Sentyabrın 9-da "Yeni Azərbaycan" təşviqat qrupunun Quba rayon şöbəsi rayonun II Nügədi kəndində seçicilərlə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşü giriş sözü ilə açan "Yeni Azərbaycan" təşviqat qrupunun Quba rayon şöbəsinin rəhbəri, Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Yusif Abidov Referendum Aktı haqqında məlumat verib. Bildirilib ki, "Yeni Azərbaycan" təşviqat qrupunun Quba rayon şöbəsi bu prosesdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Y. Abidov əmin olduğunu bildirib ki, seçicilər ölkəmizin inkişafına xidmət edən Konstitusiya islahatlarını dəstəkləyir, Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi müsbət qarşılanır. 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsi - referendum ölkəmizin inkişafı baxımından müstəsna əhəmiyyət daşıyır.
.jpg)
Çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Konstitusiya dəyişiklikləri sosial, siyasi, iqtisadi, hüquqi sahələrdə, o cümlədən idarəetmədə kompleks islahatları özündə ehtiva edir. Əminliklə söyləmək olar ki, təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək.
Millət vəkili əlavə edib ki, Konstitusiyaya dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət mərhələsi yaradacaq: "Vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda idarəetmə sahəsində yeni və olduqca vacib hadisədir. Azərbaycan prezidentli respublikadır, bəzi hallarda bir-birini təkrar edən müəyyən idarəetmə strukturları var. Prezident üsul-idarə sisteminin mövcud olduğu bir sıra ölkələrdə ölkə prezidenti 7 il müddətinə seçilir və ali icraedici hakimiyyətin başçısı kimi özünə birinci vitse-prezident və vitse-prezidentlər təyin etmək hüququ var. Bu sistem idarəetmədə yeni çevik, effektiv keyfiyyət yaradır. Beləliklə, Azərbaycanda yeni effektiv, optimal idarəetmə institutu yaradılacaq. Prezidentlik institutu daha da güclənəcək və idarəetmədə yeni operativ və effektiv mərhələ başlayacaq".

"Konstitusiyaya əlavə və dəyişikliklərlə milli təhlükəsizliyimizi təhdid edə biləcək birliklərin yaranmasına konstitusion qadağa gələcək, hüquqdan sui-istifadələrin qarşısı alınacaq, sahibkarlar sosial öhdəçiliyin subyektinə çevrilməklə sosial dövlət fəlsəfəsinə xidmət edəcəklər, məhkəmə süründürməçiliyinə son qoyulacaq, ədalətli mühakimə təmin ediləcək, Milli Məclisin bəzi səlahiyyətlərinə məhdudiyyətlər gətirməklə hakimiyyət bölgüsü dəqiqləşəcək və idarəetmədə çeviklik yaranacaq. Bütün bunlar isə Azərbaycanın tərəqqisinə və milli gücünün artmasına xidmət edəcək",-deyə millət vəkili Hikmət Babaoğlu əlavə edib.

Milli Məclisin deputatı Yevda Abramov isə deyib ki, Azərbaycan çox mühüm siyasi-hüquqi hadisə ərəfəsindədir: "Sentyabrın 26-da Azərbaycanda ümumxalq səsverməsi keçiriləcək. Əlavə və dəyişikliklərdə insan hüquqlarının müdafiəsi, hüquqlardan sui-istifadəyə yol verilməməsi kimi məsələlər xüsusi yer tutur. Bu, hüquqların daha etibarlı təminatı baxımından önəmlidir. Konstitusiya islahatları həm də ölkəmizin demokratik inkişafına xidmət edir. Bütövlükdə, Konstitusiya dəyişiklikləri ölkədə həyata keçirilən hərtərəfli islahatların mahiyyətindən irəli gəlir. Bu islahatlar Azərbaycan xalqının firavan gələcəyinə xidmət edir. Ona görə də seçicilər görüşlər zamanı bu dəyişikliklərə öz müsbət münasibətlərini ifadə edir, islahatların xalqın və dövlətin maraqlarına xidmət etdiyini əminliklə söyləyirlər".

Görüşdə iştirak edən seçicilər referendumda fəallıq göstərəcəklərini, əlavə və dəyişikliklərə "HƏ" deyəcəklərini bildiriblər. Diqqətə çatdırılıb ki, ölkəmiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, həyata keçirilən bütün tədbirlər vətəndaşların sosial rifahının daha da yaxşılaşmasında müstəsna rol oynayır. Ona görə də seçicilər islahatların və inkişafın davamlı olması üçün Referendum Aktına "HƏ" deyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB