanların sayının 50 minə çatacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə