YUNESKO-nun direktor müavini: "Transformasiya mühitində keyfiyyətli jurnalistika önəmlidir"
Bu gün V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AzərTAC-ın təşkilatçılığı ilə "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu" mövzusunda Dəyirmi Masanın "İnformasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması" adlı birinci paneli keçirilib. SİA-nın məlumatına görə, Dəyirmi Masanın moderatoru Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman olub.
AzərTAC-ın baş direktoru Aslan Aslanov Bakı Beynəlxalq Humanitar Forumunun nüfuzlu beynəlxalq platformaya çevrildiyini, Forumun humanitar əməkdaşlığın Azərbaycan modeli olduğunu söyləyib.
Moderator M. Qusman Forumun təşkili ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.
YUNESKO baş direktorunun birinci müavini Enqida Qetaçyu internetin inkişafı ilə sosial medianın inkişaf etdiyini diqqət çəkib: "İnternet inqilabı ümumilikdə mediaya və bütövlükdə cəmiyyətə təsir göstərdi, fikir azadlığı mühiti yaratdı. Eyni zamanda internet, gənclərin lazımi bilik əldə etməsinə də imkan yaradıb. Transformasiya mühitində keyfiyyətli jurnalistika önəmlidir. Jurnalistika böhran və müharibə dövrlərində cəmiyyətə obyektiv informasiya çatdırmalıdır. Etibarlı məlumat, humanitar böhran dövrlərində media və informasiyanın insanların həyatının xilas edilməsində çox böyük rol oynaması vacibdir. Məlumatlardan istifadə imkanları davamlı inkişafda mühüm rol oynayır. Azərbaycan hökumətinə təşəkkür edirəm ki, bilik və informasiyaların mübadiləsi üçün Forumu belə platformaya çevirib".
ADA Universitetinin Aparat rəhbəri Şəfəq Mehrəliyeva Azərbaycanda medianın, mədəniyyətin, ədəbiyyatın, musiqinin inkişafından, Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətindən söz açıb. Bu gün jurnalistikanın vəzifələrinə toxunan Ş. Mehrəliyeva medianın məsuliyyətli olmasını zəruri sayıb.
İranın İRNA xəbər agentliyinin icraçı direktoru Məhəmməd Xodadi isə bu gün insanların internet vətəndaşına çevrildiyini, yeni medianın yeni xidmətlər təklif etdiyini qeyd edib: "Əgər 1970-1980-ci illərdə "Reuters", "Associated-Press" kimi agentliklər əsas informasiya qaynaqları idisə, bu gün sosial media əsas informasiya qaynağıdır. Müasir dövrdə informasiya daha geniş auditoriyanı əhatə edir. Jurnalistikanın artıq yeni reallıqlara adaptasiyası lazımdır".
Malaziya "Qlobalist" jurnalının təsisçisi Yusof Haşim Asiya ölkələrində informasiyaların tənqidi xarakter daşımadığını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB