Bu gün Məhərrəm ayının 10-cu günü – Aşura günüdür. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının Məhərrəm ayının başlanması ilə bağlı fətvasında Aşura gününün Miladi təqvimlə 2016-cı il oktyabrın 12-nə təsadüf etdiyi bildirilir. Hicri təqvimi ilə 61-ci ildə Məhəmməd Peyğəmbərin nəvəsi İmam Əlinin oğlu İmam Hüseynin və onun 72 silahdaşı İraqın Kərbəla çölündə şəhid olub.
Dünyanın bir çox müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları yad edilir. Aşura günü minlərlə insan məscidlərlə gedir, nəzir paylayır, ehsan verir. Bu gün Qafqaz Müsəlmanlar İdarəsi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə məscidlərdə qanvermə aksiyası keçirlir.
Aşura günü ilə əlaqədar bu gün səhər saatlarından Təzəpir Məscidinə yüzlərlə insan axışıb, məscidin həyətində xütbələr oxunaraq, dualar edilib. Təzəpir Məscidinə gələnləri qorumaq üçün polis gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdiririrdi. Sıxlıq yaranmaması üçün insanlar məscidə bir neçə istiqamətdə daxil olublar. Buna baxmayaraq, qanvermə aksiyasının keçirildiyi məntəqənin qarşısında hər il olduğu kimi, bu il də növbələr yaranmışdı. Hər kəs qan vermək üçün növbəsini gözləyirdi.
Qanvermə aksiyası ilə bağlı SİA-ya açıqlama verən Səhiyyə Nazirliyi Elmi Tədqiqat Transfiziologiya və Hemotalogiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva söyləyib ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanlar İdarəsinin və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə respublikanın 15 məscidində və 3 məntəqədə qanvermə aksiyaları təşkil olunub: "İnsanların fəallığı yüksəkdir. Ötən il qanverənlərin sayı 5 mindən çox olub. Builki fəallığı nəzərə saldıqda düşünürəm ki, qan verənlərin sayı ötən illə müqayisədə daha çox olacaq".
Z.Əlimirzəyeva söyləyib ki, aksiyaya gələnlərlə ilk növbədə sorğu aparılır: "Onlarda hansısa xəstəliklərin olub-olmadığı, cərahiyyə əməliyatlarının keçirilib-keçirilmədiyi aşkar edildikdən, hemoqlabinin səviyyəsi yoxlanıldıqdan sonra qan götürülür. Bir nəfərdən 400 qram qan götürülür. Həmin qanlar Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Transfiziologiya və Hemotalogiya İnstitutunun nəzdində yerləşən Mərkəzi Qan Bankına göndərilir və sonradan həmin qanların müayinələri aparılır. Burada 4 virusa- Hepatitlər, SPİD və Siflisə görə qanlar yoxlanılır daha sonra həmin qanlar tədarük olunub, kompanentlərə bölünür. Beləliklə bi nəfər qan verməklə bir neçə nəfərə kömək etmiş olur. Buna görə də biz qanverən insanların hər birinə öz minnətdarlığımızı bildiririk. Çünki insanların göstərdikləri həmrəylik nəticəsində irsi qan xəstəliklərindən əziyyət çəkən, ümimiyyətlə qana ehtiyacı olan hər kəsə yardım etməklə böyük savab qazanmış olurlar.
Artıq bir neçə ildir qanvermə aksiyalarına qatılan donor Nurəddin Qasımov hər kəsi bu addımı atmağa dəvət edib: "Artıq 5 ildir ki, mütəmadi olaraq qanvermə aksiyalarına qatılıram. Allahdan arzum can sağlığımın daim yerində olmasıdır. Əks halda qanvermə aksiyalarında iştirak edə bilmərəm. Bu baxımdan sağlam olan hər kəsi qan verməyə dəvət edirəm. Çünki bizim qanımız kimlərinsə həyatını xilas edə bilər".
Aşura günü məscidlərdə keçirilən aksiyaları yüksək qiymətləndirən donor Çingiz Babayev bunun Allah yolunda böyük savabı olduğunu dilə gətirib: "Bu cür aksiyaları təşkil edənlərə öz təşəkkürümü bildirirəm. Çünki biz onlar vasitəsilə kimlərəsə qan verib böyük savab qazanmaq imkanı əldə edirik. Qan vermək həmçinin öz sağlamlığımız üçün də lazımlıdır. Mən qan verdikdən sonra özümü daha da gümrah hiss edirəm. Sağlam olan hər kəs qan verməlidir".
Bəs kimlər donor ola bilər?
Bu barədə bizə ətraflı məlumat verən Mərkəzi Qan Bankının həkim-terapevti Nərmin Abdullayeva söyləyib ki, yalnız tam sağlam şəxs donor ola bilər. Onun sözlərinə görə, 18 yaşından 65 yaşına qədər hər kəs qan verə bilər: "Lakin 65 yaşında o insanlar qan verə onlar 50 yaşından etibarən mütəmadi olaraq qanvermələrdə iştirak ediblər. Əks halda, 60 yaşdan yuxarı olanlar qan verə bilməzlər. Son 1 ildə əməliyyat keçirən, persinq və ya tatu edən, eləcə də dərman müalicəsi alan insanlar qan verə bilməz. Hətta zob və ya şəkərli diabetdən əziyyət çəkənlər, ayaqlarında vorikoz olan şəxslər də bu kateqoriyaya aiddirlər. Ümumiyyətlə tam şəkildə sağlam olan və çəkisi 50-55 kq-dan aşağı olan olmayanlar qanvermədə iştirak edə bilərlər".
Həkim bildirib ki, qanverməyə gələnlərin hər biri ilk növbədə öz sağlamlığı ilə bağlı anket doldurur: "Anket doldurulduqdan sonra donorun qan təzyiqi ölçülür. Qan təzyiqi üçün aşağı həddimiz 75/75, yuxarı həddimiz isə 165/100-dür. Toplanan qanlar Mərkəzi Qan Bankına aparılır, orada bütün müayinələrdən keçdikdən sonra sertifikatlaşdırılır, daha sonra isə talassemiyalı və digər xəstəlikləri olan şəxslərlə paylanılır".
N. Abdullayeva qan verməyin insan orqanizminə olan xeyrindən də danışıb. O deyib ki, qan verdikdən sonra qaraciyərdə toxumalar əmələ gəlir ki, bu da insultun, infarktın qarşını alır: "Ümumiyyətlə, qan vermək insanı cavanlaşdırır. Kişilər ildə 4 dəfə, qadınlar isə 3 dəfə qan verə bilərlər".
Aksiyanın daimi iştirakçılarından olan donor Qənimət Süleymanov qan verməyi özünə borc bilir: "Düşünürəm ki, sağlam olan hər kəs Allah yolunda bu aksiyalara qoşulmalı və ehtiyacı olanlara yardım etməlidir. Başqa vasitələrlə qan çıxarmaqdansa bu cür aksiyalara qoşulub hansısa xəstəyə yardım etməyi daha üstün tuturam".
17 il bundan öncə hər il qanvermə aksiyasına qoşulacağını özünə söz verən donor Səkinə Alışova bu addımı təsadüfən atmadığını dilə gətirib: "Qana ehtiyacın nə olduğunu çox yaxşı anlayıram. Çünki 17 il bundan öncə ailəmizin qana çox böyük ehtiyacı olub və bizə də kömək edənlər olub. Hətta bir insan ay ərzində iki dəfə bizə qanını verib. Məhz həmin gündən də özümə söz vermişəm ki, kimin qana ehtiyacı olarsa, ona qanımı verəcəm. Harada qan vermək lazımdırsa, mən hər zaman hazıram. Tək Aşura günü deyil, ilin bütün dövrlərində keçirilən qanvermə aksiyalarına qatılıb öz köməyimiz əsirgəmirəm. Hər kəsi də bu aksiyalarda aktiv olmağa dəvət edirəm. Kim sağlamdırsa, xəstəlikdən əziyyət çəkənlərə kömək etməlidir".
Ölkəmizdə keçirilən qanvermə aksiyasına qatılan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda hər il qanvermə aksiyasında iştirak edənlərin sayının artdığını deyib. Onun sözlərinə görə, bu, ölkədə imanın, dinə olan münasibətin artmasının göstəricisidir: "Bu gün dinindən, məzhəbindən asılı olmayaraq, hər kəs qanvermə aksiyasında iştirak edir. Azərbaycanda Aşura günü qanvermə aksiyasının keçirilməsi prosesi dünyada çox bəyənilir. Hətta Türkiyə də Azərbaycanın bu təcrübəsindən istifadə edəcəyini bildirib. Bu gün dünyanın bir sıra ölkələrində qanvermə aksiyası keçirilir".
Qeyd edək ki, qanvermə aksiyalarının keçirildiyi məscidlərin 8-i Bakıda, 6-sı isə digər rayon və şəhərlərdə yerləşir. Aksiyalar Bakıda Mərkəzi Qan Bankında, Yasamal rayonunda "Təzəpir" məscidi və "Hacı Soltanəli" məscidləri, Səbail rayonunda "Bibiheybət" və İçərişəhər "Cümə" məscidləri, Suraxanı rayonu "Qaraçuxur" qəsəbə məscidi, Xəzər rayonu "Mirmövsüm ağa" ziyarətgah-məscidi, Nizami rayonu "Keşlə" qəsəbə məscidi, Nəsimi rayonu "Əjdərbəy" məscidində təşkil olunub. Bununla yanaşı, Sumqayıtda "Cümə" məscidi, Gəncədə "İmamzadə" ziyarətgah-məscidi, Mingəçevirdə "Heydər" məscidi, Şəkidə "Сümə" məscidi, Lənkəranda "Böyük Bazar" məscidi, Bərdədə "Cümə" məscidində də qanvermə aksiyası keçirilir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliya və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq. Qanvermə aksiyası saat 20-00-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB