Eynicinslilərin rəsmi nikahına
Meksikalılar etiraz edir

Minlərlə meksikalı Meksikanın paytaxtı Mexikoda hökumətin eynicinslilərin nikahlarını leqallaşdırmağa yönəlmiş addımına qarşı etiraz edib. SİA-nın məlumatına görə, bu barədə qeyd edən BBC telekanalı əlavə edib ki, etirazçılar qeyri-ənənəvi orientasiyanın əleyhinə olmasalar da, ənənəvi ailə dəyərlərinə və nikah instituna zərbə vuracaq eynicinslilərin nikahı qanununun qəbulunu yolverilməz hesab edirlər.

Artıq məsələ ilə bağlı etirazçılar ölkə prezidenti Enrike Penya Nyetto ilə görüşmək tələblərini də irəli sürüblər.

Lakin bu arada LGBT fəaları da öz aksiyalarını təşkil etməkdədirlər. Onlar prezidentin qərarını dəstəkləyirlər və sona qədər mübarizə aparacaqlarını deyirlər.

Məlumatda bildirilir ki, prezident Penya Nyettonun konstitusiyada dəyişikliklər etmək istəyi barədə bəyanatından sonra katolik Meksikada ictimai rəy iki yerə parçalanıb. Belə ki, eynicinslilərin nikahı ölkənin bəzi ştatlarında icazə verilib. Ancaq prezident bu qanunu ümumdövlət səviyyəsində qəbul etməyi qarşısına məqsəd kimi qoyub.

Bir il öncə isə Meksikanın ali məhkəməsi ölkənin bəzi ştatlarında eynicinslilərin nikahına icazənin verildiyi halda digər ştatlarda buna qadağanın qoyulmmasını konstitusiyaya zidd olduğu barədə qərar çıxarmışdı.

Xatırladaq ki, Latın Amerikası ölkələrinin yalnız dördündə - Argentinada, Braziliyada, Uruqvayda və Kolumbiyada eynicinslilərin rəsmi nikah qurmalarını təsdiq edən dövlət qanunu mövcuddur.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə