Baş prokuror və üç nazir qəbul keçirib

Baş prokuror Şirvan şəhərində, səhiyyə naziri Şəkidə, mədəniyyət və turizm naziri Biləsuvarda və təhsil naziri Zərdabda vətəndaşları qəbul edib
Baş prokuror və üç nazir qəbul keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov bu gün Şirvan Şəhər Prokurorluğunun inzibati binasında Şirvan şəhərindən, Hacıqabul, Saatlı, Sabirabad və Salyan rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Zakir Qaralov və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək, şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Zakir Qaralov bölgədə yaşayan 20-yə yaxın vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların ərizə və şikayətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Eyni zamanda, prokurorluğun səlahiyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin edilib.

Qəbuldan sonra baş prokuror Zakir Qaralovun sədrliyi ilə tabe prokurorların iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə baş prokuror vətəndaş-məmur münasibətlərinin Prezident İlham Əliyevin tələblərinə uyğun olaraq, sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin və kəsərliliyinin artırılması, habelə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli istiqamətində tədbirlər görülür.

***

Səhiyyə naziri Oqtay Şirəliyev isə Şəki Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəbulda Şəki, Oğuz, Qax, Balakən və Zaqatala rayonları sakinlərinin səhiyyə sahəsinə dair şikayət və müraciətləri dinlənilib. Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

***

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 23-də Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində Biləsuvar, Beyləqan, Neftçala, Salyan, Cəbrayıl və Xocavənd rayonlarından vətəndaşları qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, görüşdən əvvəl nazir Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli Liderin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, kadr təminatı, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Biləsuvar rayonundan qəbula yazılan vətəndaşlar müasir informasiya texnologiyalarından istifadə ilə bağlı kitabxana işçiləri üçün təlimlərin keçirilməsi, tarix-diyarşünaslıq muzeyinə muzey əşyalarının alınması, uşaq incəsənət məktəbinə əyani vəsaitlərin verilməsi və qeyri-hökumət təşkilatları ilə birgə layihələrin keçirilməsi məqsədilə treninqlərin təşkilinə kömək göstərilməsini xahiş ediblər.

Beyləqan sakinləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunmuş "Mücirəddin Beyləqani dünyası" kitabının əlavə tirajla çap edilməsi, rayon mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən xalq teatrının fəaliyyətinin gücləndirilməsi üçün mütəxəssislərin ezam olunması, məcburi köçkünlərin məskunlaşdığı klub müəssisələrinin təmirinə yardım edilməsi barədə müraciət ediblər.

Neftçala rayonundan qəbula gələnlərin müraciətləri yerli sənətkarların əl işlərindən ibarət sərgi-müsabiqənin keçirilməsi, Bakı şəhərində yerləşən musiqi və incəsənət məktəblərinin region məktəbləri ilə əməkdaşlığının gücləndirilməsi barədə olub.

Salyan sakinləri tərəfindən rayon kitabxanalarına multikulturalizmə aid ədəbiyyatın verilməsi, aşıq Pənah Pənahovun ev-muzeyinin yaradılması, "Cəngi" xalq kollektivinin yeni xoreoqrafiya quruluşuna kömək göstərilməsi, 2012-ci ildə arxeoloji qazıntılar zamanı aşkar olunmuş qədim yaşayış məskəni ərazisində açıq havada muzeyin yaradılması, rayonda müalicə turizm zonasının təşkilinə dair müraciətlər səslənib.

Cəbrayıl rayonundan vətəndaşların xahişi rayon tarix-diyarşünaslıq muzeyinin fondundakı xalçaların sərgisinin təşkili, Böyük Mərcanlı uşaq incəsənət məktəbinə zəruri musiqi ədəbiyyatının verilməsi olub.

Xocavənd rayonundan qəbula yazılanlar rayon ərazisindəki Nərgiztəpə arxeoloji abidəsinin mühafizəsinə kömək göstərilməsi və digər məsələlərlə bağlı xahişlərini nəzərə çatdırıblar.

Qəbula gəlmiş bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

Nazir jurnalistlərə müsahibəsində bildirib ki, dövlətimizin başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflər, faydalı təşəbbüslər irəli sürülür. Belə canlı ünsiyyət bir sıra məsələlərin operativ həlli baxımdan çox vacibdir. Budəfəki görüşdə də aktual məsələlərə toxunulduğunu vurğulayan Ə.Qarayev mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərdə ekspozisiyaların yenilənməsi ilə bağlı təkliflərin olduğunu deyib: "Digər qəbullarda olduğu kimi, budəfəki görüşümüz də göstərdi ki, insanlar yerlərdə mədəniyyətin və turizmin inkişafına həssaslıqla yanaşır, faydalı təkliflər irəli sürürlər. Bütün bunlar yerlərdə mədəniyyət və turizm sahəsində mövcud problemlərin həllinə müsbət təsir edir".

Regionlarda turizmin inkişaf etdirilməsi ilə bağlı təkliflərin də nəzərdən keçiriləcəyini bildirən nazir vətəndaşların təşəbbüskarlığını təqdir edib. Bildirib ki, turizm sənayesinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir: "Turizm sənayesi Azərbaycanda sürətlə inkişaf edən və iqtisadiyyatın qeyri-neft sektoru sahəsində əsas prioritet istiqamətlərdən biridir. Sentyabrın 1-də Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam turizm sənayesinin yaxın gələcəkdə inkişaf istiqamətlərini müəyyən edən proqram sənəddir. Hazırda ölkəmizdə yeni turizm zonalarının yaradılması istiqamətində də mühüm işlər görülür. Ölkəmizin bu bölgəsinin də böyük turizm potensialı var. Bu zonada da turizmin inkişafı üçün atılan addımlar davam etdiriləcək".

***

Təhsil naziri Mikayıl Cabbarov isə Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Təhsil Nazirliyindən bildiriblər ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ucar, Zərdab, Göyçay və Ağcabədi rayonlarında yaşayan vətəndaşların müraciətləri dinlənilir.

Əksər məsələlər yerindəcə həllini tapır, bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilir. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınır.

Bütün xəbərlər Facebook səhifəmizdə