"Bir yazı oxudum və bu yazını oxuduqdan sonra çox hiddətləndim və bu yazı eyni zamanda mənim ruhumu dəyişdi. Ancaq nə yaxşı ki, bu gün sizin dəyərli saytınız da daxil olmaqla ölkəmizdə hadisələrə doğru qiymət verməyi bacaran, insanlara dəqiq məlumatları çatdıran media qurumları var". Bu fikirləri SİA-ya İçərişəhər Cümə məscidinin axundu, tanınmış ilahiyyatçı Hacı Surxay Məmmədli bəzi insanların Məhərrəmlik ayı barədə yanlış təsəvvürə malik olmaları, eləcə də Kərbəla və Aşura hadisəsi haqqında səsləndirdikləri qeyri-etik fikirlərə münasibətini bildirərkən deyib. Hacı Surxay konkret ad çəkməyəcəyini deyib və bunu belə əsaslandırıb ki, bu dini nöqteyi-nəzərdən doğru hesab olunmur. "İlk öncə, bu bir qeybət olar.
"Nə dövlətə təşəkkür edirlər, nə dövlətə vergi ödəmirlər, nə də Allah evinin qapısını açmırlar"
Sadəcə, hiddətlənməyimin, o cümlədən belə adamlara mesaj vermək qərarına gəlməyimin səbəbi barədə danışacam"-deyə qeyd edən tanınmış ilahiyyatçı daha sonda bildirib: "Bir nəfər müğənni götürüb sosial şəbəkələrdə yazıb ki, Azərbaycanın 70 faizi çörəksiz qaldı. Yəni o buna eyham vurub ki, İslam dünyasında xüsusi aylardan biri kimi qəbul edilən Məhərrəmlik ayı onun kimilərinin "çörəklərini kəsib". Lakin bəri başdan deyim ki, mənim bu cür məntiqsiz düşüncələrə qarşı kifayət qədər elmi əsaslarım, sübutlarım var. Necə ola bilir ki, toylara, şadlıqlara gedən bir müğənni 11 ay boyunca işləyir, yeyir, yaradır, amma bu 11 ayda "çörək qazanmaq" barədə səsi də çıxmır, ancaq Məhərrəmlik ayı gələr-gəlməz çıxırlar ortaya və belə bir ucuz təxəyyülə qapılırlar?! Halbuki, dövlət onlara çalışıb ruzi qazanmaları üçün hər bir şəraiti yaradıb. Amma onlar heç dövlətə də təşəkkür etmirlər. Əksinə, dövlətin qanunlarını pozur, vergilərdən yayınırlar. Üstəlik, belə adamlar heç məscidin də qapısını tanımırlar. Ən azından, ehtiyacı olanlara əl tutmaq üçün Allahdan günahlarının bağışlanması üçün və s."
"Kərbəla olayları imam Hüseyn timsalında insanlığın kamil nümunəsidir"
"Ancaq indi həmin müğənninin özü və onun timsalındakı bəziləri Məhərrəmlik ayı barədə ağıllarına gələni danışırlar"-deyə qeyd edən Surxay Məmmədli bəldirib ki, bu müqəddəs ay haqqında yanlış danışmaq ona toxunmaq olmaz: "Bu hələ sovet dönəmi zamanından xalqımızın ruhunda süzülüb gəlmiş bir faktordur. Hz. İmam Hüseyn əleyhissəlam barədə danışarkən, ortaya "ərəb" məsələsini atırlar. Amma anlamırlar ki, Hz. Huseyn (ə) ərəb deyil və İslam tarixində baş verən Aşura hadisələrini "ərəblərin müharibəsi" kimi təqdim etmək, onu bu cür qavramaq heç bir insanlığa və normal məntiqə sığmayan, yaraşmayan bir haldır. Mən bundan böyük təəssüf, sonsuz hiddət hissi keçirirəm və belələrinə deyirəm ki, tarixdə xüsusi iz qoymuş Kərbəla olayları imam Hüseyn timsalında insanlığın kamil nümunəsidir".
"Məhəmməd Füzulinin əsərində bu hadisələrdə iştirak etmiş iki azərbaycanlının adları var"
İlahiyyatçı bu hadisələrin təfərrüatlarını təsdiq edən tarixi sənədlərin olduğunu nəzərə çatdırıb və eyni zamanda dahi Azərbaycan şairi Məhəmməd Füzulinin də əsərində mövcud olan həqiqətlər barədə fikir bildirib. Bəlli olub ki, Kərbəla döyüşündə şəhid olanlardan iki nəfəri azərbaycanlıdır: "Mən yanlış düşünən bu insanlara demək istəyirəm ki, getsinlər Azərbaycan xalqının dahi şairi Məhəmməd Füzulinin Həqiqəti Şüəda əsərini oxusunlar və öyrənsinlər ki, məhz xalqımızın fəxri oğlu Füzuli adıçəkilən əsərində Kərbəla hadisələrini əks etdirən bölmədə iki azərbaycanlının adını çəkir. Onlardan biri düşmənlə üz-üzə gəlib şəhid olan Müslim idi. Bu bir tarixi faktdır və digər bir kitabda – Mətləül Etiqadda da həmin sözlər qeyd olunub. Digər bir azərbaycanlı isə Hürr adlı komandanın yanında vuruşan Osəcəm idi. Digər tarixi mənbələrdə onun adı Qulam kimi də göstərilib. Nəticədə qənaətə gələ bilərik ki, Kərbəla hadisəsi ərəb məsələsi deyil, bəşərə örnək olan bir mübarizlik məktəbidir".
"İmamlarımızla yanaşı, dövlətimizin müstəqilliyi və bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına da dualar edilir, rövzələr oxunur"
"Bu həm də bir şəhidlik məktəbinin bir nümunəsidir ki, bizim övladlarımız, oğul və qızlarımız, Qarabağ uğrunda canlarından keçiblər, aprel savaşında biz mərd oğullarımızın şücaətlərini gördük, milli-zadalıq hərəkatı zamanında həyatlarını Vətən uğrunda qurban verən minlərlə övladlarımız var"-deyə vurğulayan Hacı Surxay Məmmədli bildirib ki, bu gün bu hadisəni barmaqrarası qiymətləndirənlər varsa, demək şəhid oğul və qızlarımızın da ruhlarını təhqir edir və bu, Allah qarşısında böyük bir günahdır!
İnanclı azərbaycanlılar Məhərrəmlik ayında 40 gün matəm saxlayırlar. Bu matəmdə məscidlərdə Kərbəla hadisələrində şəhid olan imamlarımızla yanaşı, dövlətimizin müstəqilliyi və bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına da dualar edilir, rövzələr oxunur. Son sözüm isə budur, əgər kimsə Məhərrəmlik ayını "çörəkdən olmaq" kimi qiymətləndirirsə, o adam avam və bədbəxtdir. Mən onun axirətinin necə olacağını ağlıma belə gətirə bilmirəm. Tövsiyəm isə budur ki, belələri bu məsələdə ehtiyatlı olsunlar".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB