Elmira Süleymanova: "Məcburi köçkünlərin təhsili üçün çox işlər görülüb"

Elmira Süleymanova: "Məcburi köçkünlərin təhsili üçün çox işlər görülüb"

Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünü var və Ermənistanın işğalçılıq siyasəti nəticəsində onların hüquqları kütləvi şəkildə pozulub. SİA-nın məlumatına görə, bunu ombudsman Elmira Süleymanova Beşinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi" mövzusundakı dəyirmi masada deyib. E.Süleymanova bildirib ki, məcburi köçkünlərin təhsil alması, peşəyə yiyələnməsi üçün ölkədə bir sıra işlər həyata keçirilib. Ali məktəblərə qəbulda yüksək bal toplayanlar arasında məcburi köçkünlər də olub.

O vurğulayıb ki, erməni təcavüzü nəticəsində Azərbaycanda bütün sahələrə olduğu kimi, təhsil sahəsinə də ciddi ziyan dəyib, təhsil müəsissələri dağıdılıb, ermənilərin atəşkəsi pozması nəticəsində həlak olanlar arasında məktəblilər də var. Ombudsman deyib ki, məcburi köçkünlərin hüquqlarının pozulmasına dair beynəlxalq qurumlara dəfələrlə bəyanatlar ünvanlasa da, problemin həllinə dair konkret bir cavab almayıb.

Pensilvaniya Dövlət Universitetinin əməkdaşı Yael Varşel bildirib ki, elə etməliyik ki, təhsil ocaqları miqrantların da üzünə açıq olsun: "Çalışmalıyıq ki, qlobal şəkildə savadlılığı artıraq. Miqrantlar arasında savadsızlığı aradan qaldıraq. Həmçinin, beynəlxalq ictimaiyyət olaraq təhsil modelləri hazırlamalıyıq və onlar beynəlxalq xarakter daşımalıdır ki, miqrantların da maraqlarına xidmət edə bilsin".

Misirin Əl-Ummal Universitetinin rektoru Abdelrahman Əli Saad Misirin bu sahədəki təcrübəsini bölüşüb, Misirin iqtisadi çətinlikləri olmasına baxmayaraq qaçqın, məcburi köçkün məsələlərinə həssas yanaşdıqlarını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə