Pambıqkəndin əhalisi sevindi

Oktyabrın 11-də Salyan rayonunun Pambıqkənd kəndinə təbii qazın verilişi bərpa edilib. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 238 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 14441 metr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. Tədbirdə həmçinin vurğulanıb ki, hazırda rayonun daha 2 kəndində - Marışlı və Kürsəngi kəndlərində qazlaşdırma işləri uğurla davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin ediləcək.

Çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə