"Miqrantlar arasında qızlar daha çox diskriminasiyaya məruz qalır"

"Miqrantlar arasında qızlar daha çox diskriminasiyaya məruz qalır"

Dialoqdan imtina insan dəyərlərinə, gələcəyə də yox deməkdir. Ona görə də hər zaman dialoqa üstünlük verməliyik. SİA-nın məlumatına görə, bunu beşinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi" mövzusunda dəyirmi masada Bolqarıstanın vitse-prezidenti Marqarita Popova deyib. O bildirib ki, bu gün dünyanın ədalətə, daha dolğun bir həyata ehtiyacı var: "Mənəviyyat həmişə qalib gəlib və biz riyakarlıqdan uzaq olub, mənəvi dəyərləri dəstəkləməliyik. Öz gələcəyimizi özümüz qurmalıyıq".

Bolqarıstanlı rəsmi bu mənada Bakı forumunun əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu tədbir vacib mövzuların müzakirəsi üçün əlverişli meydandır. BMT Baş katibinin müavini, Avropa və MDB üzrə regional bürosunun direktoru Cihan Sultanoğlu bildirib ki, dünyada miqrantların sayının artması müşahidə olunur. Son illər beş milyon suriyalı yerdəyişməyə məruz qalıb. Türkiyə dünyada ən çox qaçqın qəbul edən ölkədir. Bu ölkədə iki milyon yarım qaçqın var, onların bir hissəsinin türkcə danışa bilməməsi çox pis haldır, xüsusilə təhsil alanlar üçün bu, çətinlik yaradır.

O bildirib ki, miqrasiyanın ölçüsü bir sıra ölkələrə çağrışdır və miqrantları qəbul edən ölkələrə yardım lazımdır: "BMT bu məsələnin həlli yollarını müzakirə edib. İnsan kapitalını qorumaq üçün ilk növbədə insan hüquqlarını qorumalıyıq. Biz uzunmüddətli və qısamüddətli tədbirlər vasitəsilə miqrasiya problemlərini həll edə bilərik".

BMT Baş katibinin köməkçisi Rəşid Xalikov isə deyib ki, miqrantlar diskriminasiyaya, ksenofobiyaya məruz qalır, təhsil və səhiyyə xidmətlərindən istifadə edə bilmirlər: "Miqrantlar sırasında daha çox qızlar diskriminasiyaya məruz qalır".

BMT rəsmisi əlavə edib ki, bu insanları qəbul edən ölkələrə daha çox yardım etməli, miqrantlar üçün iş yerlərini açılmasına nail olunmalıdır: "Bu insanlar həmin ölkənin inkişafına öz tohfələrini verə bilərlər. Bu, hələ də humanitar məsələ olmaqla yanaşı, həm də bir çağırışdır. Onların problemi uzun müddətdir həll olunmur. Dövlət qurumları, QHT-lər, özəl sektor bu istiqamətdə birgə işləməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə