Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Azərbaycan mədəniyyətlər diyarıdır" adlı layihənin icrasına başlanılıb. SİA-nın xəbərinə görə, tədbirdə ilk olaraq layihənin məqsəd və məramından söhbət açılıb.
Bildirilib ki, Azərbaycan yüzilliklər boyu müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasının unikal nümunəsidir. Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcud olub. Təəssüf ki, Azərbaycanda separatizmi körükləməkdə maraqlı olan xaricdəki güclər həm etnik və həm də dini müstəvidə ölkəmiz üçün hər zaman problemlər yaratmağa çalışırlar. Xüsusilə gənclərdən, təhsili zəif olan insanlardan öz məqsədləri üçün istifadə edirlər. Bu istiqamətdə maarifləndirmə işinin aparılması vacibdir. Gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti bütün cəmiyyətin üzərinə düşür.
Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Sərxanbəy Xuduyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Əli Həziyev, "İmam Əli" Məscidinin axundu, ilahiyyatçı Hacı Sadiq Əsgərov, İçərişəhər "Cümə" Məscidinin axund köməkçisi Hacı Elşən Əlizadə çıxış ediblər.
Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi beynəlxalq müstəvidə yüksək qiymətləndirilib və tanınıb. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikuturalizm ili" elan edilməsi ölkəmizdə yaşana müxtəlif xalqların, eləcə də dinlərin nümayəndələrinə verilən dəyərin əyani təzahürüdür. Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir. Ölkə rəhbəri müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edir. Beləliklə, tarixən Azərbaycanda formalaşmış tolerantlıq və dözümlülük cəmiyyətimizi səciyyələndirən gözəl bir ənənəyə çevrilmişdir. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində çoxmillətli Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü yüksək səviyyədə göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB