Qüsurlu uşaqların valideyinləri necə davranmalıdır? MÜTƏXƏSSİS RƏYİ

Qüsurlu uşaqların valideyinləri necə davranmalıdır? MÜTƏXƏSSİS RƏYİ

"Ümumiyyətlə, qüsurlu və ya sağlamlığında problem olan uşaqlara daha həssas yanaşılmalıdır. Əgər valideyinlərin hansısa biri bezdim, tükəndim, yoruldum kimi misallar çəkər və uşaq bunu hiss edərsə, o zaman uşağın psixologiyası iki qat korlanmış olar". Bu fikirləri SİA-ya psixoloq Fərəh Quliyeva qüsurlu uşaqların valideyinlərinin övladları ilə davranış qaydalarından danışarkən deyib.

"Qüsurlu uşaqların valideynləri davranışlarında diqqətli olmalıdırlar"

O bildirib ki, qüsurlu uşaqların valideyinləri arasında münasibət mütləq şəkildə normal olmalıdır: "Çünki, valideynlər arasında olan hər hansı bir ziddiyyət uşaqların psixologiyasına öz təsirini göstərməklə yanaşı, travmaya səbəb ola bilir. Belə halda uşaqlar özünə qapanır, öz sosiallıqlarını unudaraq, kənardakı insanlara qarşı sevgi və qayğı göstərə bilmirlər. Bu baxımdan uşaqlarında qüsur və ya psixoloji problemi olan valideyinlər, xüsusilə də analar davranışlarında diqqətli olmalıdırlar. Əgər anada bezmək, yorulmaq kimi hallar müşahidə edilirsə, o mütləq şəkildə psixoloqa getməlidir. Bu cür uşaqlı valideyinlər bəzən övladlarını psixoloqa aparır, lakin psixoloqdan qayıtdıqdan sonra uşaqlarına əvvəlki münasibəti göstərir. Belə olan halda, həmin uşaqların psixoloqa getməsinin heç bir faydası yoxdur. uşağında qüsuru olan anaların daxilində bu halla barışmazlıq olur. Əgər valideyin uzun illər nəyə görə mənim uşağım belədir sualı ilə yaşayacaqsa, bu, sonda valideyinin böyük stress keçirməsinə səbəb olacaq ki, yenə də bundan məhz uşaqlar əziyyət çəkəcək".

"Uşaqlarla birlikdə valideyinlər də psixoloqa müracət etməlidir"

Psixoloqun fikrincə, valideyinin övladına olan münasibəti, uşağın ətrafdakılarla ünsiyyətinə birbaşa təsir edir: "Əgər valideyinlərdən hansısa biri uşağı ilə kobud rəftar edəcək, ona laqeyd yanaşacaqsa, o zaman həmin uşaq öz sinif yoldaşlarına, eyni zamanda müəllimlərinə qarşı da bu tip yanaşma nümayiş etdirəcək. Uşaqlarında qüsur və ya psixoloji problemi olan valideyinlər ilk növbədə onlarla davranış qaydalarını bilməlidirlər. Psixoloji gərginliyi olan valideyinlər əlbəttə ki, düzgün davranmağı da bilməyəcəklər. Bu da sonda uşaqların böyük stress keçirməsinə gətirib çıxaracaq. Çox təəssüf ki, bəzi valideyinlər psixoloqa müraciət etmək əvəzinə, öz rəfiqələrindən aldıqları yanlış məsləhətlərin qurbanı olurlar. Buna yol vermək olmaz. Əgər valideyinlərdə öz ailələrinə, uşaqlarına qarşı hər hansı mənfi emosiyalar, duyğular varsa, onlar mütləq psixoloqa müraciət etməlidir. Onlar bununla təkcə özlərini deyil, ailə üzvlərini də xilas etmiş olurlar. Burada maariflənmə mühüm rol oynayır. Maariflənmə gələcək inkişafımız üçün mühümdür. Valideynlər bilməlidir ki, uşaqlara qayğı yemək-içməklə ölçülmür. Əgər uşaqda narahatçılıq varsa, o zaman psixoloqa müraciət etməli, bununla yanaşı özləri də psixoloq məsləhəti almalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə