İƏT-ə üzv dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı keçirilib YENİLƏNIB - SƏS TV

İƏT-ə üzv dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı keçirilib YENİLƏNIB - SƏS TV

Bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı keçirilib. SİA-nın məlumatına görə, Konfransın açılışında çıxış edən İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov deyib ki, İslam ölkələrinin jurnalistlərini bir araya gətirən qurumun yaradılmasına ehtiyac var. Onun sözlərinə görə, təşkilat müsəlman dövlətlərinin maraqlarına uyğun fəaliyyət göstərməlidir.

Daha sonra çıxış edən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılmasının dəstəklənməsini zəruri sayıb və konfransın bu Assosiasiyanın yaradılması niyyəti ilə keçirildiyini nəzərə çatdırıb.

Sudanın Azərbaycandakı səfiri Mohamed Elias Mohamed Al-Had İslam dininin həmrəylik dini olduğunu bildirib: "Başqalarına islamın ali məqsədlərinə ziyan yetirməyə imkan verməməliyik. Bəzən İslama məxsus olmayan dəyərləri ona aid etməyə cəhd edirlər".

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Musaid Biin İbrahim Al-Sulaim ölkəsinin müsəlmanların problemlərinin həlli üçün heç vaxt səylərini əsirgəmədiyini söyləyib: "Bakıda İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının birinci konfransına uğurlar arzulayıram".

İranın Azərbaycandakı səfirinin müavini Davud Çərmi isə İranın Assosiasiyanın yaradılmasını dəstəklədiyini qeyd edib: "İnanıram ki, bu Assosiasiya İslam aləmini dünyada düzgün təmsil edəcək, islamafobiyanın qarşısının alınmasına xidmət edəcək".

Türkiyənin Azərbaycandakı müvəqqəti işlər vəkili Meral Barlas KİV-lərin məsuliyyətli olmasını zəruri sayıb: "Türkiyə və Azərbaycan mediası, jurnalistləri arasında sıx əlaqə var. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də əməkdaşlığı dəstəkləyir. Günümüzdə birtərəfli yayıma üstünlük verən Qərb mediası var. Dağlıq Qarabağ, Kipr kimi problemlər də beynəlxalq ictimaiyyətə yanlış şəkildə çatdırılır. Bu baxımdan müvafiq platformaların yaradılmasını dəstəkləyirik. Konfransa uğurlar arzulayıram".

İndoneziyanın Azərbaycandakı səfiri Hunan Fananie KİV-lərin demokratiyanın onurğa sütunu olduğunu vurğulayıb: "Bir çox İslamla bağlı mənfi səpkidə fikirlər səsləndirilir. Xüsusən Qərb ölkələri İndoneziyaya baxanda İslamın alternativ formasını görürlər. İndoneziya dünyanın müsəlmanlar yaşayan ən böyük məmləkətidir, yeni və demokratik dəyərlər sistemində yaşayır. Biz İslamın ölkələrə yardım və töhfə verdiyini görürük".

İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fazil Əl-Şübeyli terroru dəstəkləyən ölkələrin dünyada İslam haqqında rəyi dəyişdirdiyini vurğulayıb: "İslam tolerantlığı təbliğ edir. Azərbaycan da tolerant bir ölkədir və dünən Roma Papası Fransiskin qəbul edilməsi bunun nümunəsidir. İnformasiya məsələsinə xüsusi diqqət yetirməliyik. İnformasiya mədəniyyətin təbliğində əsas rol oynayır".

Daha sonra İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov "İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaranma zərurəti, məqsəd və vəzifələri" mövzusunda məruzə ilə çıxış edib.

Konfrans çıxışlarla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə