Aslan Aslanov: "Bugünkü müzakirələr dünya mediası üçün töhfə olacaq"

Aslan Aslanov: "Bugünkü müzakirələr dünya mediası üçün töhfə olacaq"

"Bakı Beynəlxalq Humanitar Forumunun bu gün keçirilən toplantısında jurnalistikanın informasiya dövrünə transformasiyası və sivilizasiyalararası dialoqun təmin olunmasında onun rolu ilə bağlı məsələlər ətrafında geniş müzakirələr aparılacaq".

SİA-nın xəbərinə görə, bunu Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) Baş direktoru Aslan Aslanov jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, ümumiyyətlə, bu mövzu dünya mediasını da dərindən düşündürür və narahat edir: "Bu baxımdan da sözügedən mövzu Azərbaycan üçün olduğu kimi, dünya mediası üçün də aktualdır. Ona görə də biz Bakıda keçirilən 5-ci Humanitar Forum çərçivəsində 3 sessiya keçirəcəyik. Birinci sessiyada jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması məsələsi müzakirə olunacaq. İkinci sessiyada isə mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin olunmasında mətbuatın roluna baxılacaq, bu məsələlər ətrafında geniş diskusiyalar aparılacaq. Üçüncü sessiyada isə sosial media, virtual və internet jurnalistikasının problemlərindən söhbət açılacaq. Bu da ənənəvi media ilə internet mediasının çox aktiv mübarizə apardığı dövrə təsadüf edir. Bütün bu məsələlər təkcə region və Azərbaycan üçün deyil, bütövlükdə dünya mediasını narahat edir. Mən bu yaxınlarda Avropa dövlətlərinin xəbər agentliklərinin Brüsseldə keçirilən toplantısında iştirak edirdim. Həmin toplantıda da bütün bu məsələlər ətrafında geniş müzakirələr aparılıb".

A.Aslanov qey edib ki, bu gün Bakıda keçirilən tədbirdə də dünyanın 50-dən çox ölkəsindən 80-dən çox nümayəndə iştirak edir: "Onların böyük əksəriyyəti xarici ölkələrin informasiya agentliklərinin, radio və televiziya qurumlarının, mətbuat orqanlarının rəhbərləri və təmsilçiləridir. Onlar bu gün Bakıda keçirilən toplantıda çox fəal iştirak edirlər. Toplantıda müzakirə olunan mövzular o qədər aktual və maraqlıdır ki, bugünkü sessiyaya dünyanın bir çox tanınmış siyasi xadimləri maraq göstərirlər. Misal üçün, Xorvatiyanın iki keçmiş prezidenti də bizim sessiyada çıxış etmək istəyir, mətbuatın qlobal problemləri barədə fikir bildirmək istəyir. Bundan başqa, Argentinanın vitse-prezidenti, YUNESKO-nun baş direktorunun birinci müavini və digər tanınmış və nüfuzlu şəxslər də öz təşəbbüsü ilə bugünkü toplantıda iştirak edir. Onların çıxışları da gözlənilir. Bütün bunlar bir daha onu göstərir ki, müasir jurnalistika yeni mərhələyə qədəm qoyub və dünya nizamında mütləq öz yerini tapmalıdır. Bunun üçün də gərgin müzakirələr gedir. Əminəm ki, bu gün Bakıda sözügedən mövzularda çox maraqlı və səmərəli müzakirələr olacaq. Bu müzakirələrə Azərbaycanın yerli mütəxəssisləri, jurnalistika sahəsində çalışan alimlər, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetin və Azərbaycan Diplomatiya Akademiyasının alimləri və media rəhbərləri də cəlb olunub. Onlar da medianın qarşılaşdığı yeni problemlərlə bağlı maraqlı fikirlər bildirəcəklər. Bütün bunlara görə də hesab edirəm ki, bugünkü müzakirələr dünya mediası üçün böyük töhfə olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə