Yeni inkişaf mərhələsində yeni hədəflərə doğru

Qəbələdə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
Yeni inkişaf mərhələsində yeni hədəflərə doğru

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun üzvləri Qəbələ rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçiriblər.

"Yeni Azərbaycan" təşviqat qrupunun Qəbələ rayon şöbəsinin və Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov gənclərə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktı layihəsinin təqdim edilməsi müasir dövrün tələbindən irəli gələn addımdır. A.Ağasəfov bildirib ki, Konsitutsiyaya təklif olunan əlavə və dəyişikliklər vətəndaşlarımızın rifah halının yüksəldilməsinə, insan hüquq və azadlıqlarının qorunmasına, idarəçilik sisteminin daha da təkmilləşdirilməsinə hesablanan mütərəqqi addımdır: "Bu baxımdan da hesab edirəm ki, Azərbaycan gəncliyi bu dəyişikliklər fonunda özünün gələcəyini təminat altına almış olacaq. Ölkəmizdə keçiriləcək referendumun xalqın iradəsini ifadə etdiyi üçün düşünürəm ki, xalq da yeniliyə, inkişafa öz dəstəyini verəcək, səsvermə günündə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə "hə" deyəcək".

YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "İki sahil"qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 26 sentyabrda keçiriləcək referendumda Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər haqqında geniş məlumat verib. V.Rəhimzadə qeyd edib ki, ümumilikdə 29 maddədə əlavə və dəyişikliklər nəzərdə tutulub ki, bunların da hamısı birmənalı olaraq xalqımızın milli maraqlarına uyğun olmaqla yanaşı, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, hüquq və azadlıqların müdafiə olunmasına xidmət edir. Məlumdur ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsindən artıq 7 il vaxt ötüb. Bu 7 il ərzində Azərbaycan istər ölkə daxilində, istərsə də ölkə xaricində yeni inkişaf tələblərinə uyğun olaraq inkişaf edib. Məhz ona görə də, Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilmişdi. Konstitusiya Məhkəməsinin qərarına əsasən, təklif olunan dəyişikliklər Azərbaycan Konstitusiyasının ümumi müddəalarına ziddiyyət yaratmadığına və 155-ci maddənin tələblərinə uyğun olduğuna görə ümumxalq səsverməsinə çıxarılacaq. Bu və digər nüansları nəzərə alaraq hesab edirəm ki, ümumxalq səsverməsinə çıxarılacaq hər bir təklif dövlətimizin gücünü, nüfuzunu daha da artıracaq, ölkəmizin inkişafına töhfələr verəcəkdir".

Çıxış edən gənclərdən Səidə Bədəlova, Ayaz Ağalı, Lalə Ağamirzəli sentyabrın 26-da keçiriləcək referendumda hamılıqla fəal iştirak edəcəklərini dilə gətiriblər. Gənclər, həmçinin dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını yüksək dəyərləndiriblər.

Sonda "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Vüqar Rəhimzadə gəncləri maraqlandıran bir sıra sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə