BMTİP Milli Strategiyanı alqışlayır

BMTİP Milli Strategiyanı alqışlayır

BMT İnkişaf Proqramı (BMTİP) Azərbaycan Prezidenti tərəfindən "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya"nın təsdiqini təqdir edir. SİA-nın məlumatına görə, BMTİP Bakıdakı Rezident Nümayəndəsi Qulam İshaqzai qarşıdakı 5 il ərzində hökumətlə əməkdaşlığın gücləndirilməsində Milli Strategiyanın rolunu qeyd edib: "Adıçəkilən Milli Strategiya bu sahədə islahatların aparılmasına təkan verməklə yanaşı, bioloji müxtəliflik və ümumiyyətlə, ətraf mühitin mühafizəsi üzrə proqram fəaliyyətlərində BMTİP və hökumət arasında əməkdaşlığın artırılmasına müsbət təsir göstərəcək. BMTİP bioloji müxtəliflik və eko-sistemin idarə edilməsində Qlobal Ekologiya Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığını davam edəcəkdir".

Bioloji müxtəliflik üzrə birinci Milli Strategiya və Fəaliyyət Planının həyata keçirilməsindən bəri Azərbaycanda qorunan ərazilərin sahəsi 5%-dən 11.3%-ə, meşə örtüyü sahəsi isə 11.4%-dən 12.1%-ə qədər artıb. Ölkədə artıq səkkiz milli park təsis olunub və hazırda iki milli park da yaradılmaqdadır.

Azərbaycan hökuməti bu, ikinci Milli Strategiyanı BMTİP yaxın tərəfdaşlıq çərçivəsində iki ilə hazırlayıb. Strategiyanın əsas məqsədi genetik resursların səmərəli istifadəsi, bioloji müxtəlifliyin müdafiəsi və mühafizəsi, ekoloji dayanıqlılığın təkmilləşdirilməsi, xüsusi mühafizə olunan ərazilərin yaradılması, bioloji müxtəlifliyə təsir edəcək risklərin azaldılması və bu sahədə cəmiyyətin maarifləndirilməsi və s. təşkil edir.

Qulam İshaqzaiyə görə, "Milli Bioloji müxtəlifliyə dair Strategiya Azərbaycan hökumətinə ölkədə suda (DİM 14) və quruda həyat (DİM 15) üzrə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu hədəf ilinədək uğurla həyata keçirməsində dəstək verəcəkdir"

Təsdiq edilmiş Milli Strategiya Bioloji Müxtəliflik üzrə Konvensiya ilə sıx bağlıdır. Bu konvensiya dünya ictimaiyyətinin dayanıqlı inkişafa olan öhdəliyi nəticəsində hazırlanıb. Bioloji Müxtəliflik üzrə Konvensiya 5 iyun 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf üzrə Konfransında (Rio "Yer Sammiti") imza üçün təqdim edilib. Sənəd 168 üzv ölkə imzası ilə 4 iyun 1993-cü ildə qəbul edilib. Azərbaycan isə 2000-ci ilin martında bu konvensiyaya qoşulub. Konvensiya bütün üzv ölkələrdən mütəmadi Milli Hesabatlar və Milli Fəaliyyət Planı tələb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə