Bu gün Bakı ağır cinayətlərə dair məhkəmədə ötən il Xətai rayonu, Zığ yolu küçəsi 16 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı hakim Eldar İsmayılovun sədrliyi ilə məhkəmə iclası keçirilib. SİA xəbər verir ki, öncə hakim məhkəmə iclasında 9 nəfər zərərçəkmişin iştirak etdiyini bildirib. Zərərşəkmişlər hüquqları barədə məlumatlandırılıblar. Sonra məhkəmə iclasında zərərçəkmiş vətəndaşların çıxışları dinlənilib.
Zərərçəkmiş Cəvahir Cabbarlı bildirib ki, yanğın baş verdiyi zaman evdə olmasa da, yolda bu barədə xəbər tutub: "Binanın yaxınlığına çatdığım zaman artıq alovun binasın bir hissəsini tutduğunu gördüm. Evdəkilər zamanında binadan çıxmağı bacarıblar".
C.Cabbarlı mənzilinin yanğın nəticəsində yararsız hala düşdüyünü deyərək bildirib ki, yanğın söndürülərkən də məişət əşyalarının çox hissəsi istifadəolunmaz hala düşüb. Lakin sonradan o, dəyən ziyanla bağlı istintaqa siyahı təqdim edib və kompensasiya alaraq, mənzili də təmir edilib. Zərərçəkmiş şikayətinin olmadığını məhkəmə heyətinə bildirib.
Çıxış edən digər zərərçəkmiş Cəlalə Vəliyeva qeyd edib ki, yanğın baş verməmişdən az öncə şəhərdən kirayə qaldığı evə qayıdıb və təzyiqi olduğu üçün yatıb: "Lakin bu vaxt yanğın baş verib. Mən heç nəyi hiss etməmişəm. Bir də gördüm ki, gəlinim məni yerimdən qaldıraraq, qapının çıxışına doğru aparmağa çalışır. O, mənə dedi ki, bina yanır".
Zərərçəkmiş ona dəyən ziyanın ödənildiyini bildirsə də həmin vaxt stress keçirdiyini deyib və mənəvi tərəfdən də zərər çəkdiyini məhkəmə heyətinin nəzərinə çatdırıb.
Hakim Eldar İsmayılov C.Vəliyevaya sual edib:
- Sizə 23 min 205 manat kompensasiya ödənilib. Bu kompensasiya istintaqa təqdim etdiyiniz siyahı əsasında ödənilib. Mənzil də təmir olunubmu?
C.Vəliyeva:
- Bəli, mənzil təmir olunub. Lakin biz indi orada yaşamırıq. Təqsirləndirilən şəxslərdən heç bir şikayətim yoxdur.
Zərərçəkmiş İskəndərov Zülfiqar da öz növbəsində deyib ki, yanğın zamanı evdə olublar: "Birdən gördük ki, dəhliz tüstülənir. Bu zaman evdən çölə çıxdıq və aşağıya endik. Mənzilə dəyən ziyanın siyahısını təqdim etdik və bizə 15 min manat kompensasiya ödənildi. Mənzilimiz də tam şəkildə təmir olunub".
İ.Zülfiqarov heç kimdən şikayətinin olmadığını məhkəmə heyətinə bildirib.
Zərərçəkmişlərin ifadələrindən sonra hakim Eldar İsmayılov digər bir neçə zərərçəkmiş şəxslərin onlara məktublar göndərildiyi halda bugünkü məhkəmə iclasına gəlmədiklərini deyərək, bildirib ki, növbəti məhkəmə iclaslarında onların gəlməsi zəruridir. Bu baxımdan, növbəti iclaslarda zərərçəkmişlərlə yanaşı, şahidlərin də ifadələri dinləniləcək.
Növbəti məhkəmə iclası sentyabrın 20-i, saat 10:30-a təyin olunub.
Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda "TNH" şirkəti tərəfindən fasadında "poliuretan" materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə "TNH" şirkətinin fəaliyyətinə, istehsal etdiyi "poliuretan" məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb. Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən - qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə "TNH" şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.
Hakim Eldar İsmayılov zərərçəkmişlərin ifadələrini dinlədikdən sonra növbəti məhkəmə iclasının vaxtını müəyyən edib. Növbəti iclas sentyabrın 6 səhər saat 10:30-a təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB