Kosmik əməkdaşlıq haqqında memorandum imzalanıb

Kosmik əməkdaşlıq haqqında memorandum imzalanıb

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş təntənəli Ümumi yığıncaqda dərin məzmunlu çıxışı ilə Azərbaycan elminin yeni prioritetlərini müəyyənləşdirib, AMEA-nın elmi müəssisələri qarşısında konkret vəzifələr qoyub.

AMEA-dan SİA-ya verilən məlumata görə, dövlət başçısının xüsusi diqqət ayırdığı prioritetlərdən birinin ölkədə kosmik sənayenin inkişafı, bu sahədə elmi tədqiqatların aparılması ilə bağlı olduğunu nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyası ilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında kosmik məsafədən müşahidə peyk xidmətləri sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.
Tərəflər Azərbaycan Respublikası ərazisinin kosmik müşahidəsi nəticəsində elmi məqsədlər üçün peyk təsvirlərinin əldə olunması istiqamətində müasir texnologiyalardan geniş istifadə edilməsi məqsədilə əməkdaşlıq edəcəklər.

Sənəddə Azərbaycan Respublikasına məxsus süni peyklərin təhlükəsizliyi baxımından tələb olunan proqnoz xarakterli hesablama işlərinin yerinə yetirilməsi, nanopeyklərdə astrofiziki eksperimentlərin həyata keçirilməsi, kosmik təsvirlərin əsasında təhlükəli endogen geoloji proseslərin, palçıq vulkanı aktivliyinin, ekoloji şəraitin və digər proseslərin öyrənilməsi və monitorinqinə dair məsələlər yer alır. Bundan başqa, Memorandumda Azərbaycanın flora, fauna və torpaq örtüyü biomüxtəlifliyinin, eyni zamanda ərazinin geologiyasının öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi ilə bağlı layihələrdə kosmik təsvirlərin tətbiq edilməsi, ekzogen geoloji proseslərin, geoekoloji və faydalı qazıntıların istifadəsinin monitorinqi sahəsində əməkdaşlıq haqqında müddəalar öz əksini tapır.

Qeyd edək ki, umumilikdə tərəflər arasında prioritet sahələrdə qurulmuş əməkdaşlığı və birgə elmi fəaliyyəti genişləndirəcək bu Memorandum gələcəkdə Azərbaycan ərazisində ekoloji və geoloji təhlükələr haqqında yeni məlumatların əldə edilməsi və monitorinqinə, eləcə də faydalı qazıntıların axtarışına, Xəzərin səviyyəsinin və səhralaşma proseslərinin öyrənilməsinə imkan yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə