Multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur. SİA-nın məlumatına görə, Azərbaycan tarix boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb. Bakı Prosesi çərçivəsində Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, bununla yanaşı Bakı Beynəlxalq Humanitar Forumları, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu dövlətin multikulturalizm ideyalarına verdiyi önəmin təcəssümüdür. Yuxarıda sadalananların məntiqi davamı kimi, Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 yanvar tarixli 1673 nömrəli Sərəncamına uyğun olaraq 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan olunmuşdur. Bununla bağlı cari ilin 11 mart tarixində təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə "Multikulturalizm gənclərin gözü ilə" qısametrajlı film müsabiqəsi həyata keçiriləcək. Müsabiqənin təşkil olunmasında əsas məqsəd Azərbaycanda gənclər arasında multikultural dəyərlərin daha da möhkəmlənməsindən ibarətdir.
Müsabiqədə müxtəlif kateqoriyaları əhatə edəcək gənclər (fərdi və ya komanda şəklində), ali təhsil müəssisələri, elm mərkəzləri, gənclər və qeyri-hökumət təşkilatları iştirak edə biləcəkdir. İştirak etmək istəyənlər aşağıda göstərilmiş mövzulardan yalnız biri üzrə 3 dəqiqəlik qısametrajlı filmlər hazırlayaraq Təşkilat Komitəsinə təqdim edəcək.
- Bakı Prosesi: Multikulturalizmin Azərbaycan modeli;
- BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və multikulturalizm;
- Dünya sülhü və multikuluturalizm;
- Multikulturalizm: Müasir miqrasiya problemlərinin həlli vasitəsi kimi;
- Multikulturalizm: Münaqişələrin həlli vasitəsi kimi;
- Azərbaycanda olan multikulturalizm ənənələri və tarixi;
- Müasir dünyada ayrı-seçkilik, ksenofobiya, islamofobiya və antisemitizmin törətdiyi fəsadlar fonunda multikulturalizm;
- Dini, milli və mədəni müxtəliflik multikulturalizmin əsası kimi;
- Ermənistanın təcavüzkar siyasəti Cənubi Qafqazda multikulturalizmə hədə kimi.
Təşkilat Komitəsi müsabiqəyə böyük marağın olduğunu nəzərə alaraq müraciət müddətini 1 noyabr 2016-cı il tarixinədək uzadıb.
Hazırlanmış qısametrajlı filmlər 1 noyabr 2016-cı il tarixinədək Təşkilat Komitəsinə təqdim olunmalıdır. Təqdim olunmuş qısametrajlı filmlər Təşkilat Komitəsinə cəlb olunmuş ekspertlər tərəfindən qiymətləndirilərək ilk 3 yerin qaliblərinə müvafiq olaraq 1500 AZN, 1000 AZN və 500 AZN dəyərində mükafat və fəxri fərman təqdim ediləcək.
Ünvan: Bakı Şəhəri, Nizami küçəsi 203B, AF Business House (5-ci mərtəbə)
Əlaqə: 012 505 15 27/28
050 325 27 29
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB