“Verilən göstərişləri icra edirdim” XƏTAİ YANĞINI

“Verilən göstərişləri icra edirdim” XƏTAİ YANĞINI

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı növbəti məhkəmə iclası keçirilib. SİA xəbər verir ki, təqsirləndirilən şəxslər Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesində şahidlər dindirilib.

Öncə "TNH" şirkətində dizayner çalışan Rəşad Quliyev sualları cavablandırarkən deyib ki, işə qeyri-rəsmi qaydada Fərid Sadıqov tərəfindən qəbul eidlib. "Biz binaların üzlənməsinin vizual görünüşünün bir neçə formada dizaynını hazırlayıb rəhbərliyə təqdim edirdik, son qərarı onlar verirdi"-deyə qeyd edən R.Q uliyev əlavə edib ki, binalar üzlənərkən dizaynerlər də ərazidə olurdu: "Təhlükəsizliyə isə sahə rəisləri, yanğından mühafizə xidmətinin əməkdaşları nəzarət edirdi. Bina divarı ilə üzlük arasındakı məsafəni biz müəyyən etmirdik. Şirkətdə işlərə Məmməd Vəliyev və onun bacısı oğlu Nüsrət Muxtarov nəzarət edirdi, faktiki olaraq isə rəhbər Fərid Sadıqov idi".

Bu arada bəlli olub ki, M.Vəliyev hazırda ölkədə deyil və onun qaçdığı bildirilir. N.Nuxtarov isə təcridxanada vəfat edib.

Məhkəmə qarşısında çıxış edən şahid Məsim Quliyev isə bildirib ki, o, şirkətin baş mühasibi vəzifəsini daşıyıb və rəhbər olaraq Məmməd Vəliyevi tanıdığını deyib. "Mən, verilən göstərişləri icra edirdim"-deyə qeyd edən M.Quliyev daha öncələr də müsahib kimi işlədiyini xatırladıb: "Əvvəl də Dövlət Sosial Müdafiə Fondunda və Vergilər Nazirliyində mühasib işləmişəm".

Şahidlər dindirildikdən sonra hakim Eldar İsmayılov məhkəmə prosesini oktyabrın 18-nə təyin edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə