BƏƏ-də Azərbaycanlı uşaqlar üçün bazar günü məktəbi açılıb

BƏƏ-də Azərbaycanlı uşaqlar üçün bazar günü məktəbi açılıb

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin nəzdində məktəbəqədər və azyaşlı azərbaycanlı uşaqlar üçün bazar günü məktəbi açılıb.

SİA-ya ölkəmizin BƏƏ-dəki səfirliyindən verilən məlumata görə, məktəb bu ölkədə xalqımızın milli dil, tarix, mədəniyyət və adət- ənənələrini qorumaq, eləcə də gənc nəslin vətənə məhəbbət ruhunda tərbiyələndirilməsi üçün Azərbaycan səfirliyinin təşəbbüsü ilə təşkil edilib. Məktəbin açılış mərasimində səfir Daşqın Şikarov bazar günü məktəbinin təşkili təşəbbüsünə dair əsl vətənpərvərlik nümunəsini nümayiş etdirdiklərinə görə, iştirakçılara təşəkkürünü bildirərək, ilk növbədə, qədim köklərə və zəngin söz ehtiyatına malik ana dilimiz haqqında danışıb. Sonra səfir ümummilli lider Heydər Əliyevin rus dilinin dövlət dili olduğu Sovet hakimiyyəti dövründə mötəbər vəzifələrdə işləməsinə baxmayaraq, öz doğma dilini mükəmməl səviyyədə bildiyini, ətrafında olan azərbaycanlı həmkarlarına öz doğma dilini bilmələrini tövsiyə etdiyini və bunun da ulu öndərin vətənə sevgisindən irəli gəldiyini məktəblilərin diqqətinə çatdırıb, onların vətənlərindən uzaq düşmələrinə baxmayaraq, vətənpərvərlik ruhunda tərbiyə almalarının vacibliyini qabardıb. Çıxışında, həmçinin D.Şikarov müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ümummilli liderin ana dilinin qorunması istiqamətində mühüm işlər gördüyünü xüsusilə qeyd edib, bu gün də bu uzaqgörən siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb və misal olaraq, dövlətimizin başçısının 2012-ci ildə imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Sərəncamını qeyd edib. Sonra səfir ilk dərsin "Heydər Əliyevin şəxsi və peşəkar həyatı" mövzusunda giriş nitqi ilə çıxış edərək, ulu öndərin şəxsi həyatı, təhsili və dövlət qurumlarında fəaliyyəti barəsində dinləyicilərə məlumat verib. Xüsusilə qeyd edib ki, Heydər Əliyevin ailəsi və doğmalarına, vətəninə hədsiz dərəcədə bağlı olması, eləcə də təhsildə hər zaman əla qiymətlərə can atması, işinə məsuliyyətlə yanaşması və hər zaman yüksək nəticələrə nail olması kimi mühüm şəxsi keyfiyyətləri həyatını parlaq və müvəffəq olmasını arzu edən hər bir azərbaycanlı üçün etalon olmalıdır.

Məktəbin təşkilatçısı olan səfirin xanımı Ülviyyə Şikarova Əbu-Dabidə bazar günü məktəbinin yaradılmasının məqsəd və məramlarından ətraflı danışıb. Diqqətə çatdırıb ki, bu məktəb ölkəmizin hüdudlarından kənarda daimi və ya müvəqqəti əsasda yaşayan gənc nəslimizin nümayəndələrinə öz milli xüsusiyyətlərini qoruyub saxlamağa əhəmiyyətli dərəcədə yardım edəcəkdir. Bu məqsədlə səfirliyin diplomatlarının xanımları və diasporumuzun fəalları ilə birgə proqram hazırlanıb və dərslərin prioritet mövzuları müəyyən edilib. Bu proqram ümummilli liderin irsinin öyrənilməsini, Azərbaycanın dövlət başçısının və birinci xanımının həyatı və fəaliyyəti, eləcə də ölkənin qədim və müasir tarixi, mədəniyyəti, coğrafiyası ilə tanışlığı əhatə edir. Ardınca Ü.Şikarova ilk dərsin mövzusu haqqında danışarkən Heydər Əliyevin uşaqlıq və gənc illərinin parlaq səhifələrindən bəhs edib. Bu xüsusda, qeyd edib ki, Heydər Əliyev fitri zəkası, istedadı və bacarığı sayəsində gənc yaşlarında dövlət orqanlarında çalışmağa başlayıb. Sonra Ü,Şikarova məktəbliləri Heydər Əliyevin Sovet İttifaqı dönəmində Azərbaycan SSR-na rəhbərliyi ərzində gördüyü işlərlə tanış edib, ölkəmizi SSRİ-nin süqutu nəticəsində meydana çıxan xaosdan necə xilas etdiyi barədə məlumat verib. Vurğulayıb ki, Heydər Əliyevin gəlişi hamımızı inamlı sabah apardı. Və ulu öndərin öz xalqının rifahı, Azərbaycanın inkişafı naminə misilsiz xidmətlər göstərib və buna görə də, xalqı tərəfindən ümummilli lider adına layıq görülüb. Qeyd edək ki, səfirliyinin nəzdində "Qarabağ inciləri" adlı rəqs dərnəyi də təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə