"Yerli" Proqramı onlayn platforma vasitəsi ilə ARGTMŞ-ın üzv təşkilatlarının əməkdaşlıq üçün müraciətlərini qəbul edir. SİA-nın məlumatına görə, "Yerli" Kənd Gənclərinin İnkişafı Proqramı çərçivəsində yerli.nayora.az portalı vasitə ilə ARGTMŞ-ın üzv təşkilatlarının əməkdaşlıq üçün müraciətləri qəbul olunur.
Yerli.nayora.az portalı vasitəsi ilə qəbul olunan müraciətlər proqramın işçi qrupu tərəfindən dəyərləndirildikdən sonra müraciət edən üzv təşkilat nümayəndələri ilə əməkdaşlıq müqaviləsi bağlanılır. Bu müqavilə əsasında ARGTMŞ-la əməkdaşlıq çərçivəsində üzv təşkilatların cari fəaliyyətlərinin Azərbaycanın kəndlərində keçirilməsinə şərait yaradılır. ARGTMŞ-ın üzv təşkilatları onlara verilmiş xüsusi kod vasitəsi ilə yerli.nayora.az portalında öz şəxsi kabinetilərinə daxil olaraq layihənin təsvirini yükləyib müraciət edə bilərlər. Qeyd edək ki, təşkilatlar əlavə suallar yarandığı təqdirdə öz suallarını ARGTMŞ-ın katibliyinə ünvanlaya bilər. "Yerli" Kənd Gənclərinin İnkişafı Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov sözlərinə görə, cənab prezident İlham Əliyevin 2015-ci ili "Kənd təsərrüfatı ili" elan etməsi kənd gənclərinin inkişafı istiqamətində işlər aparılmasının zəruri olduğunu göstərir. "Milli Şura vahid gənclər platforması olaraq Azərbaycanın bütün bölgələrində yaşayan gənclərin inkişafını qarşıya məqsəd qoyaraq bu istiqamətdə aparılan gənclər siyasətinə öz tövhəsini verməyə davam edir. "Yerli" Kənd Gənclərinin İnkişafı Proqramı çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirləri ölkənin müxtəlif bölgələrini və ucqar kəndlərini əhatə edərək yüzlərlə gəncin şəxsi və peşəkar inkişafına dəstək olub və bundan sonra olacaq".
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 2015-ci ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Azərbaycan: 2020 Gələcəyə Baxış" İnkişaf Konsepsiyası, "2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası"nın prioritetlərinə uyğun olaraq Azərbaycanda ilk dəfə həyata keçirilən "Yerli" Kənd Gənclərinin İnkişaf Proqramı start verib. Proqram çərçivəsində bu günə qədər həyata keçirilən maarifləndirmə tədbirləri Bakı şəhərinin Qaradağ, Suraxanı, Sabunçu, Xəzər rayonlarında, Ağdam rayonunun Quzanlı, Beyləqan rayonunun Dünyamallar, İsmayıllı rayonunun Kürdmaşı, Quba rayonunun Qımılqışlaq, Lənkəran rayonunun Separadi, Sabirabad rayonunun Nərimanabad, Nərimankənd, Ucalı və Mursalı, Saatlı rayonunun Qaracalar, Astara rayonunun Ərçivan, Oğuz rayonunun Bucaq, Şəki rayonunun Kiş və Baş Küngüt, Samux rayonunun İnstitut, Biləsuvar rayonunun Aşağı Cürəli və İsmətli kənd və qəsəbələrindən 450-dən çox gəncin iştirakı ilə baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB